Avropada əməl edilməyən dəyərlər
Tarix: 02.10.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


İspaniyanın ərazi bütövlüyünün sual altında qalması ikili standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin açıq təzahürüdür

Son günlər dünyada ən çox danışılan və narahatlıq doğuran məsələ separatçı meyillərin artması və separatçıların referendum cəhdlərinə demokratik ölkələrin, Qərbin adi yanaşmasıdır. Təsadüfi deyil ki, artıq İspaniya da belə bir səhnəyə şahidlik etdi. Məlum olduğu kimi, oktyabrın 1-də bu ölkənin Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirildi. Hətta keçirilən seçkilərdə bir sıra arzuolunmaz hallar da yaşandı. İspaniyadan ayrılmaq üçün referenduma gedən separatçı vilayətin sakinləri polislə toqquşmalar zamanı zorakılıqla üzləşdilər ki, bu toqquşmalarda da minə yaxın xəsarət alan oldu. Hətta ölkədə ciddi qarşıdurmaların da olması ehtimal edilir. Belə ki, seçkilərə cavab olaraq İspaniyanın paytaxtı Madriddə, Mayor meydanında bu müstəqillik haqqında referendumun əleyhinə nümayiş də keçirilib. Aksiya iştirakçıları "İspaniya vahiddir, heç vaxt parçalanmayacaq", "Kataloniya İspaniyadır", "Kataloniya hakimiyyətinə ölkə konstitusiyasını pozmağa imkan vermək olmaz" kimi şüarlar səsləndiriblər.
Məlum olaylarla bağlı diqqət ediləsi bir neçə məsələ var. Əvvəla, Avropa Birliyi və ümumilikdə bir çox Qərb ölkələri daim insan haqlarının, sərbəst toplanmaq hüququn digər ölkələrdə pozulduğunu iddia edərək özlərində hər şeyin yüksək səviyyədə olduğunu iddia edirlər. Amma son hadisələrdən də gördük ki, aparıcı Qərb agentliklərinin səhifələrini ispan polisinin səsverməyə gedən Kataloniya sakinlərini rezin güllələrə “qonaq” etməsi, dəyənəklə, atlarla, su şırnaqları ilə dağıtması, hətta bir videorolikdən də göründüyü kimi, səsverməyə gələn qadını yerə yıxıb barmaqlarının sındırılması kimi səhnələr bəzəyir. Əslində, bu səhnələrin demokratik ölkələrdə zaman-zaman baş verməsinin şahidi olmuşuq. Məsələn, 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri döyülərək öldürüləndə, Almaniyada, 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı da belə “fotosessiyalar”ın şahidi olmuşuq. Beləcə, görürük ki, Qərb demokratik dəyərlərə münasibətdə də “Avropa standartları”ndan deyil, ikili standartlardan çıxış edir. Avropa və ya ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır.
Sual yaranır, söhbət digər ölkələrdən gedəndə “Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar niyə yada düşür? Bu da həmin anlayışların, əslində, təzyiq vasitəsi kimi istifadə olunduğunun bir sübutudur. Çünki Avropada əməl edilməyən dəyərlər Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunur. Dəfələrlə yazmışıq ki, bütün bunlara görə, bəzi Qərb dairələrin Azərbaycana, digər ölkələrə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasından başqa bir şey deyil. Qısa bir xatırlatma etmək yerinə düşər. Azərbaycanda hər seçkilərdən sonra radikal müxalifətin təşkil etdiyi mitinqlər üçün yer də ayrılır, onların təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Amma nə görürük? Bəzi insan haqları təşkilatları, Qərb siyasətçilərinin bir qismi bar-bar bağırır ki, guya bizdə sərbəst toplaşmaq azadlığı təmin olunmur, polis zorakılığı tətbiq edilir və s. Görünür, Kataloniyada baş verənlər polis zorakılığı deyil, polislərin yeni “demokratik” davranışlarıdır. Əks- təqdirdə həmin təşkilatlar hələ də ağızlarına su alıb oturmazdılar.


