“Bu gün region gəncləri paytaxt gənclərindən heç də geridə qalmırlar”
Tarix: 07.05.2013 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Asim Vəliyev: “Gənclərin maarifləndirilməsi istiqamətində
qeyri-formal təhsil metodu böyük önəmə malikdir”


“Gənclərin Töhfəsi” İctimai Birliyi 13 dekabr 2009-cu ildə təsis edilib və 29 yanvar 2010-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. 2012-ci ildən Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası və Milli QHT Forumunun üzvüdür.
- Asim müəllim, “Gənclərin Töhfəsi” İctimai Birliyinin fəaliyyət istiqamətləri hansılardır?
- Təşkilat yarandığı gündən əsasən gənclər arasında milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik ruhunun yüksəldiməsinin, ideoloji prinsiplərimizin təbliği və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində fəaliyyət göstərib.
Biz hər il mütəmadi olaraq, “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır!” devizi altında hərbi vətənpərvərlik düşərgələri təşkil edirik. Məqsəd çağırışyaşlı və hərbi xidmətdə olmayan gəncləri həmin şəraitə adaptasiya etməkdir. İcrasına 2010-cu ildən başladığımız “Gerçəyin özü” adlı layihə çərçivəsində erməni millətçilərinin iç üzünü ifşa etmək məqsədilə elmi-praktik konfranslar, Quba soyqırımı məzarlığına ziyarətlər və erməni vəhşiliklərini əks etdirən fotolardan ibarət sərgilər təşkil edirik. “Tariximizə səyahət” layihəsi çərçivəsində gənclərimizə milli-mədəni irsimizi təbliğ etmək məqsədilə tarixi abidələrimizə ekskursiyalar təşkil edirik. Bundan əlavə, birliyin Səhiyyə departamentinin təşkilatçılığı ilə hər il talassemiyalı uşaqlar üçün qanvermə aksiyaları təşkil edirik. 2011-ci ildə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə “Məni axtarın” adlı girov götürülmüş uşaqlara həsr olunan sənədli film çəkmişik. Hazırda regionlarda Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində “İctimai yerlərdə əyani vasitələrlə dövlət rəmzlərinin təbliği işi” layihəsini icra edirik. Layihə çərçivəsində gənclər arasında dövlət rəmzlərimizin təbliğinə dəstək olmaq məqsədilə “Mənim qüdrətli dövlətim” adlı kitab və maarifləndirici bukletlər nəşr edilərək region gəncləri arasında paylanır. Bu ay Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında qan donorluğu könüllülüyünün təbliği” layihəsinin icrasına başlamışıq.
Birlik 22 dekabr 2010-cu ildə Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin asudə vaxtının səmərəli təşkili, hərbi vətənpərvərlik düşərgələrinin yüksək səviyyədə hazırlanmasında göstərdiyi xidmətlərə görə “Yaxşıların yaxşısı-2010” mükafatına layiq görülüb.
20 dekabr 2012-ci ildə “Gənclərin Töhfəsi” İctimai Birliyi “İlin ən yaxşı qeyri-hökumət təşkilatı-Yaxşıların yaxşısı 2012” mükafatına layiq görülüb.
-Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Gənclik böyük qüvvədir. Azərbaycan gəncliyinə dövlət tərəfindən xüsusi diqqət və qayğı günbəgün artmaqda davam edir. Bu gün ölkədə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti mövcuddur və həmin siyasətin əsas istiqaməti ölkədə elmə, təhsilə diqqətin artırılmasına yönəldilib. Hazırda gənclərimizin beynəlxalq tədbirlərdə yüksək fəallıq göstərməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırması yüksək qiymətləndirilir. Məhz bu siyasətin nəticəsidir ki, gənclərimiz cəmiyyət həyatında bütün sahələrdə fəallıq göstərirlər. Bir gənc kimi ölkə başçısı tərəfindən gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirirəm. Eyni zamanda onu demək istərdim ki, bu gün Azərbaycanda bütün sahələrdə inkişaf gedir və burada gənclərin rolu çox böyükdür.
-Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Müasir zəmanəmizin gəncləri çox aktivdir. Bu da təbii ki, xoşagələn və fəxr ediləsi haldır. Bu gün istər təhsilimizdə, istər idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial-iqtisadi həyatda yetərincə aktiv fəaliyyət göstərən, savadlı, yüksək intellektual dünyagörüşünə, dərin biliyə malik gənclər var. Bu gün gənclərimiz parlamentdə, bələdiyyələrdə və digər dövlət qurumlarında təmsil olunurlar. Gəncliyi və gəncləri sağlam olan dövlət həmişə cavandır.
