Türkiyə əsgərləri İdlibdə: yeni toqquşmalar istisna deyil
Tarix: 13.10.2017 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


“Newsweek”:
“Ağ Ev Suriyada müharibəni uduzub və ölkəyə nəzarət Rusiya, İran və qismən də Türkiyənin əlindədir”

Türkiyə ordusunun hissələri və ağır texnikası Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinə daxil olub. Anadolu Agentliyi xəbər verir ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı yayıb. Türkiyə hərbçilərinin vəzifəsi Astana razılaşması çərçivəsində gərginliyi azaltma bölgəsi elan olunmuş İdlibdə atəşkəsin təsis və müşahidəsini aparmaq, humanitar yardımların çatdırılması və qaçqınların geri dönməsi üçün lazımi şəraiti təmin etməkdir.
Xarici KİV-lərin məlumatlarına görə, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 30-a yaxın hərbi texnikası, həmçinin 120-dən çox xüsusi təyinatlı hərbçisi dislokasiya olunub. Bundan üç gün əvvəl, oktyabrın 9-da Baş qərargah İdlib əyalətində əməliyyata başladığını elan etmişdi. İlk türk əsgərləri isə oktyabrın 8-də gərginliyin azaldılması bölgəsində təhlükəsizliyə dəstək vermək məqsədi ilə istifadə olunacaq müşahidə məntəqələrini qurmaq üçün İdlibə daxil olublər. Türkiyənin Hatay əyalətinin Suriya ilə həmsərhəd Reyhanlı rayonuna xeyli sayda hərbi nəqliyyat vasitələri və təcili yardım maşınları cəmləşdirilir. Məlumata görə, sərhədə cəmləşdirilən nəqliyyat vasitələri Türkiyə hərbi kontingentinin İdlibdəki təhlükəsizlik zonasına yerləşdirilməsi prosesinə cəlb ediləcək.

“Türkiyə bu əməliyyatla terror təşkilatının o bölgədə kanton quraraq dənizə açılmalarını əngəlləyir”

