Azərbaycan ictimaiyyəti Türkiyədən Qarabağa səfər edən vətəndaşları ilə bağlı ciddi tədbirlər görülməsini gözləyir
Tarix: 29.09.2017 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Bir qrup türkiyəli jurnalist və siyasətçinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etməsi ölkəmizdə birmənalı qarşılanmayıb, bu xəbər cəmiyyətimizin bütün təbəqələrində ciddi etiraza səbəb olub. Xatırladaq ki, səfər sentyabrın 22-də baş tutub və “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa səfər edən qrup üzvləri antiazərbaycan və antitürkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər. Qrupa isə Türkiyənin tanınmış simalarından Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu qatılıb.
Əvvəla sual yaranır ki, necə olur ki, adıçəkilən bu adamlar “Qərbi Ermənistan Konqresi” adlanan bir təşkilatın belə bir provakasiyasına qoşulur? Axı, bu adın özü elə çox şeydən xəbər verir. Belə bir ad təsadüfdən seçilibmi? Adın özü belə, Türkiyəyə xəyanətdir. Çünki ermənilər həmişə “Qərbi Ermənistan” deyəndə Türkiyənin şərq ərazilərini nəzərdə tutublar. Ağrı dağı özlərinə rəmz seçən bu xalqın iddiaları hamıya bəllidir. İndiki halda belə bir adla fəaliyyət göstərən təşkilatın Türkiyədən bir qrup ziyalının işğal olunmuş ərazilərimizə səfərini təşkil etməsi Azərbaycan ictimaiyyətində təəccüb, böyük narahatlıq və hiddətlə qarşılanmaya bilməzdi.
Bu qrupun Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfər etməsi Türkiyə ilə Azərbaycan arasındakı mövcud nümunəvi əlaqələrin ruhuna zidd olmaqla yanaşı, Azərbaycan üçün ümummilli həssaslığa malik məsələlərə Türkiyə hökumətinin etinasız yanaşması haqqında qənaət formalaşdırır. Ümumiyyətlə, əvvəllər bu cür təxribatçı əməlləri, arxadan vurulan zərbələri, erməni lobbisinin güclü olduğu ölkələrdən görürdük. İndiki halda qardaş ölkədən belə səfərin rahat şəkildə təşkil edilməsi bizi narahat etməyə bilməzdi. Axı, onlar işğal olunmuş ərazilərə türkiyəli siyasətçilər kimi səfər edirlər. Axı, biz heç vaxt Türkiyənin dövlət maraqlarına zidd addımlar atmamışıq, əksinə, Kipr məsələsində hələ uzun illər əvvəl prinsipial mövqe sərgiləmişik. Nəinki Kipr və digər prinsipial siyasi məsələlərdə Türkiyə hökumətinin yanında olmuşuq, biz Türkiyə xalqını qıcıqlandıracaq səhvlərə də yol verməmişik. Qardaş xalq üçün həssaslıq daşıyan bütün məsələlərdə Azərbaycan daim öz dəstəyini əsirgəməyib.
Qısa bir xatırlatma edək... Son dövrlərin Türkiyə tarixinin ən böyük hadisəsi sayılan, 2015-ci ilin iyul ayında qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd zamanı və ondan sonrakı proseslərdə Azərbaycan, sözün həqiqi mənasında, qardaşcasına davrandı! Hərbi çevrilişə cəhd olunan zaman Azərbaycan Prezidenti öz qəti mövqeyini ortaya qoydu, qardaş Türkiyəyə və dövlət başçısına öz qəti dəstəyini ifadə etdi. Digər türkdilli ölkələrdən fərqli olaraq, Azərbaycan Türkiyə dövləti ilə tam həmrəylik nümayiş etdirdi, “FETO” şəbəkəsinin üzvlərinə qarşı ciddi tədbirlər gördü və bunun da nəticəsi olaraq ölkədə “FETO”-çuların fəaliyyətinə birdəfəlik son qoyuldu. Azərbaycanda nəinki “FETÖ”nün təsiri altında olan lisey- məktəblər bağlandı, “FETO”-çuların nüfuz etdiyi hər yerdə “təmizlik” işləri aparıldı, hətta sözügedən şəbəkəyə aidiyyəti olan bir qrup şəxs belə, cəzalandırıldı. Hələ bununla bağlı həmin dövrdə Türkiyə rəsmilərinin ən yüksək səviyyədə verdikləri açıqlamaları bir kənara qoyaraq, qardaş ölkənin Azərbaycandakı səfirinin bu ilin iyul ayında səsləndirdiyi fikirləri bir daha xatırlamaq yerinə düşərdi: “FETÖ” ilə mübarizədə Azərbaycan Türkiyəyə dəstək verən ölkələrin başında durur". Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın hadisələr zamanı Azərbaycanın dəstəyi ilə bağlı xüsusi xatırlatması da yerinə düşər: "Ötən il iyulun 15-də hərbi çevrilişə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəmizə dəstək verənlərdən biri cənab İlham Əliyev olub. Azərbaycan Prezidentinə və xalqına bu dəstəyə görə təşəkkürümüzü bildiririk". E.Özoral vurğulamışdı ki, Türkiyə xaricində də “FETÖ”ya qarşı layiqli mübarizə aparılır. Azərbaycan isə bu mübarizədə daim Türkiyəyə dəstək verib.
