“Faydalı təşəbbüslərlə çıxış etmək Azərbaycan gənci üçün xarakterik cəhətlərdəndir”
Tarix: 09.05.2013 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Rahib Rəsulzadə: “Ölkədə aparılan gənclər siyasəti
düzgün istiqamətlənib və işıqlı gələcəyə hesablanıb”


“Kainat” Gənclik Mərkəzinin direktoru, Azərbaycan Jurnalistlər birliyinin üzvü Rahib Rəsulzadə ilə müsahibəni təqdim edirik:

“Kainat” Gənclik Mərkəzi 1990-cı ildən fəaliyyət göstərir. 1994-cü ilin iyul ayının 6-da Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydiyyata alınaraq fəaliyyətini davam etdirməkdədir. Gənclər və İdman Nazirliyinin yaradılması mərkəzin fəaliyyəti üçün geniş imkanlar açıb. Müasir həyatla ayaqlaşan, günün tələblərinə cavab verən müxtəlif tədbirlərdə onlarla yeniyetmə və gənc mükafatlara, qiymətli hədiyyələrə layiq görülüblər.
- Bu gün dövlətin gənclər siyasətinə olan yanaşmasından razısınızmı?
- Hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi gənclər siyasətinə də yeni yanaşma və məzmun cəhətdən müasir münasibət formalaşmaqdadır. Bildiyiniz kimi Azərbaycan gənclər ölkəsidir. Dövlətin diqqət mərkəzində də bu amil prioritetlərdən biridir. Bu sualı cavablandırarkən gənclər siyasətinin həyata keçirilməsi ilə əldə olunan uğurları saymaqla qurtarmaq olmaz. Azərbaycan 2007-ci ildən başlayaraq 11 beynəlxalq gənclər təşkilatına üzvlüyə qəbul edilib. Bundan başqa, AR Gənclər Təşkilatları Milli Şurası da Beynəlxalq Gənclər Təşkilatlarına üzv olmaqla yanaşı, həmtəsisçi rolunda çıxış edir. 1997-ci ildən Avropa Gənclər Forumunun Birliyinin tamhüquqlu üzvü, 1997-ci ildən Dünya Azərbaycanlı Gənclər Birliyinin tamhüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, 2004-cü ildən İslam Gənclər Konfransı Forumunun təsisçisi və tamhüquqlu üzvü, 2012-ci ildən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsisçisi, 2012-ci ildən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının təsisçisi, 2012-ci ildən Pan-Afrika Gənclər Birliyinin Tərəfdaşı və s. Sevindirici haldır ki, ayrı-ayrılıqda digər gənclər təşkilatlarımız da beynəlxalq qurumlarda Azərbaycan gəncliyini layiqincə təmsil etməklə, ölkəmizin xarici əlaqələrinin yüksələn xətt üzrə inkişafına öz töhfələrini verməkdədirlər. Belə ki, gənclərlə bağlı qəbul olunan dövlət proqramları, regionlarda və mərkəzdə inşa edilən gənclər evləri, Olimpiya mərkəzləri, idman kompleksləri, elmi araşdırma mərkəzləri, yeni-yeni təhsil ocaqlarının açılması sübut edir ki, dövlət bu faktoru əsas götürərək, inkişafımızın mühüm istiqaməti kimi dəyərləndirir. Bu haqda çox danışmaq olar, faktlar da yetərincədir. Təbii ki, problemlər də var. Məhz elə bu məsələlərin həllində yardımçı olacaq bir qurumun yaradılmasına ehtiyac var idi ki, bu funksiyanı da Gənclər və İdman Nazirliyi öz öhdəsinə götürdü. Hazırda onlarla gənlər təşkilatları nazirlik ətrafında toplaşaraq Azərbaycanın bu gününü və gələcəyini düşünən zehinli, perspektivli gəncləri dövlətə və dövlətçiliyə xidmət nümünəsinə çeviriblər. Biz bu gələcəyə inanırıq.
- Dövlət gənclərə öz potensialını üzə çıxarmaq üçün hansı şərait yaradıb?
- Yuxarıda qeyd etdiyimiz kimi, AR Gənlər və İdman Nazirliyi ölkə gənclərinin potensialarının aşkarlanmasında əvəzsiz rol oynayır. Təbii ki, bir nazirliyin imkanları çərçivəsində bu sayda gənclər ordusunun hər bir üzvü ilə iş aparmaq, onları istiqamətləndirmək, Vətənə, xalqa xidmətdə nümunəvi fərd kimi yetişdirmək bir o qədər də asan deyil. Hələ bir müddət bundan əvvəl ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Burada da diqqət gənclər təşkilatlarına hesablanıb. Belə ki, QHT-lər durmadan artır, həm də keyfiyyət cəhətdən yeniləşir, ölkənin ictimai-siyasi həyatında əks-sədaya səbəb olan müxtəlif layihələrin reallaşması ilə məşğuldurlar. Bundan başqa, ölkəmizin hər bir rayonunda gənclər və idman idarələri fəaliyyət göstərir. Son illər qəbul olunmuş dövlət proqramları çərçivəsində insan kapitalının, xüsusi ilə gənclərin elmi potensialının inkişafına xüsusi yer ayrılır. Həyat durmadan inkişaf edir. Tələblər, istəklər artdıqca dövlətin gənclər siyasəti kursu da yeniləşməkdədir. İlk əvvəl Gənclər və İdman Nazirliyi nəzdində yaradılmış Gənclər Fondu bir illik fəaliyəti dövründə görünməz nəticələr əldə etdi. Layihələrin müxtəlifliyi, əhatə dairəsi, mövzuların aktuallığı, ayrılan yardımların həcmi sübut etdi ki, ölkədə aparılan gənclər siyasəti düzgün istiqamətlənib və işıqlı gələcəyə hesablanıb. Məhz elə bununla əlaqədar olaraq, Gənclər Fondu statusunu dəyişərək, Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərən bir quruma çevrildi.
