Kənd təsərrüfatı sektoru müasir texnika ilə təmin edilib
Tarix: 11.10.2017 | Saat: 23:59:00 | E-mail | Çapa göndər



Kənd təsərrüfatı texnikasına ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi kənd təsərrüfatı məhsullarının qiymətində öz müsbət təsirini göstərib və iqtisadiyyatın aqrar bölməsində rəqabət qabliyyətinin artmasına kömək edib

Bu gün kənd təsərrüfatı məhsulları istehsalını müasir texnika və texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Qloballaşan iqtisadi münasibətlər, dünya bazarında yüksək rəqabətlilik, kənd təsərrüfatı və ərzaq məhsullarına qarşı artan təhlükəsizlik tələbləri aqrar bölmənin müasir texnikalarla təchizatını şərtləndirən əsas amillərdəndir. Kənd təsərrüfatında müasir becərmə texnologiyalarının tətbiq edilməsi, eləcə də hazır məhsulun itkisiz yığımı və tədarükü üçün müasir tipli kənd təsərrüfatı texnikalarından istifadə edilməsi zamanın vacib tələbidir.
Hazırda ölkəmizdə prioritet olan kənd təsərrüfatının inkişafı istiqamətində vacib amillərdən biri də məhz bu sektorda müasir texnikanın tətbiqidir. Bu gün ölkəmizin kənd təsərrüfatında Almaniyanın “CLAAS”, Finlandiyanın “Sampo Rosenlew”, İtaliyanın “New Holland” və sair kimi dünyanın məşhur şirkətlərinin istehsalı olan texnikalardan istifadə olunur. Bu texnikaların yüksək qiymətlərə malik olması ilə bağlı hazırda ölkədə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikasının lizinq xidmətləri həyata keçirilir. “Aqrolizinq”ASC dövlət tərəfindən ayrılan vəsait hesabına tələb olunan kənd təsərrüfatı texnikalarını alaraq, onları 10 ildən artıq olmayan müddətə lizinq yolu ilə sahibkarlıq subyektlərinə satışını həyata keçirir. Bu mexanizm kənd təsərrüfatının texniki təminatında və texnika parkının yeniləşdirilməsində mühüm amildir.
Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunaraq onlardan biri kimi müasir texnikanın alınmasının vacibliyini bildirdi: “Hesab edirəm ki, bu il kənd təsərrüfatı texnikasının alınması ilə bağlı rekord il olub. Bu il artıq 8 min texnika gətirilib. Biz bu il 10 min texnika gətirməli idik. Yəqin ki, qalan texnika da ilin sonuna qədər gətiriləcək. Deməliyəm ki, mən indi bölgələrdə olarkən texnika ilə bağlı heç bir şikayət, yaxud da əlavə təklif yoxdur. Biz demək olar ki, bu məsələni də həll etmişik. Əlbəttə ki, bəzi kənd təsərrüfatı sahələrinin inkişafı üçün xüsusi texnikanın alınması davam etdirilməlidir və biz bunu edəcəyik. Amma prinsipcə hesab edirəm ki, biz bu problemi də köklü şəkildə həll etmişik”.

