Qobustan şəhərinin içməli su problemi artıq öz həllini tapıb
Tarix: 03.10.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


“Gələcəkdə ancaq rayonun inkişafı ilə bağlı kənd təsərrüfatı və emal sənayesi layihələri icra edilməlidir”

Prezident İlham Əliyev Qobustan rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov abidənin ucaldığı Heydər Əliyev parkında əhalinin istirahəti üçün görülən işlər barədə məlumat verib. Prezident Qobustana səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi Prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində müasir, təhlükəsiz yol infrastrukturu yaranıb. Bundan başqa, bu layihənin həyata keçirilməsi həm də turizmin və regionların sosial-iqtisadi inkişafına töhfə verəcək, yol istismar və nəqliyyat xərclərinin azaldılması, vaxta qənaətin əldə edilməsi hesabına Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarının və ümumilikdə, respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.

100 yerlik uşaq bağçasının açılışı olub
Prezident Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında da iştirak edib. Dövlət başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsib. Qobustan şəhər uşaq bağçasının binasında inşaat işləri 2017-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 826 kvadratmetr olan uşaq bağçasının binası 2 mərtəbəlidir. Burada 4 tədris və 4 yataq otağı var. Otaqların hamısı zəruri avadanlıq, o cümlədən yumşaq və bərk inventar, əyani vəsaitlərlə təchiz olunub. Bundan başqa, binada həmçinin oyun zalı, 2 kompüter otağı, həkim otağı, mətbəx də var. Bir sözlə, bu cür müəssisələrin yaradılması dövlətimizin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür. Uşaq bağçasının həyətində abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.

“Gələn il isə sürətli iqtisadi inkişaf ili olacaq”
Prezident “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib. Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. İcrasına 2015-ci ildə başlanan layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında ümumi məhsuldarlığı saniyədə 87 litr olan 6 subartezian quyusu qazılıb, Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib. Eyni zamanda, 14,4 kilometr uzunluğunda magistral kəmər çəkilib. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident çıxışında deyib ki, Qobustan şəhərinin içməli su problemi artıq öz həllini tapıb. İçməli su layihələrinin ölkəmizdə geniş vüsət aldığını deyən Prezident qeyd edib ki, insan sağlamlığı üçün digər vacib məsələlər də öz həllini tapır: “Bildiyiniz kimi, ölkəmizdə ənənəvi olaraq müayinədən keçmə proqramı da icra edilir, hər il beş milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçir. Qobustanda Mərkəzi Rayon Xəstəxanasının tikintisinə əlavə vəsait ayrılacaq, indi işlər daha da sürətlə getməlidir və müvafiq göstəriş veriləcək, çünki tikinti başlamışdır, amma bir az yavaş gedir. Biz onu gərək sürətləndirək ki, bu məsələ də Qobustan rayonunda öz həllini tapsın. İnfrastrukturla bağlı digər layihələr uğurla icra edilir, elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, öz həllini tapıbdır. Mənə verilən məlumata görə, qazlaşdırma 80 faizdən çoxdur və növbəti aylarda daha da geniş vüsət alacaq. Hesab edirəm ki, qazlaşdırma maksimum təmin edilməlidir. İçməli su ilə bağlı problem öz həllini tapır, kənd yollarının tikintisi davam edir”. Prezident deyib ki, bütün infrastruktur layihələri həyata keçiriləndən sonra gələcəkdə ancaq rayonun inkişafı ilə bağlı kənd təsərrüfatı və emal sənayesi layihələri icra edilməlidir. Prezident deyib ki, gələn il isə sürətli iqtisadi inkişaf ili olacaq: “İqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır. Yəqin ki, siz eşitmişiniz, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük. Bu da çox böyük nəticədir. Onu da qeyd etməliyəm ki, MDB məkanında biz birinci yerdəyik. Artıq neçə ildir ki, liderliyi saxlayırıq və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq. Nəzərə alsaq ki, keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaranmışdır, buna baxmayaraq, görün, biz nə qədər uğurla iş aparmışıq, nə qədər ciddi islahatlar həyata keçirmişik ki, bunu dünyanın birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir. Onu da qeyd etməliyəm ki, bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz valyuta ehtiyatlarımızı artıra bilmişik”. Prezident deyib ki, bu gün Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkələrdəndir: “İndi siz dünyada gedən prosesləri izləyirsiniz. Həm iqtisadi, həm siyasi, həm hərbi sahədə bir çox yerlərdə çox böyük problemlər var. Risklər, təhdidlər artır, qan tökülür, münaqişələr, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik – bax, bu amillər uğurlarımızın əsasını təşkil edir”. Daha sonra “Azərsu” Acıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verib. Layihə çərçivəsində Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Artıq bütün şəhər əhalisi yeni şəbəkə vasitəsilə keyfiyyətli və dayanıqlı su ilə təmin olunur. Layihəyə uyğun olaraq Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr uzunluğunda kanalizasiya xəttinin və 1160 baxış quyusunun inşası yekunlaşıb və hər bir evə birləşmə verilib. Bildirilib ki, layihə çərçivəsində Qobustan Sukanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. Sonra Prezident Qobustan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Təklə-Sündü-Xilmilli avtomobil yolu əsaslı təmirdən sonra istifadəyə verilib
Prezident Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında da iştirak edib. Bu yol 2017-ci ildə ölkəmizdə həyata keçiriləcək “40 yol” layihəsindən biridir. Prezidentin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılacaq “40 yol” layihəsinin nəticəsində 100 minlərlə sakin müasir səviyyədə inşa edilən yollardan istifadə edərək rahat və təhlükəsiz şəkildə mənzil başına çatacaq.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info