“İslahatlar həm iqtisadiyyatın, həm də idarəetmənin xeyrinədir”
Tarix: 18.10.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər





Tahir Rzayev:
“Nazirlər Kabinetində struktur dəyişiklikləri işləyənlərə imkan verəcək ki, idarəetməni daha da yaxşılaşdırsınlar, təkmilləşdirsinlər”
Bu gün ölkədə həyata keçirilən struktur islahatları bir çox sahələrdə operativ idarəçilik mexanizminin formalaşmasına şərait yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar idarəetmə sistemində təkrarçılığın aradan qaldırılması, dinamiklik kimi daha çevik fəaliyyət imkanları yaradır. Ölkə başçısı çıxışlarında bu islahatların aparılmasına ehtiyac olduğunu bildirib. 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində (referendumda) Azərbaycan Respublikasının Konstitusiyasında edilməsi nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı qəbul olunacağı təqdirdə həmin dəyişikliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsində də mühüm rol oynayacağı ilə bağlı fikirlər səsləndirilib. Prezidentin 2017-ci il 23 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib. Hazırda ölkədə həyata keçirilən bu struktur islahatlarını millət vəkilləri, ictimaiyyət nümayəndələri vacib hesab edir, çevik fəaliyyət üçün imkanlar açdığını deyirlər.

“Struktur islahatlarını müsbət hal hesab edirəm”
Son vaxtlar bir çox sahələrdə bu islahatlar keçirildiyini deyən millət vəkili Tahir Rzayev bildirdi ki, bunun bir nümunəsi kimi Nəqliyyat Nazirliyinin ləğvini göstərmək olar: “Eləcə də bir sıra nazirliklərdə müəyyən tədbirlər həyata keçirildi. Bundan başqa, yerlərdə bu islahatlar oldu. Bir-birini təkrarlayan müəyyən idarə, müəssisələr var idi. Bu neçə illər idi ki, gündəlikdədir. Nazirlər Kabinetində bu islahatların keçirilməsinə gəldikdə isə dövlət bu məsələni daha ciddi hesab edir. Açıq demək lazımdır. Bu gün bəzi nazirliklərdə, komitələrdə ştatlar həddindən artıq çoxdur. Bəziləri elə təsəvvür edir ki, ştatların ləğv olunması işsizliyə yol aça bilər. Ancaq bu belə deyil. Bu ştatların əvəzinə daha işlək strukturlar yaradıla bilər. Məsələn, əvvəllər bizdə nəqliyyatda bəzi xoşagəlməz hallar olurdusa, sürücülərin incidilməsi, yükdaşımada müəyyən problem var idisə, indi bu sahədə çox sakitlikdir. Artıq özəl taksi xidmətləri fəaliyyət göstərir ki, vətəndaş evində oturmaqla həmin xidmətdən istifadə edə bilir. Bu çox gözəl nəticədir. Fikirləşdikdə yaxşı, işlək, səmərəli strukturlar tapmaq olar. Nazirlər Kabinetində dəyişikliklərin edilməsi o demək deyil ki, onun müəyyən səlahiyyətləri əlindən alınır, yox. Burada o şöbələrin birləşdirilməsi, müəyyən artıq ştatların ləğv edilməsi əslində orada işləyənlərə imkan verəcək ki, idarəetməni daha da yaxşılaşdırsın, təkmilləşdirsinlər, işlərində daha məsuliyyətli olsunlar. Bəzi bir-birini təkrarlayan strukturlar var ki, məsuliyyətdən yayınırlar, tələbkarlıq olmur, digərlərinin üzərinə atırlar, öz üzərlərində işləmirlər. Ancaq gözləniləndə ki, kimdənsə tələb olunur, o zaman işinə daha məsuliyyətlə yanaşacaq. Məsələn, bələdiyyələrdə dəyişiklik oldu, bəzi bələdiyyələr ləğv olundu. Az qalan bələdiyyələr ondan səmərəsiz işləyirlər? Azalma müəyyən adamların ziyanınadır, ancaq onu əvəz edən daha çevik strukturlar lazımdır. Eləcə də bu gün kənd təsərrüfatında böyük işlər görülür. Külli miqdarda vəsait sərf olunur, xeyli sayda işçi çalışır. O sahədə elə çevik strukturlar yaradılmalıdır ki, işçilərin çalışmasına təminat yarada bilsinlər. Ona görə də bu islahatlar həm iqtisadiyyatın, həm idarəetmənin xeyrinədir”. Millət vəkilinin fikrincə, bu gün də elə qurumlar var ki, digər nazirliklərin şöbələri ilə fəaliyyətləri oxşardır: “Onlara da baxmaq lazımdır ki, daha çevik bir struktur, idarəetmə olsun. Ona görə də biz günün reallıqlarını qiymətləndirməliyik. Əgər biz daha çevik struktur yarada bilsək, orada əlavə strukturların yaranmasına şərait yarana bilər. Məsələn, baramaçılıqda, üzümçülükdə, taxılçılıqda çox böyük işçi qüvvəsinə tələbat olacaq. Ancaq onu çevik mexanizmə çevirmək üçün bacarıqlı işçilər lazımdır ki, sənayeni, istehsalı artırmaqla əlavə işçi qüvvəsi cəlb edə bilsin. Hazırda bizdə sənaye məhəllələri yaradılır, bir sənaye məhəlləsində 500-dək işçi çalışır. Neftçaladakı sənaye məhəlləsindəki açılışda bu ilkin rəqəm idi. Elə bilirəm ki, məhsullar istehsal olunduqdan sonra oraya digər xidmət sahələri, iaşə, uşaq bağçası, nəqliyyat və digər sahələr əlavə oluna bilər. Bir istehsal sahəsinin yaradılması digər sahə üçün baza yaradır. Ona görə də struktur islahatlarını müsbət hal hesab edirəm. Buna işdən çıxarılma kimi baxmaq lazım deyil. Burada külli miqdarda vəsait sərf olunursa və strukturlar bir-birini təkrarlayırsa o heç bir xeyir gətirmir. Təkrarlanma həm də məsuliyyətdən yayınmadır, hər iki tərəf bir-birinin üzərinə işi atmaqla işi ləngidir. Ona görə də bu sahədə daha çevik mexanizmə ehtiyac var”.

