“İnsan haqları təşkilatları, beynəlxalq qurumlar ikili standartları özlərinin əsas fəaliyyət prinsipi seçiblər”
Tarix: 04.10.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Məhərrəm Zülfüqarlı:
“Bizim əsas məqsədimiz o olmalıdır ki, Azərbaycan vətəndaşları ictimai asayişin daim qorunması şəraitində yaşasın, ictimai yerlərdə onları narahat edən heç bir hərəkətlərə şərait yaranmasın”

Bir neçə gün öncə Bakıda hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatlar zamanı bir neçə LGBT üzvü-cinsi azlıqların nümayəndələrinin saxlanması haqqında xəbərlər yayıldı. O da bildirilirdi ki, saxlanılan cinsi azlıq nümayəndələri məcburi qaydada tibbi müayinədən keçirilib və onların QİÇS xəstəsi olub-olmadığı dəqiqləşdirilir. Amma məsələni şişirdərək, guya, bu həbslərin kütləvi olması barədə suyu bulandırmaq istəyənlər də oldu. Həmçinin bəzi beynəlxalq təşkilatlar, insan haqları institutları, guya, ölkədə cinsi azlıqlara təzyiqlər olunduğunu bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov mətbuata verdiyi açıqlamada bildirib ki, son günlər Bakıda LGBT üzvlərinin saxlanıldığı barədə xəbərlər doğrudur, lakin bu hal kütləvi xarakter daşımır: "Vətəndaşların polisə daxil olan şikayətləri əsasında, Bakı şəhərində, əsasən, gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı əməliyyat keçirilib. Hər hansı xüsusi bir səbəb olmayıb. Vətəndaşlar şikayət edib, polis də şikayətə əsasən əməliyyat keçirib”.
Nazirlik sözçüsü bildirib ki, mətbuatda saxlanılan şəxslərin arasında QİÇS-ə yoluxanların olduğu barədə xəbərlər yayılsa da, bu da həqiqəti əks etdirmir: “Bizim əlimizdə belə bir rəsmi məlumat yoxdur. QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyi də bu məlumatı təsdiq etmədi. Ümumiyyətlə, polisin saxladığı adamlar sağlıq müayinəsindən keçirilir. Lakin onlardan hər hansı xəstəliyin tapılması barədə rəsmi məlumat yoxdur".
Məsələnin diqqətçəkən və təəssüf doğuran tərəfi isə odur ki, vətəndaşların müraciəti əsasında qanunun tələbinə uyğun olaraq bir qrup cinsi azlığın saxlanması bəzi insan haqları təşkilatları tərəfindən, az qala, əsas demokratik dəyərlərə böyük zərbə kimi qiymətləndirilir. Ümumiyyətlə isə ictimai yerlərdə, yol kənarlarında cinsi azlıqların aşkar və nümayişkaranə şəkildə “fəaliyyət” göstərmələri, təbii ki, cəmiyyətimizdə narahatlıq doğurmalı idi və müraciətlər də haqlıdır. Bunun siyasiləşdirilməsi isə bəzi təşkilatların Azərbaycana təzyiq metodundan necə yararlanmasının bariz nümunəsidir.
Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyir ki, bu kimi xırda məsələlərin belə şişirdilərək Azərbaycanın gözdən salınması kampaniyasına cəhdlər adi qarşılanmalıdır: “Çünki Azərbaycan indiki dünyada xaotik bir vəziyyətin yarandığı ağır dövrdə sabitlik adasına çevrilib, ölkədə stabil vəziyyətin olması, iqtisadi inkişaf, ictimai-siyasi durumun əksər ölkələr üçün nümunəyə çevrilməsi bəzi beynəlxalq qurumları və bir sıra dövlətləri narahat edir. Ona görə onlar məqam axtarırlar ki, nə isə bir hadisə olsun və onu bəhanə edib Azərbaycana qarşı hücuma keçsinlər. Gözümüzün önündə bir neçə gün öncə İspaniya kimi demokratik ölkədə kataloniyalılar polis zorakılığı ilə üzləşdilər və ən qəddar metodlardan da istifadə edilməklə onların sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıldı. Niyə həmin dırnaqarası insan haqları təşkilatları bəyanatlar yaymadılar, həmin qana boyanmış katalonların fotolarını, səsverməyə gələn və polisin barmağını sındırdığı qadınla bağlı videonu görməzdən gəlirlər? Çünki bu insan haqları təşkilatları, beynəlxalq qurumlar artıq ikili standartları özlərinin əsas fəaliyyət prinsipi seçiblər”. Məhərrəm Zülfüqarlı deyir ki, Azərbaycan Konstitusiyasına görə ölkədə bütün vətəndaşlar bərabərhüquqludurlar, amma bu heç kimə rəvac vermir ki, ictimai yerlərdə qanunları pozsun, vətəndaşları narahat edən hansısa hərəkətlərə yol versin. Fərqi yoxdur, həmin şəxs cinsi