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmail Hakkı Pekin APA-ya açıqlamasında deyib ki, İdlib əməliyyatı ilə Türkiyə bir neçə təhlükəni aradan qaldıraraq Suriyadakı siyasi çözümdə söz sahibi olacaq. General-polkovnik İsmail Hakkı Pekin deyib ki, əməliyyat üçün Türkiyə Silahlı Qüvvələri kifayət qədər hazırlıq görüb, 14 yerdə nəzarət nöqtələri yaradılıb: “Türk ordusu orada birbaşa döyüşə girməyəcək, İdlib vilayətini terrorçulardan təmizləyən qüvvələrə dəstək verəcək. Ehtiyac yaranması halında türk ordusu da birbaşa döyüşlərə girəcək. İdlib çox qarışıq yerdir, Suriyanın digər bölgələri terrorçulardan təmizləndikcə hamı oraya üz tutdu. İndi orada 12 müxtəlif terror təşkilatının varlığından söhbət gedir, onların arasında “Əl-Qaida”, “Ən-Nusra” kimi ən təhlükəli terror təşkilatları var və hazırda onlar tərəfindən hər hansı aksiyaya şahid olmasaq da, Türkiyənin terrorçulara qarşı mübarizədə dəqiq taktikalar izləməsi lazımdır. Digər tərəfdən, döyüşlərin başlaması halında o bölgədən 2 milyon insanın qaçqın kimi Türkiyəyə gəlməsi təhlükəsi var”. İstefada olan general bildirib ki, İdlib əməliyyatı Türkiyənin maraqları baxımından çox önəmlidir: “Çünki Türkiyə bu əməliyyatla PYD/YPG terror təşkilatının o bölgədə kanton quraraq dənizə açılmalarını əngəlləyir. İkincisi, daha əvvəl həyata keçirdiyi “Fərat qalxanı” hərəkatıyla Afrində kanton yaratma təşəbbüsünü əngəlləyən Türkiyə indiki əməliyyatla o kantonların birləşmə ehtimalını da aradan qaldırır. Türkiyə bu əməliyyatla Afrini mühasirəyə alaraq terrorçuların Hatay bölgəsində yaratmağa çalışdıqları narahatlıqların qabağını alır. İdlib əməliyyatı çox gərəkli və vacib əməliyyat olub, Türkiyənin orada qazanacağı uğur Suriyanın gələcəyinin müəyyənləşdirilməsində Rusiya və İranla birlikdə Türkiyəni də önəmli dərəcədə söz sahibi edəcək. Əməliyyat Suriyadakı siyasi çözüm axtarışlarında tərəflərin hamısına örnək olacaq”. ABŞ başda olmaqla beynəlxalq koalisiyanın İraq və Suriyada apardığı hərbi əməliyyatlara rəhbərlik edən general Robert Uayt Bağdadda jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, İraqın əvvəllər “İŞİD” terror qruplaşmasının nəzarətində olan ərazisinin 95 faizindən çoxu azad edilib: “Düşmən geri çəkilir və yaraqlılar kütləvi surətdə təslim olurlar. Onlar uduzduqlarını bilirlər”. Bir qədər əvvəl İraqın Rusiyadakı səfiri Heydər Mənsur Hadi də mətbuat konfransında oxşar bəyanatla çıxış edərək “İŞİD”-in hazırda ölkə ərazisinin yalnız 5 faizinə nəzarət etdiyini bildirmişdi. Səfirin sözlərinə görə, 2014-cü ildə qruplaşma İraqın 40 faiz ərazisini nəzarətdə saxlayırdı. Rusiya Müdafiə Nazirinin rəsmi mətbu orqanı olan “Krasnaya zvezda” isə məlumat verib ki, Suriya ərazisinin 92 faizi “İŞİD”-dən xilas edilib. Bildirilir ki, Rusiya Hava-Kosmik Qüvvələri bir həftə ərzində Suriyada 500 hərbi uçuş həyata keçirib və bunlardan 130-u pilotsuz uçuşlardır. Nəticədə terrorçuların 1260-dan çox obyekti məhv edilib. Suriyada ciddi proseslər başlayıb. Nəşr qeyd edir ki, Barak Obama ABŞ dövlət başçısı olarkən Suriyada üsyançıların dəstəklənməsi, onlara silah verilməsi siyasətini həyata keçirirdi. Vaşinqtonun bu siyasəti Rusiyanı da prosesə qoşulmağa vadar etdi. Rusiya Suriyada Bəşər Əsədə tam dəstək verərək hökumətin ölkəyə nəzarəti bərpa etməsinə hərbi yolla yardım etməyə başladı. Nəşr yazır ki, Rusiyanın bu siyasəti Ağ Evi siyasətini dəyişməyə vadar etdi. Bu dəyişiklikdən sonra ABŞ özünə köhnə-yeni hədəf tapdı- İran. Vaşinqton sanki özünə Suriyada plasdarm yaratmağa çalışır. Suriyada münaqişə başlayarkən çoxları Əsədin sayılı günlərinin qaldığını düşünürdü. “Newsweek” yazır ki, Rusiya və İranın yardımı ilə Əsəd nəinki hakimiyyətdə qaldı, üstəlik ölkəyə nəzarəti tədricən bərpa etməyə başladı. Nəşr yazır ki, Rusiya və İran regionda elə siyasət həyata keçirdilər ki, onlar bir çox halda Vaşinqtonu qabaqlamağa nail ola bildilər. Bir çox yerli tayfa artıq koalisiya qüvvələrinə yox, Əsədə etimad edir və tezliklə yaşadıqları ərazinin hökumət qüvvələri tərəfindən nəzarətə alınacağına inanır. Nəşrin qənaəti belədir ki, Ağ Ev Suriyada müharibəni uduzub və ölkəyə nəzarət Rusiya, İran və qismən də Türkiyənin əlindədir. Onu da qeyd edək ki, Rusiya, Türkiyə və İranın birgə planının işə düşməsi ilə eyni vaxtda Suriyanın şimal-şərqində “İŞİD” terrorçuları tərəfindən törədilən terror aktı nəticəsində onlarla dinc sakin ölüb və yaralanıb. Terror aktı Xasaka əyalətinin Əbu Fas yaşayış məntəqəsində baş verib. Terrorçu-kamikadzelər tərəfindən idarə olunan minalanmış avtomobillər insanların sıx olduğu ərazilərdə partladılıb. “Röyter” partlayışlar nəticəsində azı 50 nəfərin öldüyünü bildirib. Ölənlər arasında Deyr əz Zordan qaçmış çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info