Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir
Tarix: 06.10.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir

Ölkə iqtisadiyyatı uğurla inkişaf edir və onun şaxələnməsi artıq bir reallığa çevrilib. Buna görə də neftin qiymətinin çevik düşməsi ölkəmiz üçün müəyyən problemlər yaratmasına baxmayaraq, çox qısa müddətdə bu problemlərin öhdəsindən gəlinib. Prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə bildirib ki, Azərbaycan böyük enerji ehtiyatları olan ölkə kimi tanınır və bu ehtiyatları dünya bazarlarına nəql etmək üçün əsasən sərmayələr yatırır: “Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında bizim neftimiz təqribən 25-30 faiz təşkil edir. Beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında biz öz rolumuzu oynayırıq. Bu yaxınlarda aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsi imzalanıb. Bu müqavilə bizə nəhəng neft yataqlarımızın 2050-ci ilə qədər işlənməsinə imkan verəcək”. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin işlənilməsində aparıcı qüvvə olduğunu deyən ölkə başçısı qeyd edib ki, bu layihəyə 7 ölkə qoşulub. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Bir neçə Balkan ölkəsi də artıq bu layihəyə qoşulmaq niyyətindədir. Minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Bu, böyük rəqəmdir və bu rəqəm artacaq.
Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycanda enerji sahəsinin inkişafı sərhədlərimizin hüdudları ilə məhdudlaşmır: “Enerji təhlükəsizliyimizə gəldikdə, bütün işlər görülüb, biz müxtəlif istiqamətlərdə neft, qaz və elektrik enerjisi ixrac edirik. Bizim 7 kəmərimiz var. Onların 3-ü ilə neft nəql olunur - ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Qaz kəmərlərinin sayı dördə bərabərdir ki, onlar vasitəsilə biz bütün istiqamətlərə - Gürcüstan, Türkiyə, İran və Rusiyaya qaz nəql edə bilirik. Sonuncu ən böyük qaz kəməri Bakıdan İtaliyaya qədər uzanan kəmərdir ki, onun da tikintisi davam edir. Bizim üçün ən böyük bazar Avropadır və Avropanın daha çox qaza ehtiyacı olacaq. Biz bilirik ki, Avropada təbii qaza tələbat artacaq və Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir”.

Səudiyyəli nazir: “Neft tələbatı artır”

Qeyd edək ki, bu gün bir sıra ölkələrin rəsmiləri enerjiyə olan tələbat və mövcud qiymətlərdən razı olduqlarını bildirirlər. Rusiya Enerji Həftəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih də çıxışında bildirib ki, bazarda neftə olan tələbat artır: “ABŞ-dakı şist neftinin gələn il bazara daha çox daxil olması bizi narahat etmir. Çünki bazarda neft tələbatı artır. Bazar özü bunu tənzimləyə bilər”. O qeyd edib ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş nəticəsində neft bazarında tarazlıq təmin edilib: “Rusiya və Səudiyyə Ərəbistanı arasında qlobal neft təklifi ilə bağlı əldə edilən razılaşmalar da bazarda sabitliyin yaranmasına kömək edib. Neft hasilatının azaldılması qlobal iqtisadiyyata öz təsirini göstərib. Bu, rəqəmlərdə də öz əksini tapıb. Qlobal bazarda neft tələbatı var və 2018-ci ildə də belə olacağını düşünürəm. Neft hasilatının azaldılmasında iştirak edən 24 ölkənin birgə səyləri nəticəsində tələbatda tarazlığın yaranması OPEC-ə də öz müsbət təsirini göstərdi”.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.
Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirib ki, Rusiya neftin hazırkı qiymətindən razıdır: “Neftin mövcud qiyməti bizi qane edir. Öz hədəflərimizə çatmağa başladıq. Bazar da yavaş-yavaş tarazlaşır”. O deyib ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə əldə edilən razılaşma çərçivəsində OPEC+ sazişinin iştirakçısı olan 24 ölkə üzərinə düşən öhdəliyi yerinə yetirir. Neftin qiymətinin bahalaşması bu sahəyə investisiyaların da artmasına səbəb olub. Birgə səylər nəticəsində neft sənayesində dirçəlişə nail olub və enerji bazarını daha etibarlı edə bilərik. Neft istehsalının əhəmiyyətli səviyyədə azaldığını xatırladan A.Novak digər ölkələrin də OPEC+ sazişində iştirakından məmnunluq duyacaqlarını bildirib.

