İsa Həbibbəyli: “Yaxın zamanda peşə təhsili sahəsi rəqabətə davamlı sahələrdən biri olacaq”
Tarix: 03.10.2017 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Bakıda Avropa İttifaqı, Avropa Təlim Fondu və Azərbaycan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə “Peşə təhsili və təlimində dövlət-özəl əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda Təhsilə Dəstək Proqramı - Peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” seminarı keçirilir.

Birləşdirilən peşə təhsili müəssisələrindəki müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

İki gün davam edəcək seminarın açılışında çıxış edən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, peşə təhsili iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün ölkədə prioritet sahə elan edilib. O deyib ki, ölkədə peşə təhsili və təliminə dair strateji yol xəritəsi bu sahəyə 2020-ci ilə kimi strateji baxış, 2025-ci ilə kimi uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla, müasir tələblərə cavab verən və ölkənin reallıqlarına uyğun peşə təhsilinin qurulmasını özündə əks etdirir: “İslahatların uğurlu icrasını təmin etmək, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını sürətləndirmək məqsədilə maraqlı tərəflərin bu işə cəlb edilməsi, onların öhdəlik və maraqlarının müəyyən edilməsi üzrə məsləhətləşmələr çərçivəsində ölkədə ilk dəfə peşə təhsili haqqında qanun layihəsinin ilkin versiyası Milli Məclisin Elm və təhsil komitəsində hazırlanıb. Bakı, Gəncə və Qəbələ şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması, dövlət peşə təhsil mərkəzlərinin yaradılması , işgötürənlərlə sıx əlaqələrin qurulması, məzmunun müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılması və digər məsələlər bu sahədə son illər həyata keçirilən islahatların bir hissəsidir. Bu işlər məzunların məşğulluğunun təmin edilməsi üçün geniş imkanlar yaradır. Avropa İttifaqı ilə birgə əməkdaşlıq bu sahənin inkişafına təkan verəcək və Gəncə, Cəlilabad, Bərdə, İsmayıllı, Qax və Qəbələdə keyfiyyətli infrastruktur, mühəndis-pedaqoji heyətin cəlb edildiyi müasir tipli peşə təhsili müəssisələrinin formalaşmasına zəmin yaradacaq”.Bildirilib ki, Azərbaycanda optimallaşdırılması aparılan peşə təhsili müəssisələrində ümumtəhsil fənn müəllimləri və mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Sonradan həmin müəssisələr üzrə yerlər elan olunacaq və müəllimlərin işə qəbulu aparılacaq. Onun sözlərinə görə, optimallaşdırma aparılmayan müəssisələrdə isə çatışmayan müəllimlərin, kadrların yerləşdirilməsi cari məsələlərdir. F. Mustafayev qeyd edib ki, bütün təhsil müəssisələrində çalışan müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə ilə həyata keçirilir. Direktor bildirib ki, hazırda Təhsil Nazirliyinin keçirdiyi imtahanlardan keçmiş ümumtəhsil fənn müəllimlərinin peşə təhsili müəssisələrində yerləşdirilməsi ilə bağlı elan verilib: “Bakıda demək olar ki, optimallaşma prosesi aparılıb, nəticədə müəssisələr birləşib və yaxın gələcəkdə mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi nəzərdə tutulub. Bundan sonra Bakı şəhərində optimallaşdırılmış müəssisələrdə mövcud olan kadrlara tələbat müəyyənləşəcək”.

