“Dövlətin incəsənət xadimlərinə xüsusi qayğısı var”
Tarix: 09.05.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Əməkdar artist Ayan Mir-Qasım:
“Aktyorun zəhməti qiymətləndirilirsə, bu artıq onun üçün bayrama çevrilir”

“İncəsənətin inkişafı, kinoteatr binalarının
təmiri istiqamətində böyük işlər görülür”


Respublikanın Əməkdar artisti Ayan Mir-Qasım ilə sənəti və yaradıcılığı haqqında həmsöhbət oldum.. Ayan Mir-Qasım ilə müsahibəni oxuculara təqdim edirik:

Ayan Oqtay qızı Mirqasımova (Ayan Mir-Qasım) 5 may 1969-cu ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1986-1990-cı illərdə Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında Aleksey Vladimiroviç Batalovun sinfində təhsil alıb. 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı, xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993-cü il, Özbəkfilm, rejissor Rano Kubayeva) və "Yelləncək" (2005-ci il, Rusiya, rejissor Vyaçeslav Nikiforov) filmlərində yer alıb. "Apofiqey- 99" tamaşaçı rəğbəti nominasiyası üzrə teatr mükafatı, I Beynəlxalq Madrid Kinofestivalında "Ən yaxşı qadın rolu" mükafatına layiq görülüb, XII Beynəlxaq Daşkənd Kinofestivalında "Qızıl zanbaq", MDB və Baltikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısı olub, 2000-ci ildən Əməkdar artistdir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.
- Ayan xanım, incəsənət aləmi sizin üçün nə ifadə edir?
- Mən 2005-ci ildən Prezident təqaüdçüsüyəm və bu mənim üçün böyük bir şərəfdir. Əlbəttə ki, ilk növbədə bu mənim üçün böyük məsuliyyətdir. Digər tərəfdən isə dövlətin bizə qarşı olan xüsusi diqqət və qayğısını hiss edirəm. Mən Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm ki, hər il mənim yaşadığım hissləri bir çox incəsənət xadimləri yaşayır. Məsələn, mən 2000-ci ildə Əməkdar artist adına layiq görülmüşəm. Bu adı qazanmaq mənim üçün böyük şərəf idi. Çünki mən bu ad üçün olduqca gənc idim. Bu həm də böyük məsuliyyət deməkdir. Bu təqaüdü aldıqda insan özünü xüsusi diqqət və qayğı altında hiss edir. Bu il mən gördüm ki, siyahı böyüyüb və mən həmkarlarımın adından incəsənətə qarşı göstərilən xüsusi diqqətə görə Prezidentimizə təşəkkür edirəm. İnsanlar incəsənətə gələndə nə qazanacaqlarını düşünmürlər. Çünki onlar bu həyata təmənnasız gəlirlər və əgər kimsə aktyor olmaq qərarına gəlibsə, o bilmir ki, gələcəkdə onun həyatı necə olacaq. O bilmir ki, gələcəkdə məşhur olacaqmı, ona qarşı diqqət olacaqmı. O sadəcə bu sənəti seçir və özünü bu sənətə həsr edir. Hətta Rus Dram Teatrında deyirlər ki, mən burada xidmət edirəm. Heç kim demir ki, mən burada işləyirəm, ancaq “mən burada xidmət edirəm” deyilir. Ən əsası da aktyor zəhməti qiymətləndirilirsə, bu artıq bayrama çevrilir. Bu hər kəsə nəsib olmur. Bu artıq kimin üçünsə xüsusi diqqətin göstəricisidir. Bundan