Quram Marxuliya: “Erməni terrorçuları beynəlxalq məhkəmələrdə cavab verməlidirlər”
Tarix: 29.09.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Erməni lobbisinin güclü olduğu ölkələrdən biri də ABŞ-dır. Onlar ABŞ konqresmenlərinin seçki kampaniyalarında külli miqdarda pul xərcləyirlər, sonra da həmin konqresmenlərdən öz məqsədləri üçün istifadə edirlər. Elə ABŞ-ın Miçiqan ştatının senatının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanımasına dair qətnamə qəbul etməsində də erməni lobbisinin əlinin olması şəksizdir. Qeyd edək ki, Azərbaycan XİN ABŞ-ın Miçiqan ştatının senatının qəbul etdiyi bu qətnaməyə münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən olunur. ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.
ABŞ-ın bu mövqeyi sentyabrın 22-də BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurası və ABŞ arasında keçirilmiş görüşdə qəbul edilmiş yekun bəyanatda bir daha öz təsdiqini tapıb. Bəyanatda ABŞ-ın Helsinki Yekun Aktına uyğun olaraq GUAM üzv dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə sadiqliyi bir daha bəyan edilir. Həmçinin GUAM-a üzv dövlətlərin məruz qaldıqları gücdən istifadə təhdidinə münasibətdə narahatlıq ifadə olunur”.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar yolu ilə həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə vermək əvəzinə Ermənistan və ABŞ-dakı erməni lobbisi və onun təsiri altında olan bəzi şəxslər özlərini gülünc vəziyyətinə qoyan bu kimi lüzumsuz fəaliyyətlə məşğul olurlar.

“Ermənistana gedib orada öz ölkəsinin və Azərbaycanın əleyhinə danışan adamları qınayıram”
Belə lüzumsuz fəaliyyət göstərənlər təkcə ABŞ-da deyil, Türkiyədə də var. Belə ki, Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu 22 sentyabr 2017-ci il tarixdə Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz səfər ediblər. Türkiyəli deputat, siyasətçi, eləcə də yazarların Ermənistana və işğal altındakı Azərbaycan torpaqlarına səfərinə kəskin reaksiya veriblər.
APA-nın Türkiyə müxbirinin məlumatına görə, Milliyyətçi Hərəkat Partiyasının İstanbul millət vəkili Atilla Kaya işğalçı Ermənistana səfər edən Türkiyə vətəndaşlarının orada öz ölkəsi və Azərbaycan əleyhinə bəyanatlar verməsini pisləyib.
“Türkiyədə kript erməniləri var. Təəssüf ki, bunlar vətəndaşı olduqları, çörəyini yeyib, suyunu içdikləri ölkəyə xəyanət edirlər. Türk millətinə qarşı həm Anadoluda, həm də qardaş Azərbaycanda soyqırımı həyata keçirən, XXI əsrdə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamağa davam edən Ermənistana gedib, orada öz ölkəsinin və Azərbaycanın əleyhinə danışan adamları qınayıram. Təkrar edirəm, kript erməniləri məsələsi Türkiyə üçün çox narahatedici bir reallıqdır. Gərgin günlər yaşadığımız bu dönəmdə Ermənistana və qardaş Azərbaycanın işğal altındakı torpaqlarına gedərək bizi suçlayan açıqlamalar vermək qəbul edilən deyil”, - deyə o vurğulayıb.
Cumhuriyyet Xalq Partiyasının İstanbul millət vəkili Dursun Çiçek isə Ermənistana və Dağlıq Qarabağa gedərək Türkiyə və Azərbaycanın əleyhinə bəyanatlar verənləri problemli şəxslər adlandırıb: “Onlar keçmişdə Türkiyədə də subyektiv açıqlamalar verərək problemlər yaradıblar. Erməni işğalı altındakı Azərbaycan torpaqlarına getmələri beynəlxalq hüquqa zidd olduğu kimi, orada dedikləri sözləri ciddi qəbul etmək lazım deyil. Onların sözlərinin heç bir qüvvəsi yoxdur. O şəxslərin sözləri köklü tarixi ənənələri olan Türkiyə-Azərbaycan qardaşlığına qətiyyən kölgə sala bilməz, öz şəxsi fikirləridir”.
Vatan Partiyasının sədri Doğu Perinçek isə sözügedən şəxsləri işğalçıları dəstəkləməkdə ittiham edib. “O adamlar Azərbaycanın vətən uğrunda savaşına mane olmaq üçün Ermənistana və işğal olunmuş Azərbaycan torpaqlarına gediblər. Amma cəhdləri boşa çıxacaq, biz qüvvələrimizi birləşdirərək qardaş Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik”.
