“Turizm sənayesində 46 min nəfərdən çox insan çalışır”
Tarix: 27.09.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


“Bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min nəfər turist gəlib və onlar ölkəmizdə 1 milyon 300 min manat vəsait xərcləyib”

Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin ölkəmizdəki sürətli inkişafından danışıb. Bu inkişafın Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını söyləyən nazir son illər bu istiqamətdə görülən işlərdən, qəbul olunan dövlət proqramlarından, imzalanan fərman və sərəncamlardan, bu sahədə reallaşan layihələrdən söz açıb.
Nazir deyib ki, bu gün turizm ölkənin ən gəlirli sahələrindən hesab olunur: “Əminliklə deyə bilərik ki, bu sahə birbaşa Prezident İlham Əliyevin diqqətindədir. Təsadüfi deyil ki, ölkəmizin turizm sənayesində 46 min insan çalışır. Bu əməkdaşlar Azərbaycanın turizm sənayesinə öz layiqli töhfələrini verirlər. Son zamanlar Azərbaycana gələn əcnəbilərin sayında artım müşahidə olunur. Bu gün Bakıda müxtəlif dövlətləri təmsil edən turistlərin mövcudluğu ölkəmizə turist axınından xəbər verir. Azərbaycan stabil ölkədir, qonaqpərvər ölkədir. Burada turistlərin yaşaması üçün hər bir şərait mövcuddur. 2016-cı ildə ölkəmizə 2 milyon 248 min turist gəlib. Bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min nəfər turist gəlib. İlk yeddi ayda bank əməliyyatları 97 faiz artaraq 703 milyondan çox olub. Bu da ötən illə nisbətdə iki dəfə artım deməkdir”. Azərbaycan Uzaq Şərqdən gələn turistlərin sayında artım gözləyir. Ə.Qarayev deyib ki, Çinin turizm şirkətlərinin Azərbaycana marağı var: "Amma çinli turistlər fərqlidir. Onları qarşılamağa başqa mühit lazımdır. Onları peşəkar şirkətlər qəbul edə bilər".
Ölkədə mehmanxana və otellərin göstərdiyi xidmətlərdən bəhs edən Ə.Qarayev söyləyib ki, Azərbaycanda bu gün 563 otel fəaliyyət göstərir.


Restoranlarda yerli və xarici olmasından asılı olmayaraq, hər kəsə bir menyu əsasında qiymətlər təqdim edilməlidir

Nazir onu da qeyd edib ki, restoranlara gələn insanların yerli sakin və xarici olmasından asılı olmayaraq, bir menyu əsasında qiymətlər olmalıdır. Bunu etməyənlərə qarşı müvafiq orqanlar tərəfindən tədbirlər görülməlidir. Nazir yol kənarlarında müasir sanitar qovşaqlarının olmamasına da münasibət bildirərək deyib ki, yol kənarlarında yeni, müasir tipli restoranlar yaradılıb: "Azəravtoyol"la danışıqlar aparılıb. Yolboyu bir necə yerdə mədəni xidmətlərin, o cümlədən sanitar qovşaqların yaradılması müzakirə edilib. Bunun mərkəzləşdirilmiş şəkildə olması plan kimi qarşımızda durub. Eyni zamanda, sahibkarlar da bunu fikirləşməlidirlər".
Ə.Qarayev deyib ki, bu gün Azərbaycan mövcud baza ilə 3-3,5 milyon turisti qəbul edə bilər: "Amma yeni tədbirlərin keçirilməsi ilə bu imkanlar genişləndirilməlidir".
Nazirin sözlərinə görə, yerləşdirmə obyektlərində işləyənlərin də təkmilləşdirilməsi vacibdir. Nazir qeyd edib ki, turistlərin axını ilə bağlı müxtəlif fikirlər dolaşır: “Deyirlər ki, onlar özlərini apara bilmirlər. Ancaq gərək insanlar gəlib Azərbaycana görsünlər. Onların bizə xoş davranış nümayiş etdirməsi üçün gərək insanlar da onlara mədəniyyətimizi öyrətsinlər". Onun sözlərinə görə, turistlərin davranışları ilə bağlı bütün insanlar birgə çalışmalıdırlar: "Bütün insanlara üzümü tuturam, qonaqpərvərlik kifayət qədər mürəkkəb anlayışdır. Əgər, biz istəyiriksə, bizi tanısınlar, bu yolda müəyyən işlər görülməlidir".