başqa, mən incəsənətə göstərilən qayğıya görə də təşəkkür edirəm. Çünki Azərbaycan incəsənəti hər tərəfdən inkişaf edir və bu proses müşahidə altındadır. Hər şeydən əvvəl teatrın və kinonun inkişafı üçün Prezident sərəncam imzalayıb. Bunun üçün hər şey ediblər. Məsələn, binaların rekonstruksiyası, teatrların təmiri sahəsində də çox böyük işlər gedir. Kinoda gənclərin üzə çıxarılması, Azərbaycanda gənclərə dəstək çox vacibdir. İncəsənətin bir qolu olan rəssamlıq üzrə də böyük inkişaf, əlbəttə ki, göz qabağındadır. Yeni art qalereyaların açılması gənc rəssamların inkişafında böyük rol oynayır. Cavanlara yol göstərilir, qocalara hörmət olunur. Bu proseslər çox aktiv və pozitivdir. Əgər ailədə cavanlarla yaşlılar arasında harmonik münasibətlər varsa, bu ailə xoşbəxtdir. Əgər yoxdursa, bu ailə xoşbəxt sayılmır. Biz bu ənənəni saxlamışıq. Ən əsası onu demək istəyirəm ki, bu sahədə ən böyük işi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva görüb. Bu gənc istedadlara böyük köməkdir. “Yuxu” filmi çəkiləndə mənim 24 yaşım var idi. Bu filmi 1994-cü ilin yayında çəkdilər. Film çəkildikdən sonra on il yayımlanmadı. Nəhayət, 2002-ci ildə film efirə buraxıldı. Bir sözlə, incəsənət sahəsi mənim həyatımın bir hissəsi olub.
- Aktyorluğa nə zamandan başladız?
- Mən uşaqlıqdan filmlərə çəkilmişəm. Çünki o zaman uşaqlar üçün tez-tez filmlər çəkilirdi. Mənim ilk filmim Gülbəniz Əzimzadənin çəkdiyi “Ötən ilin son gecəsi” olub. O zaman mənim on üç yaşım var idi. Bu filmdə Elmira Şabanova mənim anam rolunu ifa etmişdi. Bundan əvvəl isə “Təkcə adanı özünlə apara bilməzsən” filmində çəkilmişəm. Bu filmdə mən baş rol olan Nailə obrazını canlandırmışam. Bu film İttifaq festivalında Qran-Pri aldı. Filmin rejissoru Gülbəniz Əzimzadə, ssenari müəllifi Nadejda İsmayılova, operatoru Hüseyn Mehdiyevdir. Bu filmdə Ramiz Novruz mənim atam rolunu oynayıb. Daha sonra “Avqust gələcək” filminə çəkildim. Artıq 1993-cü ildən mən filmlərə çəkilməyə başladım. 2-ci kursda oxuyanda “Araqarışdıran” filminə çəkildim. Mən hətta özbək və türkmən filmlərində də oynamışam. Mən Fikrət Əliyevin “Yuxu” filmindən sonra Hüseyn Mehdiyevin “Özgə vaxt” filminə çəkildim. Bu film bir çox festivallara gedib. “Özgə vaxt” filmindən sonra Eldar Quliyevin “Bu gözəl, gözəl dünya” filminə çəkilmişəm. Rasim Ocaqovun “Otel otağı” filmində isə epizodik rolda çəkilmişəm. İncəsənət həyatımın yolu buradan başladı.
Bəlkə də ailəmizdəki sənət və ailə münasibətləri düzgün tarazlıqda olduğu üçün mənim aktrisalıq həyatımda heç bir çətinlik olmadı. Ən əsası da gərək ailəndə sənin fikir və istəklərini dəstəkləyən olsun. Bu barədə, əlbəttə ki, mənim bəxtim gətirib.
- Atanız-görkəmli rejissor Oqtay müəllim çəkdiyi filmlərdə sizə rol vermək haqqında tərəddüd etməyib ki?
