Böyük nüfuza malik olan elm xadimi - Baba Nemətullah Naxçıvani
Tarix: 26.09.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Türkiyənin Konya vilayətinin Ağşəhər qəsəbəsində qəbri ziyarət edilən, hörmət və izzətlə anılan Baba Nemətullah Naxçıvani qardaş ölkədə böyük nüfuza malik elm xadimlərindəndir. Təsadüfi deyil ki, 2013-cü il avqustun 23-də Konya valiliyinin təşəbbüsü ilə Ağşəhər bələdiyyəsi tərəfindən ayrılan ərazidə tikilən məktəbə Baba Nemətullah Naxçıvaninin adı verilib. Bu, insanların diqqətini qədim Naxçıvana yönəltməklə bərabər, Nemətullah Naxçıvaninin həyat və yaradıcılığının öyrənilməsində yeni cığır açıb.
Bu faktları AZƏRTAC-a müsahibəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşı Nərgiz İsmayılova deyib.
Onun sözlərinə görə, qədim Naxçıvan torpağının yetişdirdiyi elm xadimlərindən olan Baba Nemətullah Naxçıvani Naxçıvanda anadan olub. Bu böyük alimin həyatı haqqında çox az məlumat var. Qaynaqlarda onun Ağqoyunlu hökmdarı Uzun Həsən dövründə təhsil aldığı, Sultan Yaqubun dövründə isə Naxçıvan mədrəsələrində müəllimlik etdiyi qeyd olunub. Mənbələrdə Baba Nemətullah Naxçıvanidən Şeyx Əlvan, Ulvanəl Ağşəhri, Nemətullah Baba, Nemətullah Sultan, Baba Nemət, Baba Naxçıvani kimi bəhs edilir (o dövrdə dərvişlər türk xalqları arasında “baba” və “dədə” adları ilə bilinirdi). Həyatının çox hissəsini Naxçıvanda keçirən Naxçıvani yaşadığı dövrün görkəmli alimlərindən dərs alıb, dünyəvi elmlərə dərindən bələd olub, sonra isə təsəvvüfə yönəlib. O, yaşadığı dövrdə bir sıra dəyərli alimlərlə tanış olub, onlardan xeyir-dua alıb. Özünəməxsus biliyi və dərin mənəvi keyfiyyətləri ilə məşhurlaşan Baba Nemətullah Naxçıvani Türkiyəyə gedib, Ağşəhərdə yaşamağa başlayıb.
“Nemətullah Naxçıvaninin yazdığı əsərlər əxlaq, fəzilət, elm və ürfan nümunəsi kimi məşhurlaşıb, ona xalqın rəğbətini, məhəbbətini qazandırıb. Zahiri və batini elmlərdə çox yüksək biliyə malik Naxçıvani mənəvi elmlərdəki dərin biliyi ilə təsəvvüfdə ilahi sirlər dənizinə vaqif olanlardandır”, - deyən Nərgiz İsmayılova qeyd edib ki, professorlar Fəxrəddin Səfərli və Məmməd Rzayev öz məqalələrində onun fəlsəfi görüşlərindən bəhs edib, həyat və yaradıcılığı haqqında maraqlı faktlar irəli sürüblər. Əhməd Faruq Güney də elmi əsərlərində Nemətullah Naxçıvanini məşhurlaşdıran təfsirlərindən bəhs edib. Əhməd Faruq Güney öz araşdırmasında Nemətullah Naxçıvaninin həyatı, yaradıcılığı və naxçıvanlı olması haqqında məlumat verib. Baba Naxçıvani 1514-cü ildə Ağşəhərdə vəfat edib. Osmanlı sultanlarından III Murad 1584-cü ildə onun qəbrinin olduğu yerdə “Əvkafi-zaviyə Baba Nemətullah Naxçıvani” adında bir vəqf yaradıb.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı bildirib ki, Naxçıvaninin qəbri Konya bölgəsinə bağlı Ağşəhər dərəsinin yuxarı hissəsində, Baştəkkə yolu üzərindədir. Məzarı 1852-ci, 1889-cu və 1995-ci illərdə bərpa olunub. Baba Naxçıvaninin “əl-Fəvatihul-ilahiyyə vəl məfatihul-qeybiyyə əl-muzihatu lil-kəlimil-Quraniyyə vəl-hukəmil-Furkaniyyə” adlı təfsir kitabı Naxçıvaniyə şöhrət qazandıran əsərlərindəndir. Bu əsər İslam ədəbiyyatında “Qurani-Kərim”i təsəvvüfi üsulla təfsir edən ilk əsər sayılır. Əsər o dövrdə çox məşhurlaşıb. Baba Naxçıvaninin öz əli ilə yazdığı nüsxənin ikinci cildi Türkiyədəki Topqapı Sarayının III Əhməd kitabxanasında saxlanılır.
Onun yazdığı “Şərhi-əsrarin-nöqtə”, “Hidayətül-ixvan”, “Təhqiqat”, “Vücudiyyə”, “Məcmuai-lətaif”, “Hidayə”, “Nikat”, “Mükaşəfə”, “Əsilə vəl əcibə” və sair kimi əsərləri də çox qiymətli yaradıcılıq nümunələridir.
Həmin dövrdə ziyalıların öz aralarında pul toplayaraq Naxçıvaninin əsərlərini nəşr etdirdiklərini qeyd edən Nərgiz İsmayılova vurğulayıb ki, həmin əsərlər bir çox alim tərəfindən maraqla qarşılanıb, araşdırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info