Avropada separatizmin güclənməsi Qərbin uzun illərdir davam edən ikili standartlar siyasətinin nəticəsidir

Digər bir narahatlıq yaradan məsələ isə Qərbin, Avropa Birliyinin susması, rəsmilərin xeyli müddət açıqlama verməməsidir. Görünür, Kataloniyada polislə Milli Qvardiyanın çox sərt davranışı Brüssel üçün qəfil, hətta şok hadisə olmaqla yanaşı, mürəkkəb siyasi problemdir. Ümumiyyətlə, Qərbin dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etinasızlıq göstərilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsinin nəticəsidir. Bu isə artıq öz fəsadlarını verir. İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual atında qoyması məhz ikili standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin açıq təzahürüdür. Həmçinin çox qəribə və təhlükəli bir tendensiyanı da müşahidə edirik. Belə ki, Avropa Birliyi də nə edəcəyini bilmir: Brüssel katalonları dəstəkləyə bilmir, eyni zamanda Madridin sərt davranışını da təqdir etmək istəmir. Avropa Parlamentinin hazırkı sədri Antonio Tayani Kataloniyada müstəqilliklə bağlı referendumu “qanunsuz” adlandırsa da, yaranmış böhranın Kataloniyanın separatçı hakimiyyəti və İspaniyanın mərkəzi hakimiyyəti arasında həll edilməli olduğunu deyir. Əcəba, oxşar hal ikinci, üçüncü dərəcəli ölkə kimi baxdıqları dövlətlərdə baş versəydi, bu böhrana sanksiyalar, siyasi təzyiqlərlə cavab verərdilərmi? Hətta Tayaninin bu fikirləri bir yana, Avropa Parlamentinin sədr müavini, Avstriya “Yaşıllar “Partiyasının sədri Ulrike Lunaçek isə Kataloniyanın müstəqilik təşəbbüslərinə dəstək ifadə edən bəyanatla çıxış etməsi bütün bu məsələlərin nə dərəcədə təhlükəli istiqamətə yönəldiyini göstərir. Görünür, Qərbin bəzi dairələri Kataloniyada baş verənlərdən də nəticə çıxarmır, separatizmin Avropada daha geniş vüsət almasında və Avropa İttifaqında dezinteqrasiya meyillərinin güclənməsində, qurumun dağılmasında maraqlıdır.
Belə qətiyyətsiz, çox zaman separatçılara haqq qazandıran münasibətin nəticəsi olaraq Şotlandiyanın Böyük Britaniyadan ayrılması, Belçikanın linqvistik prinsiplə Valloniya və Flandriyaya bölünməsini bəzi ekspertlər artıq zaman məsələsi hesab edirlər.
Nəzərə alaq ki, İspaniyanın Valensiya, Qalisiya və Bask vilayətlərində, Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas, Provans və Korsika vilayətlərində də separatizm meyilləri kifayət qədər yüksəkdir. İş o yerə çatıb ki, Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominant etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində də separatizm meyilləri müşahidə olunur. Bütün bunlar isə separatizmin və onlar üçün referendum keçirməklə bağlı münbit şəraitin yaradılmasının nə dərəcədə həssas və təhlükəli bir məqam olduğunu göstərir. Ümumiyyətlə, belə hallar və təhlükələr yalnız Avropada deyil, Amerika qitəsində də yaşana bilər. Misal üçün ABŞ-ın ispandilli və qaradərili əhalinin çoxluq təşkil etdiyi ştatlarında, eləcə də tarixən Konfederasiyaya daxil olmuş cənub ştatlarında separatizmin qarşısını, hələ ki, yalnız güclü ordu və xüsusi xidmətə malik federal hakimiyyət ala bilir.
Bütün bunlardan belə qənaətə gəlmək olar-baş verənlər onu göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır. Dünya birliyi, xüsusən, Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoymalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır. Dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir.
Elə bu səbəbdəndir ki, Azərbaycan da son olaylara qəti mövqeyini bildirdi. Xarici İşlər Nazirliyinin rəsmisi Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir. H.Hacıyev vurğulayıb ki, Azərbaycan mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.
İspaniyanın mərkəzi hakimiyyəti isə ölkə konstitisiyasının 155-ci maddəsinə istinad edərək hazırkı proseslərə qarşı qanunauyğun formada davrana bilər. Həmin maddədə isə deyilir: "Öhdəliklərin yerinə yetirilməsi və ümumdövlət maraqlarının təminatı üçün Muxtariyyət üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə məcburi qaydada vadar edilə bilər". Yəni rəsmi Madrid indi Kataloniyada fövqəladə vəziyyət elan etmək, muxtariyyətin hökumətini istefaya göndərmək, katalon parlamentinin fəaliyyətini dayandıraraq yeni, növbədənkənar seçkilər keçirmək hüququna malikdir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info