Bakı Şopinq Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək

Ə. Qarayevin sözlərinə görə, bu gün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin icrasından irəli gələn tapşırıqlar lazımi səviyyədə yerinə yetirilir. Ölkəmizdə reallaşacaq ikinci Bakı Şopinq Festivalından danışan nazir vurğulayıb ki, sözügedən festivalın oktyabrın 15-dən noyabrın 15-dək keçirilməsi nəzərdə tutulur: “Bu dəfə də festivalda paytaxt sakinləri və şəhərimizin qonaqları üçün bir ay müddətində müvafiq şou-proqramlarla yanaşı, müxtəlif satış-yarmarkaları təşkil ediləcək. Bu dəfə də festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngindir. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də, ticarət potensialını əks etdirəcək festival ilk günündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb olacaq. Dünyanın bir çox ölkəsindən turistlərin və alıcıların diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün unudulmaz və səmərəli anlarla yadda qalacaq. Həm ziyarət, həm ticarət ənənəsində növbəti dəfə də yeniliklər olacaq”.

“Bu il istədiyimiz qədər yay çimərlik xidmətlərinin artırılmasına nail ola bilmədik”

Turizm sənayesi sahəsində müəyyən problemlərin olduğuna toxunan nazir deyib: “Bu sahədə bir çox həll olunası məsələlər var. Belə ki, bu il istədiyimiz qədər yay çimərlik xidmətlərinin artırılmasına nail ola bilmədik. Lakin bu istiqamətdə işlər davam etdirilir. Ümid edirəm ki, gələn il bu istiqamətdə irəliləyişə nail olacağıq. Bununla yanaşı, marketik və təbliğat işləri davam etdirilir”.
Nazir bildirib ki, Milli Turizm Təbliğat Bürosu bu istiqamətdə fəaliyyətini davam etdirir. Büronun Bakı və regionlarda portalları fəaliyyətə başlayıb. Bu qurum işini maraqlı layihələr əsasında qurub. Bizim qarşımızda duran əsas məsələ turizm haqqında qanunun qəbul edilməsidir. Dövlətimiz bu istiqamətdə keyfiyyəti əsas prioritet istiqamətlərdən sayır. Keyfiyyət kriteriyaları işlənilir, eyni zamanda, reyestr sisteminin hazırlanması üçün də işlər görülür.
Sonra Prezidentin müvafiq sərəncamı əsasında Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilən bir qrup turizm sənayesi işçilərinə medallar təqdim edilib.

Bakıda "Beynəlxalq Turizm Günü" festivalı keçirilib

27 sentyabr - Ümumdünya Turizm Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız qalası meydanında “Beynəlxalq Turizm Günü” adlı festival keçirilib. Festivalda İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya, Yunanıstan, Polşa və digər ölkə səfirliklərinin nümayəndələri iştirak edib. Festivalda iştirak edən ölkələr öz stendlərində ölkələrinin mədəniyyəti, mətbəxi və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı məlumatlar verib, suvenirlər nümayiş etdiriblər. Festivalda iştirak edən hər kəs həmin ölkələrin bələdçi xəritələri, ölkədə təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlərlə də tanış olublar.
Festivalın keçirilməsində əsas məqsəd mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdən ibarətdir. Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatının Baş Qərargahı tərəfindən 1979-cu ildə təsis edilən Ümumdünya Turizm Günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info