Özbəkistanda beynəlxalq yarışlarda iştirak edən yeganə azərbaycanlı idmançı
Tarix: 03.10.2017 | Saat: 23:28:00 | E-mail | Çapa göndər



Mais İbadov:
“Əsas istəklərimdən biri də Özbəkistanda yeni nəsil azərbaycanlı idmançılar yetişdirməkdir”

Bu gün xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif peşə sahiblərinin tanıdılması və önə çəkilməsi vacib amildir. Çünki onlar yaşadıqları ölkələrdə əldə etdikləri uğurlarla xalqımızı təmsil edirlər. Onlar bununla həm də xalqımızın nüfuzunu qaldırırlar. Özbəkistanda olarkən bir sıra alim, idmançı, jurnalist və s. peşənin nümayəndəsi olan həmyerlilərimizlə görüşüm oldu. Belə insanların Özbəkistanın iqtisadi, elmi-texniki, mədəni inkişafında verdikləri töhfəsi, həqiqətən, qürurvericidir. Çox maraqlıdır ki, bu gün Özbəkistanda elə soydaşlarımız var ki, onlar gənc nəslə nümunə göstərilir. Misal olaraq şahidi olduğum faktı qeyd edim. Özbəkistanın paytaxtı Daşkənddə Yeniyetmələr arasında güləş üzrə açıq şəhər birinciliyi keçirilirdi. Yarışa SSRİ, Asiya və dünya çempionu olan həmyerlimiz Mais İbadov da qonaq kimi dəvət olunmuşdu. Yarışın təşkilatçıları veteran idmançı kimi Mais İbadovu gənc özbək idmançılara təqdim etdi. Ümumiyyətlə, Mais İbadov bir çox yarışlara qonaq kimi dəvət olunur və gənclərə motivasiya olsun deyə, nümunə göstərilir.
Onu da deyim ki, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də Mais İbadov haqqında xoş sözlər dedi. Səfir Hüseyn Quliyev belə bir idmançımızın yarışlarda əldə etdiyi nailiyyətlərlə bütün azərbaycanlıların fəxrinə çevrildiyini qeyd etdi.
Xatırladım ki, Mais İbadov 1974-cü ildə Lənkəran rayonunda dünyaya gəlib. 1987-1992-ci illərdə Bakı şəhərində Ümumtəhsil İdman İnternatında təhsil alıb. Təhsil aldığı dövrdə sərbəst güləş idman növü üzrə müxtəlif yarışlarda iştirak edib və bəzilərində yüksək nəticə əldə edərək uğur qazanıb. SSRİ-nin idman ustası olub. Güləş üzrə Azərbaycan və SSRİ çempionu olub. Beynəlxalq klassifikasiyalı idman ustasıdır. 1994-cü ildən Özbəkistanda yaşayır. Professional səviyyəli yarışlarda Özbəkistan Respublikasının şərəfini qoruyub. Özbəkistan, Asiya və dünya çempionu olub (2012, 2013-cü illərdə). 2001-2004-cü illərdə Özbəkistanın Polis Akademiyasında təhsil alıb. Hazırda veteranlardan ibarət yığma komandada iştirak edir. Həmçinin Özbəkistanda Azərbaycanla bağlı keçirilən tədbirlərə də qatılır.
“Hədəfim Bolqarıstanda keçiriləcək Veteranların güləş üzrə Dünya Çempionatında çempion olmaqdır”
Hazırda Mais İbadov oktyabrın 12-da Bolqarıstanda keçiriləcək Veteranların güləş üzrə Dünya Çempionatına ciddi hazırlaşır. Mais İbadov deyir ki, bu yarışa hazırlaşmağa ötən ilin noyabrından başlayıb: “Mənim bu yarışda iştirakım birinci dəfə deyil. 5 dəfə belə yarışda güləşmişəm. İki dəfə çempion olmuşam. Bir dəfə ikinci, bir dəfə isə 3-cü yerə çıxmışam. Sonuncu yarışda isə zədə aldığımdan 5-ci yerə çıxdım. Hər bir idmançının arzusu odur ki, iştirak etdiyi yarışda çempion olsun, ölkəsinin bayrağını qaldırsın, himnini səsləndirsin. Bu yarışda hədəfim çempion olmaqdır. Qeyd edim ki, bu yarışa Özbəkistandan Cəlil Abdulrəhimovla mən gedəcəyik. Cəlil Özbəkistanı, mən isə Azərbaycanı təmsil edəcəm. Ümumi Azərbaycan komandasından isə 6-7 nəfər yarışacaq”.
Mais İbadov onu bu və digər yarışlara hazırlaşdıran müəllimlərindən də danışdı: “Bolqarıstanda keçiriləcək Veteranların güləş üzrə Dünya Çempionatına məni Koldaş Asrakulov hazırlaşdırır. O mənim burada ilk güləş müəllimim olub. Onunla bərabər, həmyerlimiz Mehdi Hüseynov da mənə müəllimlik edib. Azərbaycanda isə ilk müəllimim Fərəqət Cəlalov olub. İkinci müəllimim isə Nicat Hacıyev olub. Mən müəllimlərimlə hər zaman fəxr etmişəm və çalışmışam ki, onların ümidini doğruldum”.
“Azərbaycan Güləş Federasiyası həmişə mənə dayaq olub”
