“İqtisadiyyatda islahatlar bəhrəsini verməkdədir”
Tarix: 26.09.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Vüsal Qasımlı: “Ən böyük uğurlar kimi tədiyə balansında müsbət dəyişiklik, manatın sabitliyi, strateji valyuta ehtiyatlarının artması, həmçinin biznesin və ev təsərrüfatlarının gözləntilərinin müsbətə doğru dəyişməsi qeyd edilə bilər”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə "Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər" mövzusunda dəyirmi masa təşkil edib. Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov "Azərbaycanda iqtisadi islahatlar və kadr potensialının formalaşdırılması: proses və nəticə" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, bu ilin martında BMT-nin və may ayında isə Dünya Bankının dərc etdirdiyi hesabatlarda əksini tapan innovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə Azərbaycan hazırda dünya liderləri sırasındadır. Dövlət İdarəçilik Akademiyasında bakalavr, magistr və doktorantlarla yanaşı, dövlət qulluqçularının hazırlanmasının həyata keçirildiyini deyən rektor diqqətə çatdırıb ki, ötən il 1600-dən çox dövlət qulluqçusu akademiyada təlim keçib. Bu təlimlərin keçirilməsində akademiyanın professor-müəllim heyəti ilə yanaşı, Prezident Administrasiyasının yüksək rütbəli dövlət məmurları, nazirlər, dövlət komitələrinin sədrləri, görkəmli alim və ziyalılar iştirak edirlər. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə dövlət qulluqçuları üçün yeni təlimlər təşkil edəcəyik. Bu, olduqca vacibdir. Hesab edirəm ki, Dövlət İdarəçilik Akademiyası Azərbaycanın kadr potensialının möhkəmləndirilməsində müstəsna rol oynayır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatların, yenidənqurma və quruculuq işlərinin ciddi nəticələr verdiyini qeyd edib. Vurğulayıb ki, ölkəmizdə iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatında islahatlar bəhrəsini verməkdədir: "İslahatların bu il ən böyük uğurları kimi tədiyə balansında müsbət dəyişiklik, manatın sabitliyi, strateji valyuta ehtiyatlarının artması, həmçinin biznesin və ev təsərrüfatlarının gözləntilərinin müsbətə doğru dəyişməsi qeyd edilə bilər”. İcraçı direktor deyib ki, "Doing Business" indeksinin 9 alt indikatoru üzrə islahatlar davam edəcək. "Doing Business" hesabatı üzrə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılması ilə bağlı 2017-2018-ci illər üzrə Tədbirlər Planı çərçivəsində atılacaq addımlar sırasında əsasən tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənişi, sərhəddə ticarət, müqavilələrin icrasının təmin edilməsi, müəssisələrin bağlanması istiqamətində islahat tədbirlərinə xüsusi yer verilib. Yaradılacaq "Kredit Zəmanət Fondun"dan danışan V.Qasımlı bildirib ki, fondun yaradılması ilə kredit resurslarına çıxış asanlaşacaq və iqtisadiyyatın maliyyələşməsi artacaq. Ümumilikdə strateji yol xəritələrinin icrası iqtisadiyyatın yeni inkişaf mərhələsinə öz müsbət təsirini göstərir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib, sahibkarlığın inkişafı istiqamətində bir sıra önəmli addımlar atılıb, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaradıb. Tədbirdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbə heyəti iştirak edib.
Anar