Üzüm ixracında böyük bazar
Tarix: 05.10.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Süfrə, texniki və quru üzüm istehsalını artırmaq üçün yeni təsərrüfatlar yaradılır

Üzüm suyu, xüsusilə qırmızı, bənövşəyi, qara rəngli üzümdən əldə edilən şirələr insan sağlamlığı üçün çox vacibdir

Hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasət, həyata keçirilən dövlət dəstəyi tədbirləri uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani təsdiqidir. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. Bu günlərdə Samaxı şəhərinə səfəri zamanı ölkə başçısı bildirib ki, Azərbaycanda üzümçülüyü bərpa edəcəyik və edirik: “1970-ci illərdə ulu öndərin təşəbbüsü ilə bizim əsas üzümçülük mərkəzlərimizdən biri də Şamaxı olub. İnsanlar nə qədər xeyir götürdülər, evlər tikildi, avtomaşınlar, soyuducular alındı. Bütün bunlar o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olub. Düzdür, indi biz başqa sahələrə də üstünlük veririk - maldarlıq, bitkiçilik, taxılçılıq. Bilirsiniz ki, o vaxt biz bu sahələri o qədər də inkişaf etdirmirdik. Çünki həm ət, həm süd başqa respublikalardan gəlirdi. İndi isə əkin sahələrinin bir hissəsi o məqsədlər üçün istifadə olunur. Ancaq üzümçülüyün çox böyük perspektivləri, ənənələri var və biz indi xarici bazarlara da çıxırıq. Biz artıq böyük kontraktlar imzalamışıq, dövlət kömək göstərir və üzümçülüyün bərpası Azərbaycanda sürətlə gedəcək. Burada da Şamaxı rayonu lider olmalıdır. Mən görürəm ki, burada üzümçülüyə böyük maraq var, belə də olacaq”.