Dünya kənd təsərrüfatı texnikası sahəsində vəziyyət

Bu gün dünyada kənd təsərrüfatının inkişafı istiqamətində müasir texnikanın tətbiqinin vacibliyini irəli sürən mütəxəssislər bu sektorla bağlı hesabat hazırlayıblar. "Texnika İstehsalat sektoru - Türkiyə və Dünya Qiymətləndirmə Hesabatı 2017" də bir sıra statistik rəqəmlər öz əksini tapıb. Hesabata görə, dünyada texnika ixracı bazarının həcmi 1,2 trilyon dollara çatıb. Bu bazarda mühüm yer tutan Türkiyənin qlobal texnika ixrac bazarında payı 8,7 milyard dollarla 0,72 faizdir. Dünyada kənd təsərrüfatı texnikasının ixracı isə 53 milyard dollardan çoxdur ki, Türkiyənin bu ixracatda payı 1,2 faizdir.
Kənd təsərrüfatı texnikası sektorunun dünya sıralamasına baxdığımızda Almaniya ən böyük ixracatçı ölkədir. 2015-ci ildə Almaniya 8,8 milyard dollarlıq kənd təsərrüfatı texnikası ixrac edib, ikinci sırada 7,5 milyard dollar ixracla ABŞ gəlir ki, onu 4,6 milyard dollarlıq ixracatla İtaliya təqib edir.
İdxalda isə liderlik ABŞ-ın əlindədir. Belə ki, dünyada kənd təsərrüfatı texnikası idxalında 7,4 milyard dollarlıq idxalla ABŞ ilk sıradadır. Fransa və Almaniya, 4 milyard dollarlıq idxalla ikinci və üçüncü yerləri bölüşürlər. 2016-ci ildən etibarən Türkiyənin kənd təsərrüfatı texnikası ixracatında ən böyük bazarı 170 milyon dollarla ABŞ təşkil edir. İtaliyaya ixrac 64 milyon dollardır, İraqa isə 29 milyon dollar dəyərində kənd təsərrüfatı texnikasını ixrac edilir. Bu ölkələri sırası ilə Azərbaycan, İran, Sudan, Əlcəzair, Ukrayna, Bolqarıstan və Cənubi Afrika izləyir. Hesabatda göstərilir ki, 2013-ci ildən etibarən qlobal kənd təsərrüfatı texnikası sənayesi üçün 95 milyard avroluq bir bazar mövcuddur. Bu rəqəmin artıq 100 milyard avrodan çox olduğunu söyləmək mümkündür.
Kənd təsərrüfatı texnikası içində ən çox istifadə edilən traktordur ki, “Agrievolution” 2017-ci ilin birinci yarısını əhatə edən dünya traktor bazarı ilə bağlı statistik hesabatı təqdim edib. Hesabata görə Rusiya, Kanada və Braziliyada traktor satışları xeyli səviyyədə artdığı halda, Asiya ölkələri Çin, Cənubi Koreya və Yaponiyada satışlar azalıb. “Agrievolution” (www.agrievolution.com) Braziliya, ABŞ, İspaniya, Almaniya, Fransa, İtaliya, İngiltərə, Avropa Birliyi, Türkiyə, Rusiya, Çin, Hindistan, Cənubi Koreya və Yaponiyada fəaliyyət göstərən 14 kənd təsərrüfatı texnikası emal birliyindən ibarətdir. ABŞ və Avropada ümumi traktor satışları az miqdarda da olsa yüksəlib.

Müasir texnika fermerlər və sahibkarların istifadəsinə verilib

Bu gün ölkəmizdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün kifayət qədər maddi texniki baza yaradılıb, ən müasir texnika və texnoloji avadanlıqların fermerlər və sahibkarların istifadəsinə verilib. Kənd təsərrüfatında rəqabətədavamlılığın artırılması və dayanıqlı inkişafının təmin edilməsi üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri həyata keçirilir. Kənd təsərrüfatı texnikasının uzunmüddətli, olduqca yüngül şərtlərlə lizinq yolu ilə satılması, Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarına dövlət vəsaiti hesabına güzəştlərdə tətbiq edilir. Kənd təsərrüfatı texnikası, eləcə də suvarma sistemlərinə və avadanlığına güzəştlərin tətbiqi kənd təsərrüfatı texnikasına tələbatı əhəmiyyətli dərəcədə artırıb ki, bu da parkın müasir standartlara uyğun texnikalarla yeniləndirilməsinə böyük təkan verib. Azərbaycanda kənd təsərrüfatı texnikasına dövlət vəsaiti hesabına güzəştlərin tətbiqi praktikası yaxşı nəticələr verdiyinə görə bir sıra qonşu dövlətlər bu təcrübiyə böyük maraq göstərir və bu sahədə informasiya mübadiləsi edirlər.
Kənd təsərrüfatı texnikasına ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi kənd təsərrüfatı məhsullarının qiymətində öz müsbət təsirini göstərib və iqtisadiyyatın aqrar bölməsində rəqabətqabliyyətinin artmasına kömək etməklə bərabər, dayanıqlı inkişafında yaxşı zəmin yaradıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info