“İnternetdə təhqirə qarşı müəyyən hüquqi ölçülər olmalıdır”
Tarix: 09.05.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


“Böhtan, şərəf və ləyaqətin təhqiri istər internetdə, istərsə də ənənəvi KİV-də olsun, yol verilməzdir
Son vaxtlar Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətlərinin internetdə təhqir edilməsi hallarının sayı artıb. Məlum olub ki, ən son formada təhqirə yol verən həmin insanlar internetdə saxta adlardan istifadə edirlər. Bütün bu baş verənlər isə cəmiyyətdə narazılıqlara səbəb olur. Bu da bir faktdır ki, mediadan fərqli olaraq, internet daha genişmiqyaslıdır və burada yayılan informasiya daha geniş auditoriyanı əhatə edir. Burada insanların təhqir edilməsi həmin şəxslərin ictimai, siyasi nüfuzuna xələl gətirir. Beləliklə, mövcud problemin aradan qaldırılması istiqamətində müəyyən addımların atılmasına ehtiyac var və sözügedən məsələnin hüquqi baxımdan nizamlanmasına zərurət yaranıb.
Bu günlərdə mövcud problemlə bağlı məsələyə münasibət bildirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da belə bir zərurətin yarandığını bildirib: “Sözügedən problem internetin daha çox dinamik şəkildə inkişaf etdiyi bir sıra ölkələr üçün xarakterik haldır. Hazırda internetdə bir çox şirkətlər, banklar, kommersiya qurumları və sadə vətəndaşlar fəaliyyət göstərirlər ki, bu da onların müvafiq səviyyədə qorunmasını tələb edir. Belə neqativ hallar sosial şəbəkələrdə daha tez-tez müşahidə olunur”.O, həmçinin onu da xatırladıb ki, ümumdünya statistikasına əsasən, nikahların təxminən 5-10%-i internetdə neqativ informasiyanın dərc edilməsi ucbatından dağılır.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirdi ki, bu gün internet sferası və internet mediasında, həqiqətən də bir sıra qanunla yasaq olunmuş halların pozulması hallarına təsadüf olunur: “Bu da insanların şərəf və ləyaqətinin təhqir olunmasıdır, böhtan atılmasıdır, anonim imzalarla kimlərinsə şəxsi həyatına müdaxilə edilməsidir. Bəzən bu halların son vaxtlar artdığı deyilir. Amma məncə, internet mediada və o cümlədən ölkədə internet istifadəçiləri arasında çox tez-tez rast gəlinir. Sadəcə olaraq indi sürətlə artan, internet istifadəçilərinin sayıdır. Məsələn, ötən il deyirdilər ki, Azərbaycanda əhalinin 50 faizi internet istifadəçisidir. Bu il artıq 60 faizdən artıq götürülür. İnternetdən istifadə halları da sadələşdirilir ki, bu da istifadəçilərin sayının artmasına imkan verəcək. Əvvəllər kimsə internetdə birinin şəxsi həyatı haqqında, təhqir, böhtan deyirdisə, çox az bir auditoriya tərəfindən bilinirdi. Amma internet istifadəçilərinin sayı artdıqca, istifadə mexanizmləri sadələşdikcə, təbii ki, əhatə dairəsi də genişlənir. İnternetdəki neqativ hadisə haqqında daha çox insan məlumat alır”. M.Ələsgərlinin sözlərinə görə, təbii ki, bunların da bir qismi məhz həmin təhqir obyekti olan insanlardır və onlar da öz hüquqlarını qorumaq üçün müvafiq instansiyalara üz tuturlar, burada isə bəzi problemlər ortaya çıxır: “Düzdür, internet mediada, sosial şəbəkələrdə baş verən qeyri-qanuni hallar haqqında dolayı yolla qanuni məsuliyyət nəzərdə tutulub. Məsələn, insanın şəxsiyyətinə müdaxilə ümumiyyətlə, tirajlanan yerlərdə qanunsuz hesab edilib. Tirajlama isə KİV haqqında qanuna görə, 100 nəfərdən çox arasında yayılan məlumatlar, artıq geniş yayımlanmış məsələlər hesab olunur. Bu cür hallar istər internetdə, istərsə də ənənəvi KİV-də olsun, bu cür hallar yol verilməzdir. Amma internetdə bu hallar daha çox baş verir ki, bu da tirajlanma geniş olduğu və daha geniş auditoriyaya yayıldığı üçün bu məsələlər ortaya çıxır və bu qanunla tənzimlənirdi. Amma görünür ki, qanunla tənzimləmə müddəaları geniş və ayrı-ayrı qanunvericilik aktlarında olduğu üçün vətəndaşlar həmin qanunvericilik haqqında məlumatsız olurlar. Hansı tədbir görmək lazım olduğunu bilmək üçün ən azı bir neçə instansiyaya müraciət etməli olurlar ki, bu da ağır bir prosedur olur. Bu baxımdan hesab edirəm ki, son vaxtlar Cinayət Məcəlləsinə edilən əlavələr yerində olan bir dəyişiklikdir. Çünki artıq insanlar internetə yol tapır və onlar qanun pozuntuları haqqında öz iradlarını bildirəndə hansı addımları atmalı olduqlarını, onun nə ilə nəticələnəcəyi barədə konkret məlumata malik olmalıdırlar”.
M.Ələsgərli deyir ki, digər tərəfdən “Diffamasiya haqqında” qanun qəbul olunsa və bu qanunla bunlar tənzimlənsə, daha yaxşı olar: “Çünki dünyanın əksər ölkələrində qanun pozuntuları həmin qanuna əsasən, həbslə yox, maliyyə sanksiyaları və digər hallarla tənzimlənməli olur. İstər “Diffamasiya haqqında”qanun, istərsə də Cinayət Məcəlləsi olsun, hər halda internetdə baş alan özbaşınalığa qarşı müəyyən hüquqi ölçülər olmalıdır ki, Azərbaycanda da son vaxtlar təkmilləşmə addımları atılır”. O da vurğulandı ki, internet medianın tənzimlənməsi ilə bağlı Mətbuat Şurası tərəfindən müəyyən addımlar atılır. Belə ki, internet mediasının tənzimlənməsi ilə bağlı xüsusi komissiya yaradılıb. Bir tərəfdən qanunvericiliyə əlavə və dəyişikliklər edildi, hələ müəyyən addımlar da atılmaldıır. M.Ələsgərlinin fikrincə, onlardan biri də internet istifadəçilərinin məlumatlandırılmasıdır: “Bu sahədə daha çox biliklər yayılmalıdır ki, həmin neqativ halların qarşısını almaq mümkün olsun. İnternet sərbəst bir zonadır, ancaq insanlar bəzən onu hüdudsuz hesab edirlər. Bu da neqativ halların baş verməsinə gətirib çıxarır. Elə insanlar var ki, bunu bilmədən edir, ancaq elələri var ki, bilərəkdən başqalarının həyatına müdaxilə edir, şəxsiyyətin toxunulmazlığı, təhqir, böhtan kimi qanunvericilik haqlarını tapdalayıb keçmiş olurlar. Bəzən insanlar aldadıcı adlarla sosial şəbəkələrdə çıxış edirlər. Hesab edirlər ki, onları heç kim bilməyəcək, əsas onların fikirləri yayımlanacaq. Amma nəzərə almırlar ki, internet texnologiyaları istənilən insanın kimliyini aydınlaşdırmağa imkan verir. Hesab edirəm ki, bu sahədə özbaşınalığa məhdudiyyət qoyulmasının zamanı çatıb”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info