Stiven Paddokun evindən və qaldığı oteldən ümumilikdə 40-dan çox silah aşkar edilib
NBC telekanalı: “Qətliam törədən şəxs hadisədən əvvəl böyük məbləğdə pul köçürməsi həyata keçirib”
ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb. TASS agentliyinin xəbərinə görə, bunu Las-Veqasın polis rəisi Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib. “Ölən və yaralananların sayı artıb. Hazırda 59 nəfərin öldüyü təsdiqlənib, xəsarət alanların sayı 527 nəfərə çatıb”, deyə C.Lombardo bildirib. Las-Veqas polisinin nümayəndəsi mətbuat konfransında bildirib ki, Stiven Paddokda 40-dan çox silah olub: “Biz 23 odlu silahı “Mandalay Bay” otelində, 19 odlu silahı Meskitdə, Stiven Paddokun evində aşkar etdik”. “RİA Novosti” xəbər verir ki, Las-Veqas polisi 64 yaşlı Stiven Paddokun hadisəni törədən yeganə cinayətkar olması versiyasının tərəfindədir. Polis zabiti deyib: “Bilirik ki, KİV-lərdə və sosial şəbəkələrdə müxtəlif şayiələr yayılıb. Lakin əlimizdə həmin şayiələri təsdiqləyən informasiya yoxdur”. NBC telekanalı isə iddia edib ki, musiqi festivalının iştirakçılarını atəşə tutan 64 yaşlı Stiven Paddok hadisədən əvvəl kazinoda qumar oyunları ilə bağlı böyük məbləğdə pul transferi həyata keçirib. Məlumata əsasən, söhbət on minlərlə dollar məbləğində pul köçürməsindən gedir. Hələ ki, pul transferinin Paddokun kazinoda udub-uduzmaması ilə əlaqəsi müəyyən edilməyib. Cinayətkarın qardaşı Erik Paddok Stivenin tez-tez hotellərdəki kazinolara getdiyini, orada qumar oyunları oynadığını təsdiqləyib. Xatırladaq ki, insident bazar günü gecə saatlarında “Mandalay Bay” otel-kazino kompleksi ilə aeroport arasındakı meydançada keçirilən musiqi festivalında baş verib. Hadisə vaxtı orada on minlərlə insan olub. Kütləvi qətldə şübhəli bilinən yerli sakin, 64 yaşlı Stiven Paddok polis tərəfindən saxlanılarkən özünü öldürüb. Cinayətkar festivalı izləyən insanları otelin 32-ci mərtəbəsindən atəşə tutub.
Agasəf Babayev
|