azlıqdır və ya fərqli dinin, millətin nümayəndəsidir. Qanun hamı üçün qanundur: “Azərbaycan mentaliteti deyilən bir məsələ də var. Aparıcı Avropa ölkələrində belə, əsas mental dəyərləri dəyişmirlər. Onların öz mental dəyərləri var, bizim öz. Görünür, bizdə ictimai yerlərdə açıq bədən alverinə çıxan həmin şəxslər insanlar üçün ciddi narahatlıqlar da yaradırlarmış ki, şikayətlər çoxalıb və beləcə, bir qrup cinsi azlıq saxlanılıb. Onlar da buyursunlar hamı kimi konstitusion hüquqlarından istifadə etsinlər. Toplaşmaq istəyirlərsə, harasa toplaşsınlar. Amma ictimai yerlərdə özlərini tərbiyəsiz formada aparmaları, açıq-saçıq geyimlərlə müəyyən hərəkətlər etmələrinə, əlbəttə ki, Azərbaycanın hüquq-mühafizə orqanları imkan verməzdilər, vermədilər də. Yəni biz çəkinməməliyik ki, beynəlxalq təşkilatlar bizə nə deyərlər... Bütün dünyanın gözü qarşısında Dilqəmlə Şahbazı işgəncələr verərək qanunsuz məhkəmə qurub həbsə atan Ermənistanla bağlı beynəlxalq təşkilatlar hələ də susurlar, amma hansısa cinsi azlıq qanunu pozduğu üçün saxlanılanda bar-bar bağırmağa başlayırlar. Bizim əsas məqsədimiz o olmalıdır ki, Azərbaycan vətəndaşları ictimai asayişin daim qorunması şəraitində yaşasın, ictimai yerlərdə onları narahat edən heç bir hərəkətlərə şərait yaranmasın. Ölkəmizdə sabitlik qorunur, başqa ölkələrdə olan indiki qarışıq vəziyyət bizdə müşahidə olunmur. Çünki hüquq-mühafizə orqanları bizdə ciddi şəkildə işlər aparırlar, heç bir xırda provokasiya addımlarına belə imkan vermirlər, nəinki böyük siyasi oyunlar ola. Ona görə də indiki halda hansısa cinsi azlıqlarla bağlı səs-küyün yaradılması sabun köpüyü effekti verir. Əslində, biz beynəlxalq təşkilatların bütün tələblərini yerinə yetiririk. Amma hüquq- mühafizə orqanları da öz vəzifə borclarını daim yerinə yetirməlidirlər və düşünməməlidilər ki, bu cinsi azlıqdırsa, Avropadan bizə təzyiq edilə bilər və s. Bir daha qeyd edirəm ki, ictimai yerlərdə insanların narahatlığına səbəb olacaq heç bir hərəkətlərə yol vermək olmaz və burada qanun əsas götürülməlidir”.
Məhərrəm Zülfüqarlı onu da vurğuladı ki, əslində, Azərbaycan ictimaiyyəti də bu kimi məsələlərdə hüquq-mühafizə orqanlarının tərəfində olur. Onun sözlərinə görə, belə olaylarla bağlı bizdə kifayət qədər ictimai qınaq da formalaşıb. Çünki bu kateqoriyadan olan əməllər həm də ciddi xəstəlik mənbəyi yaradır: “Bizdə ictimai qınaq çox güclüdür. Sadəcə olaraq Azərbaycan cəmiyyətində cinsi azlıqlar problemi heç vaxt olmayıb. Yəni indiki kimi açıq-saçıq formada harada gəldi toplaşıb aşkar bədən alveri ilə məşğul olmaq çox az rast gəlinirdi. Həm də o mənada bizdə belə insanlara heç vaxt təzyiq olmayıb, kimdəsə belə problem varsa-cinsi azlığın nümayəndəsidirsə, heç kim o adama fiziki və ya mənəvi təzyiq göstərməyib. Sadəcə, ictimai yerlərdə belə adamlar insanların istirahət hüququnu pozursa və onlarla bağlı qanunun icazə verdiyi qaydada tədbirlər görülürsə, bunu cinsi azlıqların hüquqlarının tapdalanması kimi qələmə vermək böyük ədalətsizlikdir. Onların da bir qismi həmişə əlində bunu bayraq edərək Avropaya arxalandıqlarını deyib, küçədə, yollarda istədiyi formada öz əməllərini görüblər. Biz isə bunu qınayırıq. İndiyə qədər Azərbaycan vətəndaşı bu məsələləri aşkar hiss etmirdi. Əslində, məsələnin mahiyyəti başqadır və Avropada yayılan, lakin bizim qan yaddaşımıza yad olan bəzi adət, qanun və millətin kimliyini unutduran məsələləri bizə də ötürmək istəyirlər. Əli bəy Hüseynzadənin yaxşı bir fikri var. O deyib ki, “Biz Avropadan yaxşı cəhətləri götürməliyik. Daha onların mədəsində həzm olmamalıyıq”. Biz də indiki dövrdə müsbət cəhətləri götürməliyik və onların diqtəsi ilə hərəkət etməməliyik. Azərbaycana xas olmayan hansısa cəhətlərin burada adiləşməsinə yol vermək olmaz, bunu heç vətəndaşlarımız, cəmiyyətimiz də qəbul etməyəcək. Biz öz yolumuzla getməliyik.”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info