İndiyədək Ceyhan limanından 339 milyon tonadək Azərbaycan nefti dünya bazarına çıxarılıb

Onu da bildirək ki, cari ilin sentyabr ayı ərzində 1 milyon 901 min 415 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 204 min 943 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında isə Ceyhan limanından ixrac olunan neftin həcmi 19 milyon 140 min 954 ton təşkil edib. Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il oktyabr ayının 1-dək Ceyhan limanından 338 milyon 975 min 553 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
Bu ilin sentyabr ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 264 min 511 ton Azərbaycan nefti nəql olunub.
Cari ilin yanvar-sentyabr aylarında isə bu kəmərlə 20 milyon 326 min 791 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il oktyabr ayının 1-dək BTC-yə 341 milyon 864 min 853 ton neft vurulub. Bundan başqa, sentyabr ayında BTC kəməri ilə 491 min 931 ton Türkmənistan nefti nəql olunub.

Bakıda Beynəlxalq Neft Sammiti keçiriləcək

Oktyabrın 12-13-də Bakıda Beynəlxalq Neft Sammiti keçiriləcək. Sammit bu tədbirin baş tərəfdaşı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Argus” Qlobal Beynəlxalq Qiymət Agentliyi tərəfindən təşkil edilib. Sammitin təşkilatçılarının təqdim etdiyi ilkin proqrama əsasən tədbirin rəsmi açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki regional prezidenti Geri Consun, energetika nazirinin Müavini natiq Abbasovun, “Argus Media”nın Rusiya, MDB ölkələri və Baltikyanı dövlətlərdə rəhbəri Vyaçeslav Mişşenkonun iştirak edəcəyi gözlənilir. Sammitin sessiyalarında “Xəzər regionunun neft məhsulları bazarı”, Xəzər regionunda neft ixracının perspektiv istiqamətləri”, “Xəzər regionu ölkələrində neft və neft məhsulları bazarlarının inkişaf dinamikası”, “Xəzər regionunun nəqliyyat-logistika infrastrukturu”, “Azərbaycanda dəmiryol daşımalarının inkişaf meyilləri” mövzuları daxildir. Burada həmçinin “Qitələrarası dəmiryol dəhlizləri – Xəzər regionunda yeni imkanları”, “Xəzər regionunda maye yüklərin dəmiryol ilə daşınması”, “Azərbaycanın nəqliyyat infrastrukturunun vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda neft emalı”, “Xəzər regionunda mini neftayırma zavodlarının cari vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda dəniz daşımaları”, “Azərbaycanın Xəzər dəniz gəmiçiliyi idarəsinin neft və neft məhsullarını nəqletmə potensialı”, “Azərbaycanın kimya sənayesi: istehsal, daşıma, satış”, “Həmhüdud dövlətlərin neft-kimya bazarı”, “Xəzər regionunun qaz nəqletmə layihələri”, “Xəzər regionunun qaz dəhlizlərinin inkişafı – Cənub Qaz Dəhlizi” və s. mövzular da müzakirə olunacaq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
20.09.2018
Çindən gələn beynəlxalq yük qatarı Bakıya çatıb
20.09.2018
Lisa Givert: “TAP-ın inşası qrafik üzrə davam edir”
20.09.2018
“Star” neft emalı zavodunun istismara verilməsi üçün sınaq işlərinə başlanılıb
20.09.2018
Azərbaycan və Yunanıstanda turizm sahəsində əməkdaşlıq layihələri müzakirə edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info