“Son illər həyata keçirilən islahatlar nəticəsində gənclərin peşə təhsilinə marağı nisbətən artıb”

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli aparılan islahatlardan danışaraq bildirib ki, ən yaxın zamanda Azərbaycanda peşə təhsili sahəsi rəqabətə davamlı sahələrdən biri olacaq”. O bildirib ki, Azərbaycanda cəmiyyət, valideynlər daha çox ali təhsilə maraq göstərirlər: “Hər kəs övladının hansısa peşəyə yiyələnməsini görməkdənsə, onun ali təhsil alması barədə düşünür. Lakin etiraf etməliyik ki, son illər həyata keçirilən islahatlar nəticəsində gənclərin peşə təhsilinə marağı nisbətən artıb. Bu il peşə təhsilinə qəbulun nəticələri əsasında ilk peşə təhsili müəssisələrində qəbul planının tam dolması, cüzi yerlərin qalması gənclərin bu sahəyə olan marağını təsdiq edir. Bunu nəzərə alaraq, Azərbaycanda ilk dəfə olaraq, Milli Məclis tərəfindən “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb. Burada peşə təhsilinin inkişafı, lisenziyalaşdırılması, dövlət və özəl sahələrin birgə əməkdaşlığı, məzunların işlə təminatı, bu sahəyə dair strateji yol xəritəsinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapıb”.

C.Uilyams: “Aİ hər zaman Azərbaycanda peşə təhsilinin inkişafına maraq göstərməyə hazırdır”

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməliyyatlar şöbəsinin rəhbəri Yerun Uilyams peşə təhsilindəki islahatların həyata keçirilməsində və beynəlxalq təcrübənin öyrənilməsində təşkilatın dəstəklədiyi layihə barəsində məlumat verib. O, yeni layihənın aparılan islahatların həyata keçirilməsində böyük rol oynayacağını vurğulayıb: “Son 1 il ərzində Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın özəl şirkət tərəfindən sorğu keçirilib. Sorğu nəticəsində məlum olub ki, peşə təhsili müəssisələrinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdə olan işlərlə həmahəng deyil". C.Uilyams deyib ki, bir çox hallarda özəl sektor müəyyən sahələr üzrə müvafiq işçini tapmaqda çətinlik çəkir: "Buna görə də düşünürük ki, ölkənizdə peşə təhsili sahəsində islahatların aparılması üçün davamlı dəstək lazımdır. Qeyd edim ki, ümumiyyətlə, Avropada vahid peşə təhsili modeli yoxdur. Bu sahənin inkişafı üçün bütün ölkələrlə yanaşı, Azərbaycanın da maraqlarına uyğun model seçilməlidir. Lakin bu zaman əmin olmaq lazımdır ki, peşə təhsili sahəsinin inkişafı özəl və dövlət sektoru ilə peşə təhsil müəssisələri arasındakı əməkdaşlığa əsaslanacaq".
C.Uilyams əlavə edib ki, Aİ hər zaman Azərbaycanda peşə təhsilinin inkişafına maraq göstərməyə hazırdır: "Bizə məlumdur ki, Azərbaycanda peşə təhsilinin inkişafına dair strateji yol xəritəsi qəbul edilib, yeni yol xəritəsi hazırlanıb. Bu işlər çərçivəsində Aİ əsasən işəgötürənlərlə peşə təhsili müəssisələri arasındakı əməkdaşlığa xüsusi önəm verir".
Qeyd edək ki, tədbirin məqsədi maraqlı tərəflərin iştirakını təmin edərək siyasət dialoqu qurmaq və “Peşə təhsili və təliminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nə əsasən işəgötürənləri peşə təhsilinə inteqrasiya etmək üçün dövlət-özəl əməkdaşlığının mexanizminin hazırlanmasını dəstəkləməkdir.
Sonra işini sessiyalarla davam etdirən tədbirdə müxtəlif təşkilatlar tərəfindən Gəncə, Qəbələ, İsmayıllı, Qax, Cəlilabad və Bərdədəki ilk peşə-ixtisas təhsili müəssisələrində kənd təsərrüfatı, turizm və digər iqtisadi sektorlar üzrə həyata keçiriləcək pilot layihələr təqdim olunub. Eyni zamanda, beynəlxalq ekspertlər Finlandiyanın və Estoniyanın kənd təsərrüfatı sektoru üzrə peşə təhsili təcrübəsini bölüşüblər.
Seminarda Milli Məclisin deputatları, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və işəgötürənlər iştirak ediblər.
Tədbir oktyabrın 4-də başa çatacaq.
N.Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info