Bu məsələ Azərbaycan ictimaiyyəti tərəfindən də mənfi qarşılanıb. Millət vəkili Aydın Hüseynov deyib ki, bir qrup Türkiyə vətəndaşının Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfər edərək oradan Azərbaycana qarşı bəyanatlar səsləndirməsi həm də Türkiyənin özü üçün təhqirdir.
Millət vəkili bildirib ki, ermənilər tarixən Türkiyə ilə torpaq davası edib və onlar indi də Türkiyəni qondarma "erməni soyqırımı"nda günahlandırırlar: "Ermənilər Xocalı soyqırımını orada yaşayanların azərbaycanlılar olduğu üçün törətdilər. Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərində keçirilən tədbirə qatılmaları həm Azərbaycan, həm də Türkiyə üçün hörmətsizlikdir. Onların bu addımı başa düşülən deyil. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. İnanırıq ki, Türkiyə bu şəxsləri qısa zaman ərzində Azərbaycana təhvil verəcək".
Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər təşkil etməklə yanaşı, orada dağıdıcı əməllərini də davam etdirirlər. Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Historical and cultural monuments in the occupied territories of Azerbaijan” adlı kitabında bu haqda ətraflı məlumat verilib. Qeyd edək ki, sentyabrın 28-də Tbilisidəki M.F.Axundzadə adına muzeydə bu kitabın təqdimatı olub. Muzeyin elmi işçisi Leyla Əliyeva kitabın əhəmiyyətindən danışıb, azərbaycanlı alimlərin erməni vandalizmi barədə yazdıqları kitab, məqalə və digər yazılı əsərlərin gürcü ictimaiyyəti tərəfindən maraqla qarşılandığını qeyd edib.
Müəllif Faiq İsmayılov çıxışında bildirib ki, AMEA-nın İnsan Hüquqları İnstitutu, Azərbaycan Prezidenti yanında Türkçülüyə Dəstək Fondu, BMT-nin Təhsil və Mədəniyyət Şöbəsi, UNESCO-nun Azərbaycan komissarlığının təşəbbüsü ilə çap edilən kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılan “Azərbaycanın işğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin Elektron Məlumat Bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaqdır” adlı layihə çərçivəsində işıq üzü görüb.
F.İsmayılov kitab haqqında ətraflı məlumat verdikdən sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Vüqar Mustafayev, Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, tarixçi alim, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya, Gürcüstan Memarlar Assosiasiyasının təsisçisi (CEO), “STYLE” jurnalının redaktoru Nino Logidze və başqaları çıxış edərək kitabla bağlı fikirlərini bölüşüb, ermənilərin Qafqazda törətdikləri vəhşiliklərdən bəhs ediblər.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəmizə 819,15 milyard dollar məbləğində ziyan dəyib. Bu məbləğin 177 milyard dolları tarixi və mədəni abidələrə aiddir. İşğal altında olan Azərbaycan ərazilərində dünya mədəniyyəti incilərindən olan 13 abidə, 1200 dövlət və 2500 yerli əhəmiyyətli abidə dağıdılıb, talan edilib.
Bundan başqa, işğal olunmuş ərazilərdə 100 mindən çox eksponatın saxlandığı 26 muzey, 927 kitabxana, 4,6 milyon kitab, 808 klub, 4 teatr, 2 konsert salonu, 8 istirahət və mədəniyyət parkı, 4 incəsənət qalereyası, 85 musiqi məktəbi, minlərlə musiqi aləti və sair qiymətli mal-material dağıdılıb və ya mənimsənilib.
Q.Marxuliya çıxışında bildirib ki, ermənilərin Azərbaycan mədəniyyətinə, incəsənətinə vurduğu ziyan təkcə bununla bitmir. Ermənilərin Azərbaycanda və Gürcüstanda insanlara vurduqları mənəvi-psixoloji zərbəni qiymətləndirmək mümkün deyil. Erməni terrorçuları beynəlxalq məhkəmələrdə cavab verməli, onların barəsində ən ağır cəza tədbiri görülməlidir.
Qeyd olunub ki, dünya ictimaiyyəti bunu dərk etməli, ermənilərin Cənubi Qafqazdakı dağıdıcı, terrorçuluq fəaliyyətini pisləməli və erməni vandalizminə qarşı birgə mübarizə aparmalıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
“Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır“
10.12.2019
“Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qınamaq üçün vahid bir yanaşma yoxdur”
09.12.2019
Erməni işğalı BMT-də ifşa edilib
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Milli qəhrəman ailələri Ümummilli liderin məzarını ziyarət ediblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info