Millət vəkili:
“Nazirlər Kabinetinin strukturu sovet vaxtından qalmış, o siyasi, iqtisadi sistemə uyğunlaşdırılmış struktur idi”
“Azərbaycanda 2016-cı il sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi keçirilib. Buna uyğun olaraq hakimiyyətdə müəyyən struktur dəyişiklikləri baş verdi. Prezident İlham Əliyev 2016-cı ilin dekabrında strateji yol xəritələrini təsdiq edib. Bu strateji xəritələrə uyğun olaraq Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinə başlanıb”.
Bunu Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlara münasibət bildirən millət vəkili, baş nazirin sabiq müavini Vahid Əhmədov deyib. V. Əhmədov bildirib ki, dövlət başçısı Prezident Administrasiyasında islahatlar aparıb, Prezidentin köməkçiləri institutu yaradılıb, müəyyən şöbələr ləğv edilib: “İkinci mərhələdə Nazirlər Kabinetinin strukturu dəyişdirildi. Azərbaycan prezidentinin 2017-ci il 23 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edildi və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 280 ştat vahidindən 200 ştat vahidinə endirildi, ixtisarlar aparıldı. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradıldı. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirildi”.
Millət vəkili bunun çox əhəmiyyətli bir addım olduğunu vurğulayıb: “Bu, çox əhəmiyyətli bir addım idi. Çünki Nazirlər Kabinetinin strukturu sovet vaxtından qalmış, o siyasi, iqtisadi sistemə uyğunlaşdırılmış struktur idi. Nazirlər Kabineti bu vaxta qədər 1994-cü ildə təsdiq edilən Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi. Halbuki indi daha çevik bir hökumətə ehtiyac var idi ki, Prezident tərəfindən təqdim edilən iqtisadi islahatları keçirə bilsin. Struktur islahatları həyata keçirilməklə daha çevik hökumət quruldu ki, bu da Azərbaycanda iqtisadi islahatları aparmaq üçün normal şərait yaratmağa yönəldilib. Düzdür, müəyyən struktur islahatları sona çatdırılmayıb, hələ müəyyən işlər görüləcək, amma aparılan işlər bizi qane edir və islahatlar davam etdiriləcək. Azərbaycanda Nazirlər Kabinetinin strukturunun təkmilləşdirilməsi Azərbaycanda aparılan iqtisadi islahatların faktiki olaraq tərkib hissəsidir”.

Əliməmməd Nuriyev:
“Nazirlər Kabineti mövcud reallıqlar fonunda yeni idarəetmə sisteminin daha çevik, məhsuldar bir komponenti kimi fəaliyyət göstərəcək”
Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirdi ki, Prezidentin Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi barədə fərmanı son illər ölkədə aparılan idaretmə sisteminin optimallaşdırılması siyasətinin davamı kimi iqtisadi proseslərin tənzimlənməsi, mövcud çağırışlara daha çevik reaksiya verilməsi baxımından yeni imkanlar açır: “Azərbaycanda iqtisadiyyatın diversifikasiyası yönündə həyata keçirilən tədbirlər və son zamanlar qlobal miqyasda da təzahür edən yeni iqtisadi proseslər daha çevik, daha peşəkar tənzimləmə sisteminin formalaşdırılmasını şərtləndirir. Bu baxımdan bir-birinin funksiyalarını təkrarlayan qurumların birləşdirilməsi, həm təsərrüfat, həm də tənzimləmə funksiyasını həyata keçirən qurumlarda islahatlar aparılması idarəetmənin keyfiyyətinin yüksəldilməsi baxımından çox mühüm addımlardır. Bu islahatlar dövlət xərclərinə qənaət etməklə yanaşı, qərarların qəbulu prosesinin optimallaşdırılmasına, qərarların icrasına daha effektiv nəzarətin həyata keçirilməsini təmin edir. Bu addımlar perspektivdə daha geniş islahatlar üçün zəminlər yaratmaqla, iqtisadi inkişafa, biznes mühitinin yaxşılaşdırılmasına, investisiyaların cəlb olunmasına yaxşı şərait yaradır. Nəzərə almaq lazımdır ki, Nazirlər Kabineti ölkədə iqtisadiyyatın tənzimlənməsini həyata keçirən, dövlət qurumlarının fəaliyyətini əlaqələndirən əsas icra orqanıdır. Bu qurumda islahatlar aparılmasına doğrudan da ciddi ehtiyac yaranmışdı. Çünki zaman-zaman ekspertlər, millət vəkilləri tərəfindən, hətta iqtisadi sahəyə cavabdeh məmurlar tərəfindən Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı tənqidlər səslənirdi. Şübhə etmirik ki, Nazirlər Kabinetinin strukturunun yenidən formalaşması bu tənqidi məqamların aradan qaldırılmasına böyük töhfə verəcək. Nazirlər Kabineti mövcud reallıqlar fonunda yeni idarəetmə sisteminin daha çevik, məhsuldar bir komponenti kimi fəaliyyət göstərəcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info