-Region gəncləri hansı ictimai-siyasi fəallıq göstəririlər?
- Bu gün region gəncləri paytaxt gənclərindən heç də geridə qalmırlar. Artıq regionlarda gənclər təşkilatlarının yaranması və ictimai işə marağı get-gedə artmaqdadır.
- Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?
- Çox üzücü bir haldır ki, ölkəmizdə bəzi gənclər ölkədə aparılan gənclər siyasətindən geridə qalırlar və bəzi antimilli qüvvələrin təsiri altına düşərək dövlət əleyhinə çağırışlarda iştirak etməyə cəhd edirlər. Bu təəssüf doğuran bir haldır. Onlardan hansısa bir vasitə kimi istifadə edirlər. Həmin gəncləri ölkədə gedən islahatlara cəlb etmək lazımdır ki, onlar ölkəmizdə gedən inkişafı görə bilsinlər. Belə olan halda onlar mənfi qüvvələrin əlində alətə çevrilməyəcəklər. Bizim Dağlıq Qarabağ kimi problemimiz var və hər bir gənc ölkə başçısının ətrafında birləşərək bu problemin həllinə çalışmalıdır. Bu yolda əlimizdən gələni əsirgəməməliyik.
-Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
- Gənclərlə iş prezidentimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Məhz 2011-ci ildə qəbul edilən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti gənclərə olan diqqət və qayğının bariz nümunəsidir. Gənclərin dünyanın ən qabaqcıl universitetlərində təhsil almaları, məşğulluqları ilə bağlı problemlərin həlli və s. istiqamətlərdə mühüm işlər görülür. Bildiyiniz kimi, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı gənclərin mənzil problemlərinin həlli üçün ipoteka kreditləşməsi mexanizminin təkmilləşdirilməsi məsələsini gündəmə gətirmişdi. Əminəm ki, gənclərimiz dövlət başçısının tapşırığı ilə ayrılmış ipoteka kreditlərindən istifadə edərək mənzil şəraitlərini yaxşılaşdıracaqlar.
- Azərbaycan gəncliyi bu qayğının cavabını öz əməli fəaliyyəti ilə verə bilirmi?
- Əmin olun ki, Azərbaycan gəncliyi bu qayğının cavabını öz əməli fəaliyyəti ilə layiqincə verir. Azərbaycan gəncliyinin beynəlxalq arenada, təşkilatlarda çox aktiv, bacarıqlı, ləyaqətli şəkildə ölkəmizi təmsil etməsi, idmançılarımızın beynəlxalq idman tədbirlərində medallarla ölkəmizə qayıtması fəxr ediləsi haldır.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Mən düşünürəm ki, gənclərin maarifləndirilməsi istiqamətində qeyri-formal təhsil metodu böyük önəmə malikdir. Demək olar ki, bu təhsil forması artıq həyatımızın hər bir yerində özünü göstərməkdədir. Məktəblərdə, universitetlərdə, şirkətlərdə və s. Bu təhsil forması beynəlxalq təşkilatların artıq təhsil siyasətinin bir hissəsidir. Bildiyiniz kimi, bu formaya uyğun olan fəaliyyətlərə interaktiv seminarlar, görüşlər, təlimləri göstərmək olar. Gənclərin ictimai işə marağını KİV-lər vasitəsilə artırmaq daha məqsədəuyğun olar. TV proqramlarında vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə daha geniş yer verməklə gənclərimizi könüllü ictimai fəaliyyətə daha yaxşı cəlb etmək olar.
Birlik olaraq gənclərimizə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərimizin və sağlam həyat tərzinin təbliği istiqamətində bir çox tədbirlər görürük. Hərbi vətənpərvərlik düşərgələri, qanvermə aksiyaları, xeyriyyə tədbirləri, sərgilər, konfranslar, dəyirmi masalar, təlimlər təşkil edirik. İctimai Birliyin gələcək fəaliyyət planı da genişdir. Birlik xalqımıza yaxın olmaq, onların problemlərinin həllində dövlətə dəstək olmaq, əhali arasında vətənpərvərlik hissini aşılamaq, zərərli vərdişlərlə mübarizə aparmaq, uşaqların və gənclərin maarifləndirilməsinə xidmət etmək, gənclərin asudə vaxtının daha səmərəli təşkili və s. bu kimi işlər görmək arzusundadır. Ən əsası bu kimi tədbirləri regionlarda həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq.
Fuad HÜSEYNZADƏ







 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info