Həmyerlimiz Azərbaycan Güləş Federasiyasının ona göstərdiyi diqqəti xüsusi dəyərləndirdi: “Prezident İlham Əliyev deyib ki, güləş Azərbaycanda həmişə idmanın ən populyar, ən birinci növləri sırasındadır. Bu işdə də Azərbaycan Güləş Federasiyasının (AGF) əhəmiyyətli rolu var. Bu gün mən veteran güləşçi kimi AGF-nin fəaliyyətini yüksək qiymətləndirirəm. Ölkəmizdə güləşin daha da inkişaf etməsi, populyarlaşması və kütləviləşməsi istiqamətində AGF tərəfindən mühüm işlər görülür. AGF həmişə mənə dayaq olub. Dəvətnamə və sənədləşmə işində AGF öz dəstəyini əsirgəməyib. Yəni mənimlə bağlı bütün təşkilati işlər hər zaman AGF tərəfindən görülüb. Mən buna görə AGF-nin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
O bildirdi ki, Azərbaycanı necə sevirsə, Özbəkistanı da elə sevir: “Dəfələrlə yarışlarda Azərbaycan, eləcə də Özbəkistan bayrağını qaldırmışam. 15 il Özbəkistanın adına güləşmişəm; Asiya və dünya çempionu olmuşam. İndi də Azərbaycanın adı ilə güləşirəm”.
Mais İbadovun sözlərinə görə, bir idmançı kimi onun fəaliyyəti özbəklərdə, eləcə də soydaşlarımızda ruh yüksəkliyi yaradır: “Yaxşı nəticələr göstərəndə, Özbəkistan bayrağını qaldıranda hər kəs tərəfindən sevinclə qarşılanıram. Özbəkistan tərəfdən mənə hər bir dəstək olur. Əldə etdiyim idman uğurlarına görə məni evlə, maşınla təmin ediblər. Ali təhsil almağıma şərait yaradıblar. Özbəkistan dövləti hər zaman mənə arxa olub. Bu gün özbək gəncləri də onlara müəllimlik etməyimi istəyirlər. Zalda olanda çoxlu özbək gəncləri mənə yaxınlaşır. Mən də onlarla öz təcrübələrimi bölüşürəm. Mən nəyisə bilirəmsə, canla-başla hamısını onlara göstərirəm. Eyni zamanda özbək müəllimləri ilə də görüşüm olur. Özbək idmançılar hər zaman mənim hörmətimi saxlayırlar. Mənim Özbəkistandan olan çoxlu idmançı dostlarım var. Onlardan olimpiya çempionu Dima Doktoraşvili, Artur Təhməzov, Ramin İslamov, Dəmir Zaxardinov, Dilşad Mansurovun adlarını çəkə bilərəm. Mən, eyni zamanda Özbəkistanın Güləş Federasiyasında təmsil olunuram. Bütün yarışlarda ÖGF-də bizə dəstək olur. Mən də əlimdən gələni burda edirəm. Məsələn, bu il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Özbəkistan idmançıları da iştirak edirdilər. Mən Bakıda Özbəkistan idmançıları ilə görüşdüm. Onların fikirlərini öyrəndim. Lazımi məsləhətlərimi onlara dedim”.
“Özbəkistanda olimpiya çempionu olacaq gənclərimiz var”
Onun fikrincə, diasporun dəstəyi ilə Özbəkistanda idman zalı açıb, yeni nəsil idmançılar yetişdirmək olar: “Mənim bir idmançı kimi əsas istəklərimdən biri də Özbəkistanda azərbaycanlı gəncləri bir araya toplamaq, yeni nəsil azərbaycanlı idmançılar yetişdirməkdir. Özbəkistanda potensial gənclərimiz var. Bu gənclərə bir müəllim, master kimi öz bildiklərimi məmnuniyyətlə öyrədərdim. Mən bilirəm ki, azərbaycanlılardan Avropa və dünya çempionu çox olub. O potensial buradakı gənclərdə də var. Burada idman məktəbi olsa, elə gənclər uğur əldə edə bilərlər. Hətta burada olimpiya çempionu olacaq gənclərimiz var. Onlardan biri elə mənim müəllimim Mehdi Hüseynovun oğlu Əmrah Hüseynzadədir. O, 11 yaşı olmasına baxmayaraq, 20-dən çox medal qazanıb. Bu günlərdə Daşkənddə Yeniyetmələr arasında güləş üzrə açıq şəhər birinciliyində çempion oldu. Ondan böyük gözləntilərimiz var”.
Qeyd olunduğu kimi, Özbəkistanda bir neçə azərbaycanlı gənclər var ki, idmanla məşğul olurlar. Lakin bu gün Özbəkistanda, hələ ki, beynəlxalq yarışlarda iştirak edən yeganə azərbaycanlı idmançı Mais İbadovdur. Ümid edirəm ki, Özbəkistanda azərbaycanlı idmançıların sayı ildən-ilə artacaq. Çünki xaricdəki hər bir idmançının qazandığı uğur elə dövlətimizin, xalqımızın uğurudur.
Fuad Hüseynzadə
(Bakı-Daşkənd-Bakı)




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info