“İmtahanların keçirilməsi qaydasının dəyişdirilməsi sadələşdirilməyə yönəlib”
Tarix: 06.10.2017 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışı olub. Açılış mərasimində ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan beynəlxalq təhsil sərgisinin keçirilməsinin artıq ənənə halı aldığını bildirib. Vurğulanıb ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazirliyin stendləri bu il daha geniş sahəni əhatə edir.
Nazir sərginin təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib. 2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edildiyini xatırladan M.Cabbarov bu hədəfin təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirmək məqsədi daşıdığını bildirib.
“CEO” şirkətinin direktoru Edvard Stroun sərginin “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkilinin təsadüfi olmadığını diqqətə çatdırıb. O deyib: “Müasir dövrdə insan ən böyük kapitaldır”. E.Stroun sözlərinə görə, sərgi dünyanın 24 ölkəsindən 144 iştirakçını bir araya gətirib. Bildirilib ki, sərgidə xarici ölkələrin təhsil proqramları təqdim olunur. Bu, azərbaycanlı gənclərə xaricdə təhsil almaları üçün geniş imkanlar yaradacaq.
Sonra sərgiyə baxış keçirilib.
Sərgidə iştirakçılara “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil - sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim olunur. Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyinin stendində bu qurumun yaxın gələcək üçün plan və proqramları barədə məlumat verilir. Builki sərgi “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənir. Tədbir çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” mövzusunda seminar da təşkil olunacaq.
Sərgidə Azərbaycanın 17 ali təhsil müəssisəsinin stendləri yer alıb. Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edirlər.
Ümumilikdə sərgi çərçivəsində bakalavriat, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilir. Buraya gələnlər aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər. Sərgidə 9-11-ci sinif şagirdləri, tələbələr, valideynlər, təhsil sahəsinin peşəkarları iştirak edirlər.
Qeyd edək ki, “Education 2017” ilə yanaşı, XI Azərbaycan beynəlxalq karyera (“Career 2017”) sərgisi də təşkil olunub.
Sərginin baş sponsoru respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən “Kapital Bank”dır. Sərgi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.
On birinci Azərbaycan beynəlxalq təhsil sərgisi oktyabrın 8-dək davam edəcək.

“Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir”

“Prezidentin müvafiq Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək”. Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Ali məktəblərdə hazırlıq siniflərinin təşkili ilə bağlı məsələyə aydınlıq gətirən nazir bildirib: “Hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq”.
M.Cabbarov qeyd edib ki, hansı universitetlərdə hansı ixtisaslar üzrə hazırlıq siniflərinin olacağına dair qərarlar növbəti mərhələlərdə veriləcək. Hazırda müvafiq ekspertlər, Təhsil Nazirliyinin aidiyyəti şöbələri tərəfindən bu istiqamətdə iş aparılır. Müəyyən müddətdən sonra bu məlumat ictimailəşdiriləcək.

İldən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olurlar

Nazir bildirib ki, Azərbaycanda ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur. 2017/2018-ci tədris ilində rekord sayda abituriyent tələbə adını qazanıb.
“Xüsusi olaraq vurğulamaq istərdim ki, bu, orta qəbul balının artması ilə bərabər olub. Yəni tələbə sayının artmasına ali məktəblərə qəbul meyarların aşağı salınması deyil, keyfiyyət meyarının qorunub saxlanılması səbəb olub. Bu da onu göstərir ki, ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”, - deyə nazir bildirib. Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirib. Nazir ilk dəfə bu sahə ilə məşğul olan Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin dəyişikliklərə dair birgə təşəbbüsü barədə iki il əvvəl xəbər verildiyini deyib. Onun sözlərinə görə, bu, abituriyentlərə, onların valideynlərinə və şagirdlərə dəyişikliklərə hazır ola bilmələri üçün əlavə vaxt və imkan yaradır. İmtahan formatının təkmilləşdirilməsi, bu günün tələblərinə uyğunlaşdırılması, biliklərin əmək bazarının ehtiyaclarına uyğun qiymətləndirilməsi prosesi aparılır.
M.Cabbarov bildirib ki, imtahanların keçirilməsi qaydasının dəyişdirilməsi format olaraq sadələşdirilməyə yönəlib. Bu, imtahan fənlərinin sayının azalmasında özünü büruzə verir. O deyib: “İkinci mühüm məqam isə ondan ibarətdir ki, məktəbdə əldə edilən biliklərin, nəticə etibarı ilə məktəb imtahanlarının dəyəri artmaqdadır. 25 il əvvəl tətbiq olunan bir sistem bu müddət ərzində vətəndaşlara xidmət edib və gələcəkdə də edəcək. Lakin mütəmadi olaraq baş verən dəyişikliklərə nəzər salmalı və bunları unutmamalıyıq. Doqquz il əvvəl məktəblərdə yeni tədris proqramı (kurikulum) tətbiq olunub. Yeni imtahan modeli də baş verən dəyişikliklərin nəticəsidir. Artıq mütləq bilikdən biliklərin tətbiqi bacarığına keçid baş verir. İki ölkədə - Rusiyada və Türkiyədə də oxşar proseslər gedib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info