“Bu gün gənclərə ayrılan investisiyalardan son nəticədə dövlətimiz bəhrələnəcək”
Tarix: 11.05.2013 | Saat: 01:51:00 | E-mail | Çapa göndər


Rafiq İsmayılov: “Bakıda fəaliyyət göstərən təşkilatlar region gəncləri ilə
şəbəkələşməni gücləndirməlidir”


Müsahibimiz Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri Rafiq İsmayılovdur.

- Rafiq müəllim, əvvəlcə, rəhbəri olduğunuz təşkilat haqda məlumat verərdiniz.
- Gənclər İnkişaf Naminə İctimai Birliyi 2006-cı ildə bir qrup gənc tərəfindən yaradılıb. Birliyin əsas məqsədi Azərbaycan gənclərinin ictimai fəallığının artırılması, cəmiyyətin sosial problemlərinin həllində gənclərin rolunun artırılmasıdır. Fəaliyyət göstərdiyimiz illər ərzində tərəfimizdən yerli və beynəlxalq səviyyədə 40-a yaxın mühüm layihə həyata keçirilib. Bu layihələr müxtəlif xarici səfirliklər, beynəlxalq təşkilatlar və dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində keçirilib. Əsas tərəfdaşlarımızdan Yaponiya və Böyük Britaniya səfirliklərini, “Oxfam” beynəlxalq humanitar təşkilatını, “Açıq Cəmiyyət” İnstitutunu, “Qlobal” fondu, “Fridrix Ebert” fondunu, “Avrasiya” fondunu, “Marşal” fondunu, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunu, Gənclər və İdman Nazirliyini, Ədliyyə Nazirliyini, BMT-ni, Avropa Şurasını və digər təşkilatları qeyd etmək olar. Keçirdiyimiz layihələr nəticəsində Zaqatala rayonunda 1 tibb mərkəzi, 1 məktəb inşa olunmuş, Qusar rayonunun Piral və Quba rayonunun Qamqam kəndlərində su təchizat sistemləri qurulmuş, Aran regionunun Tərtər, Ağcabədi və Bərdə rayonlarının bir neçə kəndində bələdiyyələr nəzdində gənclər mərkəzləri yaradılmış, yüzlərlə gənc üçün, o cümlədən cəza çəkən gənclər üçün maarifləndirici təlim və seminarlar keçirilib. Bütün bu layihələrin həyata keçirilməsi gənclərin fəal iştirakı nəticəsində mümkün olub.
- Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Son illər ərzində dövlətin gənclər siyasətinə böyük önəm verdiyi müşahidə olunur. Bildiyiniz kimi, 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanıb. Proqramın reallaşdırılmasına dövlət büdcəsi tərəfindən milyonlarla vəsaitin ayırılması nəzərdə tutulur. Bu proqram gənclərin inkişafına aid demək olar ki, bütün mühüm sahələri əhatə edir. Proqramın əsas məqsədi Azərbaycanda gənclər siyasətinin daha da inkişafı, gənclərin idarəçilikdə iştirakının artırılması, gənc mütəxəssislərin işlə təmin olunması və digər sosial-iqtisadi problemlərin həllindən ibarətdir. Beləliklə, bu gün gənclər siyasətinin yeni mərhələsinin başlanmasını söyləmək olar. Bu da gənclərə digər vətəndaşlar kimi, Azərbaycanda keçirilən islahatlardan bəhrələnmək üçün yeni imkanlar yaradacaq. Eyni zamanda hesab edirəm ki, dövlət proqramının icrasına gənclər təşkilatları tərəfindən nəzarət mexanizmi möhkəmləndirilməlidir. Bu istiqamətdə monitorinq mexanizmi güclü olmalıdır. Bu, konsepsiyanın uğurlu icrasına öz töhfəsini verəcək.
-Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Bu gün gənclərin ictimai, elmi, mədəni və digər fəaliyyətlərinin stimullaşdırılması üçün Gənclər Fondu fəaliyyət göstərir. Fond respublikamızda gənclər təşkilatlarına qrant ayıran ən böyük qurumdur. Son bir il ərzində fond tərəfindən 200-dən artıq layihə maliyyələşdirilib ki, bu da müxtəlif gənclər qrupları üçün yeni imkanların yaradılması deməkdir. Eyni zamanda Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin layihələndirilmiş ideyalarının reallaşdırılması üçün hər il böyük vəsaitlər ayrılır. Bundan başqa, gənclərin xarici ölkələrin qabaqcıl təhsil müəssisələrində təhsil alması üçün də dövlətimiz tərəfindən dəstək göstərilir. Bütün bu və digər dövlət tərəfindən yaradılmış imkanlar, şübhəsiz ki, gənclərin potensialının üzə çıxması üçün geniş şərait yaradır.