- Atamın çəkdiyi filmlərdə çəkilmək mənim üçün əlbəttə ki, böyük xoşxbəxtlikdir. İlk əvvəllər atam mənə inanmırdı. Daha doğrusu, peşəkar aktyorlarla çalışmağa üstünlük verirdi. Atam əvvəlcə sənədli filmlər çəkib. Məsələn, Qara Qarayev haqqında “Bu həqiqətin səsidir” adlı sənədli film çəkib. Daha sonra isə bədii filmlər çəkməyə başlayıb ki, artıq təcrübə qazandıqdan sonra atam məni öz filmlərinə çəkdi. İlk çəkildiyim filmi isə “Ovsunçu” filmi oldu. Daha sonra “Günaydın mələyim” filminə çəkildim. İndi isə “Qisas almadan ölmə” filminin çəkilişlərini yekunlaşdırırıq. Sənətimlə əlaqədar olaraq isə atam hər zaman mənim yanımda və hər zaman mənim böyük dəstəkçim olub. Yəni ki, atamın filmlərində çəkilmək mənim üçün asan deyildi. Çünki atam ancaq professional və təcrübəli aktyor heyətilə çalışırdı. Mənim atamın filmlərində çəkilməyim çox sonra oldu ki, o zaman mən artıq aktyorluq sənətində öz sözümü demişdim.
- Sizin üçün ailə önəmlidir, yoxsa sənət? Yəni qızınıza daha çox vaxt ayırırsınız, yoxsa vaxtınızın çoxunu sənətinizə həsr edirsiniz?
- Allaha şükür, qızım müstəqildir və öz ayaqları üstündə durmağı bacarır. Anamla atam da öz köməklərini əsirgəmir. Bu həyatla bağlıdır. Əgər insanın həyatında boşluq varsa, onda sənətdə də boşluq olacaq. Əgər insan harasa qaçırsa və tamaşada oynayırsa, onda o, rolunu başqa nəfəslə oynayacaq. Yəni hər şeyi tarazlıqda saxlamaq lazımdır. Ancaq ailəyə bağlanmaq da düzgün deyil. Düzdür, qadın üçün ailə öndə gəlir. Amma özünü də şəxsiyyət kimi təsdiq etməlidir.
- Aktrisalıq Ayan xanımın həyatında hansı məna daşıyır?
- Əvvəla, bu mənim üçün həyat tərzidir. Çünki mən uşaqlıqdan özümü balaca bir aktrisa kimi hiss edirdim. Mən xoreoqrafiya məktəbində oxuyurdum və orada oxuduğum müddətdə bir neçə filmdə çəkilmişəm. Mən birinci dəfə səhnəyə çıxanda Azərpaşa Nemətov məni gördü. Mən də səhnədə oxuyurdum, oynayırdım, şeir deyirdim. Atama dedi ki, mənə bir tamaşa üçün uşaq lazımdır və məni məşqə götürmək üçün icazə aldı. Bu, atamın xoşuna gəldi və razılıq verdi. Mən başa düşmürdüm ki, bu, sabah peşə ola bilər. Mən çox xoşbəxt idim. Çünki heç bir məsuliyyət hissi yox idi. Daha sonra mən Moskvaya ali təhsil almağa getdim. 1-ci kursda mən seçdiyim peşəyə şübhə ilə yanaşırdım. Çünki biz on dörd nəfər idik. Əlbəttə ki, bizdə rəqabət var idi.
- Yaratdığınız obrazları sizcə, istədiyiniz tərzdə tamaşaçıya çatdıra bilirsinizmi?
- Mən bunu heç vaxt deyə bilmərəm. Çünki həmişə filmlərə baxanda məndə şübhə yaranır ki, görəsən, yaxşı oynamışam, ya pis. Mən özümə obyektiv baxa bilmirəm. Bunu mənə bir çox aktyorlarımız da deyib. Bunu ancaq tamaşaçılar, ya da rejissorlar deyə bilər. Məsələn, “Özgə vaxt” filmində tərəf-müqabilim olan Ələddin Abbasova və rejissor Hüseyn Mehdiyevə, bütün yaradıcı heyətə minnətdaram ki, onların köməyi sayəsində mən ən yaxşı qadın aktrisa adına layiq görüldüm. Amma bu mənim yox, hamının adı ilə bağlıdır. Yəni mən özüm özümə qiymət verə bilmirəm.

Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info