Dünyada üzüm istehsalı 21,9 milyon ton olacaq

Dünya süfrə üzümü istehsalının 2016-2017-ci il mövsümündə 1 milyon ton artaraq 21,9 milyon ton olacağı nəzərdə tutulur. Çin, istehsalını sürətli bir şəkildə artıraraq Türkiyəni keçməklə Asiya bazarının ən vacibini tədarükçüsü halına gəlib. Çin, 350 min ton ixracını Tailand, Vyetnam və Malayziya kimi ölkələrə reallaşdırmaqla onlar üçün ucuz üzüm tədarükçüsü olub. Avropa Birliyinin əsas üzüm istehsalçıları olan İtaliya və Yunanıstanda hava şəraitinin kəskin dəyişməsi səbəbi ilə istehsal azalaraq 1,7 milyon ton olub. Avropa Birliyi ixracatının 84 min ton, idxalının isə 610 min ton səviyyəsində olacağı nəzərdə tutulur. ABŞ süfrə üzümü istehsalı 60 min ton artaraq 1 milyon tona çatıb. İxracatı isə 37 min ton artaraq 365 min ton olub. Onu da qeyd edək ki, ixracatın əsas hissəsi Asiya bazarında reallaşır. ABŞ idxalatı 15 min ton artaraq 545 min ton təşkil edir. İdxalat əsasən Çilidən kiçik tədarükçülər vasitəsilə həyata keçirilir. Çilidə 2016-2017-ci il mövsümündə süfrəlik üzüm istehsalının miqdarı 910 min ton miqdarında reallaşıb. Peru 605 min ton üzüm istehsal edib. Ən böyük bazarı ABŞ və AB təşkil edir. Peru Çilinin ardınca dünyanın ən böyük 2-ci süfrə üzümü ixracatçısıdır. Rusiyada, 103 min ton üzüm istehsal olunur. Lakin, 230 min ton idxalatın əksəriyyəti Türkiyənin payına düşür. Argentinada isə 2006-2007-ci il mövsümündən indiyədək bu sahə 90% azalıb. Türkiyədə süfrə üzümü istehsalı 2016-2017-ci il mövsümündə əvvəlki ildə yaşanan şaxta ilə bağlı zərərə baxmayaraq 345 min ton artaraq 2,4 milyon tona çatıb. Türkiyənin ən çox süfrə üzümü ixracatı reallaşdırdığı ölkə isə Rusiyadır. Türkiyə Rusiyaya 225 min ton süfrə üzümü ixrac edib. Rusiyadan başqa ixrac həyata keçirilən ölkələr sırasında Ukrayna və Gürcüstan əsas yerləri tutur.
Beləliklə, bu gün dünya üzüm bazarlarına baxdıqda süfrə üzümü istehsalında Çin əsas istehsalçı hesab edilir. Bu vəziyyət son illərdə yeni üzüm bağları salmaqla yanaşı, müasir meliorasiya üsulları ilə üçqat yeni sortların məhsuldarlığının artmasından qaynaqlanır. Türkiyə isə Çindən sonra süfrə üzümü istehsalında dünyada ikincidir. Türkiyə həm istehsal sahələri, həm də istehsal miqdarı baxımından stabil bir vəziyyət əks etdirir. Son illər stabil şəraitdə süfrə üzümü istehsalı üçün bağlarda istifadə edilən qapalı təzyiqli sulama sistemləri ilə əlaqəli olaraq məhsuldarlığı artırmağa çalışırlar. Bununla yanaşı, xəstəliyə qarşı davamlı yeni növlər və meliorasiya ilə Türkiyənin mövcud potensialını artırmağa çalışırlar. Hazırda istehlakla bağlı qurudulmuş və şərablıq üçün ayrılan üzümlərlə əlaqədar alternativ istehlak yolları inkişaf etməyə başlayıb. Üzüm suyu, xüsusilə qırmızı, bənövşəyi, qara rəngli üzümdən əldə edilən üzüm şirələri həm dünya, həm də Türkiyədə insan sağlamlığı, eləcə də qidalanma üçün vacibdir. Bu gün dünyada üzümlər qurudulduqdan sonra bazara quru üzüm kimi təqdim olunur ki, hər il 1,2 milyon tona yaxın qurudulmuş üzüm əldə edilir. Dünya quru üzüm istehsalında Türkiyə ilə ABŞ ilk iki sıranı tutduğu halda, üçüncü sırada İran yer alır. Çin, Hindistan və Çili isə digər önəmli istehsalçı ölkələrdir. Türkiyədə 1200-dən artıq üzüm çeşidi var.
Qonşu Türkiyə həm süfrə üzümü, həm də quru üzüm istehsalında önəmli yer tutur. Ölkədə uşaqlara bu məhsulun daha çox yeyilməsini aşılamaq məqsədilə davamlı olaraq kampaniyalar həyata keçirilir. Məqsəd şagirdlərə quru meyvə istehlakı vərdişlərinə yiyələnməyi və onların lazımlı, balanslaşdırılmış qidalanmasına kömək etməkdir. İlk dəfə olaraq məktəblərə 2015-ci ilin fevral-iyun aylarında 604 ton və 2016-cı ildə 2 min 660 ton quru üzüm paylanıb. 2017-ci ilin fevral-iyun aylarında 4121 ton quru üzüm paylanıb. 2017-2018-ci tədris ilinin ilində ilk olaraq 25 qramlıq paket şəklində 14 həftə ərzində 4200 ton üzüm paylanacaq və 81 əyalətin 32 min məktəbində təxminən 6 milyon şagird bundan faydalanacaq.

Şamaxıda 375 hektar üzüm bağı var

Ölkəmizdə bu sahənin yenidən inkişafı istiqamətində tədbirlər davam edir. Belə bölgələrdən biri kimi Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. 2016-2017-ci məhsul ilində “Superrior Seedeless”, “Crimson Seedles”, “Red Globe” kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Kişmiş və əla şərab üzümü olan “Mədrəsə” kimi yerli növlər də bağda yetişdirilərək məhsul istehsalı ildən-ilə artırılır. Cari ildə texniki üzümün hektar üzrə məhsuldarlığı 7-8 ton, süfrə üzümünün məhsuldarlığı isə 15 ton olub. Növbəti ilə hədəf texniki üzümdə 10-11 ton, süfrə üzümündə isə 17-18 tondur. 2015-ci ildə süfrə üzümü bağında ən müasir suvarma sistemi qurulub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info