Ər-Riyadı Vaşinqtondan Moskvaya istiqamətləndirın səbəb nədir?
Tarix: 06.10.2017 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


81 yaşı olduğu üçün xarici səfərlərə demək olar ki, getməyən kral Salmanın böyük nümayəndə heyəti ilə Putinlə görüşmək üçün Moskvaya səfər etməsi Səudiyyə Ərəbistanının dəyişən situasiyaya uyğunlaşma siyasəti kimi qəbul edilir

Ekspert: “Səudiyyə Ərəbistanı dünya və Yaxın Şərqi əhatə edən dəyişikliyi, geosiyasi konyukturanın əvəzlənməsini və ABŞ-ın dünya arenasındakı davranışını yaxşı başa düşür”

Səudiyyə Ərəbistanı kralı Salman ben Abdel-Əzizin Moskva səfəri dünya mediasının diqqət mərkəzindədir. Tərəflər arasında siyasi-iqtisadi-hərbi-texniki sferada bir sıra sənədlər imzalanıb. Moskva və Ər-Riyad atom energetikası, yüksək texnologiya və Səudiyyə Ərəbistanında dəmir yolu sahəsinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq etmək barədə razılıq əldə ediblər. Tərəflər arasında C-400 kompleksinin alınması ilə bağlı ümumi razılıq əldə edilib. Kral səviyyəsində Rusiyaya reallaşdırılan ilk rəsmi səfəri vacib edən amillər geniş müzakirə predmetinə çevrilib. Kral Salman dövləti yaradan Feysal Əl-Saudun ölkəni idarə edən sonuncu oğlu olacaq. Məsələ ondadır ki, 81 yaşlı kralı özündən sonra qardaşı yox, oğlu əvəzləyəcək. 81 yaşı olduğu üçün xarici səfərlərə demək olar ki, getməyən kral Salmanın böyük nümayəndə heyəti ilə Putinlə görüşmək üçün Moskvaya səfər etməsi ciddi mətləblərdən xəbər verir. Ər-Riyad üzünü Vaşinqtondan Moskvayamı çevirir? Geosiyasət üzrə ekspert Leonid Savin “RT”yə açıqlamsında deyib ki, bu səfər Ər-Riyadın Moskvaya ehtiyacı olduğunu ortaya qoyur: “Kral özü Moskva gəlməklə Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu göstərir. Onların bizə ehtiyacı var”. Suriya məsələsində bir çox dövlətin maraqları toqquşur. Suriyadakı müxalifəti dəstəkləyən rəsmi Ər-Riyadın mövqeyində müəyyən dəyişiklik ola bilər. Məsələ ondadır ki, kral Putinlə görüşdə bildirib ki, Suriya məsələsində Rusiya ilə Səudiyyə Ərəbistanının mövqeyi üst-üstə düşür. Kral Suriyanın bütövlüyü və ərazi bütövlüyünün qorunmasına xüsusi vurğu edib. Səudiyyə kralı Suriya məsələsində Rusiyanın əsas müttəfiqlərindən biri olan İranı kəskin tənqid edib. Ekspert Qriqori Kosaç bildirib ki, tərəflər arasında Suriya ilə bağlı fərqli yanaşma var. Ər-Riyad Rusiya-İran yaxınlaşmasından ciddi şəkildə narahatdır. Amma Leonid Savin hesab edir ki, kralın Rusiyanın dəstəyi ilə Astanada keçirilən danışıqları dəstəkləməsi onu göstərir ki, Səudiyyə Ərəbistanı Moskvaya yaxınlaşmağa başlayıb. Moskva görüşündə Suriya ilə yanaşı Liviya, İraq, Yəmən, İran körfəzindəki situasiya, İsrail-Fələstin məsələsi müzakirə edilib. Leonid Savin kralın səfərini dünyada baş verən geosiyasi dəyişikliklə əlaqələndirir: “Səudiyyə Ərəbistanı dünya və Yaxın Şərqi əhatə edən dəyişikliyi, geosiyasi konyukturanın əvəzlənməsini və ABŞ-ın dünya arenasındakı davranışını yaxşı başa düşür. Səudiyyəlilər artıq “bütün yumurtaları bir səbətə qoymaq” istəmirlər. Onlar birtərəfli şəkildə ABŞ-a istiqamətlənmiş siyasətdən uzaqlaşırlar. ABŞ artıq dünyada vahid güc mərkəzi sayılmır. Ər-Riyadın Moskva ilə geniş spektri əhatə edən əməkdaşlığı da bu amillə bağlıdır”. Bir məqamı da xatırladaq ki, Rusiya dövlət başçısı bu səfərdən əvvəl keçirilən enerji forumunda bildirmişdi ki, Səudiyyə Ərəbistanı ABŞ-ın yaxın müttəfiqi olsa da Moskva ciddi əlaqələr üçün böyük perspektivlər görür: “Hər şey həmişə dəyişir. Bizim Səudiyyə Ərəbistanı ilə fikir ayrılığımız var. Amma Rusiyanın üstünlüyü var – biz heç vaxt heç kimlə ikili oynamırıq”. Ər-Riyadın xarici siyasətdə diversifikasiyaya getməsi, ABŞ silahından daha ucuz olan Rusiya silahlarını almağa maraq göstərməsi Səudiyyə Ərəbistanını regionda dəyişən situasiyaya uyğunlaşma siyasəti kimi qəbul edilir. Dünya mediasında son dəqiqə xəbəri kimi keçən məlumat isə Ər-Riyadın Moskvadan C-400 komplekslərini alması ilə bağlı informasiya olub. Artıq hərbi sahədə əməkdaşlıqla bağlı rəqəm də səslənib- 3 milyard dollar. Baş nazirin müavini Roqozin Ər-Riyadın C-400 kompleksi ilə maraqlandığını, müzakirələrin getdiyini, amma hələ ki, son qərarın olmadığını deyib. “Sky News Arabia” isə Səudiyyə Ərəbistanının Rusiya komplekslərini almağa artıq razılıq verməsi ilə bağlı xəbər yayıb. Tərəflər arasında digər hərbi məhsulların alınması və lisenziyalı “Kalaşnikov 103”» avtomatları və patronlarının Səudiyyədə istehsalı ilə bağlı memorandum da imzalayıblar. Şübhəsiz ki, tərələrin müzakirə etdiyi əsas məsələlərdən biri də neft sahəsi olub. Hər iki ölkə neftin qiymətinin aşağı olmasından əziyyət çəkdiyindən onlar qiymət artımında maraqlıdır. “Saudi Aramco” şirkətinin direktoru da nümayəndə heyətinin tərkibində yer alır. Rusiyanın enerji naziri Novak bildirib ki, “Qazprom” və “Rosneft” «Saudi Aramco» şirkəti ilə əməkdaşlıq etməyə və müqavilə imzalamağa hazırdırlar. Ər-Riyad atom sahəsində əməkdaşlığı də Rusiya ilə münasibətlərin mərkəzinə çəkir. Səudiyyə Ərəbistanı rusların köməyi ilə ölkədə atom sahəsini inkişaf etdirmək, ölkədə AES inşa etmək istəyir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info