- Region gəncləri hansı ictimai-siyasi fəallıq göstərirlər?
- Qeyd etdiyimiz kimi ölkə əhalisinin yarıdan çoxunu gənclər təşkil edir. Təbii ki, bu toplum diqqətdən kənarda qala bilməz. Bundan əvvəl sadaladığım faktlar deməyə əsas verir ki, heç bir gənc qayğıdan, diqqətdən kənarda qalmamalıdır. Lakin onların bu qayğıdan yararlanmaları üçün şəxsi təşəbbüskarlıqları və aktivlikləri əsas şərtdir. Hazırda bildiyiniz kimi ölkədə “İKT ili” elan edilib. Bu çərçivədə həyata keçirilən ilk işlərdən biri də regionlarımızda, kəndlərimizdə geniş zolaqlı internet şəbəkələrinin yaradılmasıdır. Hamımız yaxşı bilirik ki, müasir gəncliyi internetsiz, kompyutersiz təssəvvür etmək çox çətindir. Ölkə Prezidenti və hökumət bütün prioritet sahələrin gənc kadrlarla təmin edilməsi üçün yeni iş yerlərinin açılmasına üstünlük verir. Bölgələrdə texno-parkların, müasir avadanlıqlarla təhciz edilmiş iri müəssisələrin bilikli, savadlı gənclərə ehtiyacı var. Bu sahədə də görülən işlər ürəkaçandır. Yeni-yeni ali təhsil ocaqlarının fəaliyyəti gənc kadrların peşakarlığına istiqamətlənib. Azərbaycan Turizm İnstitutu, Bakı Ali Neft Məktəbi, müasir kolleclər iqdisadiyyatımızın ayrı-ayrı sahələrində kadr qıtlığının aradan qaldırılması üçün nəzərdə tutulub. Ümumiyyətlə, bu sualla bağlı Azərbaycanda reallığı əks etdirən yüzlərlə pozitiv nümunələr var. Odur ki, dövlətimiz müasir gəncliyə inanır və onların potensialının aşkar edilməsi üçün heç nəyi əsirgəmir.
- Gənclər təşkilatlarının fəaliyyətini yetərincə qiymətləndirmək olarmı?
- Təbii ki, dövlət-cəmiyyət münasibətləri qarşılıqlı formada təzahür etməlidir. Görülən işlər, aparılan uğurlu siyasət Azərbaycanın yeni imicinin tanınmasına xidmət edir. Gənclərimizin də bu uğurları göz qabağındadır. İstər Gənclər və İdman Nazirliyi, istər Gənclər Təşkilatlarının Milli Şurası, Rusiyanın Azərbaycan Gənclər Təşkilatı (AMOR), AR Prezidenti yanında Gənclər Fondu və ayrı-ayrılıqda fəaliyyət göstərən digər gənclər təşkilatları Avropaya inteqrasiya etməklə, Azərbaycan reallıqlarının geniş şəkildə yayılmasında böyük işlər görürlər. MDB məkanında da gənclər təşkilatları müxtəlif layihələrə imza ataraq, Azərbaycan gəncliyinin inkaşafını, ölkəmizdə gənclər hərəkatının müsbət tendensiyalarını və dövlətin gənclər siyasəti kursunu bu ərazilərdə faktlarla sübuta yetirirlər. Azərbaycanın haqq səsinin müxtəlif aksiyaların keçirilməsi ilə dünyaya çatdırılmasında bizim gənclik son illər xüsusi aktivliyi ilə seçilir. Təkcə “Xocalıya Ədalət” kampaniyasını qeyd etmək kifayətdir. Onlar nəinki Avropa ölkələri, eləcədə uzaq ABŞ-da toplanaraq, həqiqəti, reallıqları olduğu kimi bu ölkələrin hər bir vətəndaşına çatdırmağa nail oldular. Nəticələr də özünü gecikdirmədi. Azərbaycan gəncliyinin bu fəallığı onlarla, yüzlərlə nümunədə öz əksini tapmaqdadır. Çox sevindirici haldır ki, Rusiya ilə yanaşı, Ukraynada da bu hərəkata start verildi. Bu ölkədə yaşayan azərbaycanlı gənclər təşkilatlanaraq, rusiyalı həmyaşıdları kimi Azərbaycan reallıqlarının carçısına çevrilirlər. Həm siyasi, həm elmi, həm işgüzar dairələrdə Azərbaycan gəncliyi geniş şəkildə təmsil olunmaqdadır. Dövlət idarəçiliyində, qanunverici orqanlarda Azərbaycan gənci aktiv fəaliyyət göstərir. Yeni ideyalar, maraqlı təkliflər, faydalı təşəbbüslərlə çıxış etmək Azərbaycan gənci üçün xarakterik cəhətlərdəndir. Azərbaycan gəncinin əməli fəaliyyəti ilə bağlı verilən bu suala cavab bir yazı materialında cəmləşə bilməz. Mən yalnız görülən və görüləcək işlərin müəyyən hissəsini qeyd etməklə kifayətlənməliyəm.
- Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
- Bundan əvvəlki suallara cavab verərkən, təbii ki, bu mövzuya da toxunduq. Lakin konkret olaraq bir neçə əlavələr etmək istərdim. Dediyim kimi, ölkəmizin hər bir rayonunda gənclər və idman idarələri fəaliyyət göstərir. Onlar da yerli icra strukturları tərkibində işlərini qururlar. Arzu olunardı ki, bu idarələrin sərbəstliyini artırmaqla, fəaliyyətlərinin asılılığı qismən aradan qaldırılsın. Bu onların həyata keçirdiyi işlərdə daha müsbət nəticələrin əldə olunmasına kömək edərdi. Bölgələrdə fəaliyyət göstərən gənclər təşkilatlarına real dəstək yerli qurumlar tərəfindən də göstərilməlidir. Təkcə Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşmə, Prezident yanında Gənclər Fondunun ayırdığı qrantlar yəqin ki, kifayət etmir. Sağlam düşüncəli yaradıcı rəqabət mühitinin yaradılması, gənclərin reallaşdırdığı layihələr üçün əsas şərtlərdəndir. Müxtəlif təbliğat vasitələrinin tətbiqi maarifləndirmə prosesinə təkan verə bilər. Gənclərimizin sağlam ruhda böyüməsinə, onların vətənpərvərlik hisslərinin yüksəlməsinə nail olmaq üçün bölgə-mərkəz münasibətləri də sistemli şəkildə nizamlanmalıdır. Çalışmalıyıq ki, paytaxt gəncliyi ilə, bölgə gəncliyinin həyata baxışı, düşüncə tərzi bir-birindən kəskin surətdə fərqlənməsin.
- “Kainat” Gənclik Mərkəzi gənclər sektoru ilə bağlı hansı layihələr həyata keçirir?
- Təşkilatımız Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, ayrı-ayrı digər dövlət və özəl qurumlarla birgə yeniyetmə və gənclərimizin intellektual səviyyəsinin artmasına xidmət edən layihələrin reallaşması ilə məşğuldur. Bu illər ərzində müxtəlif mövzulu bilik olimpiadalarının, dil müsabiqələrinin, idman spartakiadalarının, teleproqramların hazırlanması deməyə əsas verir ki, mərkəz gənc nəslin vətənpərvərlik ruhunda böyüməsini, elmi potensialının inkişafını prioritet sahələr kimi dəyərləndirməkdədir. Bununla yanaşı, kollektivimiz yaradıcı gənclərlə də işi unutmur. Beynəlxalq əlaqələrimizə də xüsusi önəm veririk. Təkcə onu qeyd edim ki, 2012-ci ilin sentyabr ayından 2013-cü ilin fevral ayına kimi dövrü əhatə edən layihə çərçivəsində Gənclər Fondunun dəstəyi ilə mərkəz Yenilikçi Gənclərin Respublika Forumunun keçirilməsinə nail olub. May ayının 3-də Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının dəstəyi və yaradıcı gənclərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” devizi altında keçirilən bədii-ədəbi gecə, təşkil etdiyimiz beynəlxalq uşaq muğam festivalları, eləcə də İSESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə İslam Dünyası gənc klassik musiqi ifaçılarının II Beynəlxalq festival-müsabiqəsi “Kainat” Gənclik Mərkəzinin bu sahədə gənclərlə apardığı işlərə əyani misaldır. Görülmüş və görüləcək işlərimiz haqqında tez-tez dövri mətbuatda çıxış edir, internet səhifəmizdə (www.kainat.az) də məlumat yerləşdiririk. Ümumiyyətlə, gənclərlə iş birliyində olan hər bir təşkilat əhatə dairəsini genişləndirməklə yanaşı, fəaliyyət çərçivəsində təcrübəyə istinad etməli, mütərəqqi formalara üstünlük verməlidir. Beynəlxalq təcrübənin öyrənilməsi də istisna olunmamalıdır. Azərbaycanın bugünkü gəncliyi gələcəyin qurucuları olduğundan milli-mənəvi dəyərlərimizə köklənməklə yanaşı, müasir həyatımızın carçılarına çevrilməlidirlər.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info