Azərbaycan nəinki bu məsələdə, ümumiyyətlə, bütün məsələlərdə Türkiyənin yanında olub, qardaş ölkədən öz dəstəyini əsirgəməyib. Bizə bağlı siyasətçilərin Türkiyə üçün mühüm əhəmiyyətə malik olan siyasi məsələlərdə yanlış addım atması isə ağır cəzalara səbəb ola bilər. Ən azından güclü ictimai qınaqdan qorxub, belə addımlar atmazlar... Hazırda biz də qardaş ölkədən bunu gözləyirik. Bu addım hansısa siyasətçilərin şəxsi təşəbbüsü deyil, gələcəkdə pis bir tendensiyaya çevrilə biləcək səfərlərin təməli ola bilər. Ümumiyyətlə isə bu qrupun Dağlıq Qarabağa səfər etməsinin “şəxsi təşəbbüs” adlandırılması bu mənfur əmələ bəraət qazandırmaqdan başqa bir şey deyil.
Bir qədər ironiyalı səslənsə də hərbi çevrilişə cəhd zaman qırıcı təyyarələrin, tankların, ağır silahlarla silahlanmış əsgərlərin hücumlarının qarşısını müvəffəqiyyətlə almağı bacaran Türkiyə dövləti bir qrup ziyalısının Azərbaycanın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etməsinin qarşısını almaqda acizdirmi? Yaxud da onların cəzalandırılması elə çətindirmi?
Digər diqqətçəkən məqam odur ki, işğal olunmuş ərazilərə yollandığı üçün Azərbaycan XİN tərəfindən “qara siyahıya” düşməkdən çəkinib-çəkinməməsi barədə erməni jurnalistin sualına Ufuk Uras özündən razı şəkildə cavab verib: “İslanmışın yağışdan nə qorxusu?”. Bu cür cavabın özü belə, onun Türkiyə dövlətindən cəza almayacağına əminliyinin ifadəsi kimi də qəbul olunur. Türkiyə artıq bu cür, hansısa maraqlar naminə xəyanət yolunu seçən siyasətbazları kəskin şəkildə cəzalandırmalıdır.
Maraqlıdır, görəsən, Azərbaycan ziyalılarından ibarət bir qrup Cənubi Kiprə səfər edib, orda bir sıra görüşlər keçirsə və qardaş ölkənin mövqeyinə zidd fikirlər səsləndirsəydi, Türkiyə dövlətinin və ictimaiyyətinin reaksiyası necə olardı? Əslində isə yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Kiprlə bağlı məsələdə daim Türkiyənin yanında olub, hətta bu istiqamətdə yanlış addım atmaq istəyən siyasətçimiz, ziyalımız belə, olmayıb.
Qısası, haqlı olaraq hazırda Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı Türkiyə hökumətindən ciddi tədbirlər görülməsini səbirsizliklə gözləyir.
Türkiyə hökuməti özündə cəsarət tapıb bu xəyanətkarları, satqınları, Türkiyə və Azərbaycanın birliyinə, hər iki ölkənin milli maraqlarına ziyan vuran ünsürləri cəzalandırmalı, ya da ən azından Belarus kimi onları Azərbaycana təhvil verməlidir. Əks təqdirdə, “Yastı Salman”lar və “Yalıncıq”lar komandası hazırlanaraq, bu cür səfərlərin sayını artıra bilərlər!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info