- Region gəncləri hansı ictimai-siyasi fəallıq göstərirlər?
- Qeyd etmək lazımdır ki, gənclərin əsas fəaliyyəti Bakıda cəmləşib. Bu da hesab edirəm ki, müəyyən dərəcədə ölkənin ümumi inkişafı ilə bağlı olan məsələdir. Belə ki, Bakıda gənclər üçün regionlara nisbətən daha geniş imkanlar mövcuddur. Bu imkanlar təhsil, işlə təmin olunma, asudə vaxtlarının keçirilməsi və digər məsələlərə aiddir. Qeyd etmək lazımdır ki, eyni mənzərə, ümumiyyətlə, əhalinin ictimai-siyasi fəallığının coğrafiyasında müşahidə olunur. Belə ki, əgər bu gün Bakıda bir neçə min QHT fəaliyyət göstərirsə, Sumqayıt, Lənkəran və Gəncə şəhərlərində bu göstərici 20-ni keçmir. Bəzi regionlarda isə ümumiyyətlə, heç bir yerli QHT fəaliyyət göstərmir və ictimai-siyasi fəallıq müşahidə olunmur. Bu regionlarda erkən nikahlar, stereotip düşüncələr, digər subyektiv və obyektiv faktorlar gənclərin fəallığının artırılmasına mane olur. Buna görə Bakıda fəaliyyət göstərən təşkilatlar region gəncləri ilə şəbəkələşməni gücləndirməlidir, onların yerli səviyyədə ictimai-siyasi fəallığının gücləndirilməsi üçün yeni mexanizmlər işləməlidir.
- Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?
- Antimilli və bu tipli terminlərin gənclərə aid tez-tez mətbuatda işlənilməsinin əleyhinəyəm. Hesab edirəm ki, hər bir gəncin öz mövqeyi və özünəməxsus düşüncə tərzi olması normaldır. Və bütün gənclərlə dialoq qurub Azərbaycanın ümumi inkişafı naminə səyləri birləşdirmək mümkündür.
Dövlətin gələcəyi bugünkü gənclikdən asılıdır və buna görə dövlət gənclər sahəsinə böyük diqqət yetirir. Son 15 il ərzində respublikamızda gənclərin inkişafı, onların sosial problemlərinin həllinə yönəlmiş 10-a yaxın qanun qəbul edilib. Bundan başqa, “Azərbaycan gənclərinin xarici ölkələrdə 2007-2015-ci illər ərzində təhsil alması”, gənc ailələr üçün ipoteka proqramları və digər dövlət proqramları dövlətin gənclərə göstərdiyi diqqətin göstəricisidir.
Gənclər təşkilatları tərəfindən keçirilən layihələrə, ayrı-ayrı gənclərin fərdi nailiyyətlərinə nəzər yetirsək, görəcəyik ki, bunlar dövlətin inkişafına öz töhfəsini verməkdədir. Bu gün gənclərə ayrılan investisiyalardan son nəticədə dövlətimiz bəhrələnəcək.
-Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Bu sahədə iş əsasən regionlarda aparılmalıdır. Region gəncləri üçün informasiya texnologiyalarından istifadə qaydaları və bu texnologiyalardan faydalanma imkanları haqqında ətraflı məlumatlar verilməlidir. Bu gün gənclərin inkişafı üçün kifayət qədər geniş imkanlar mövcuddur. Lakin təəssüflər olsun ki, təcrübəmiz onu göstərir ki, region gəncləri, xüsusilə də ucqar kənd yerlərində yaşayan gənclərin çoxu bu imkanlardan xəbərsizdirlər. Bu sahədə hələ də böyük iş görülməlidir və paytaxtda yaşayan gənclər bu istiqamətdə fəaliyyətlərini təkmilləşdirməlidir.
Qeyd etmək istərdim ki, təşkilatımız fəaliyyətə başlayanda bu sahədə əsasən ənənəvi üsullardan istifadə edirdi, yəni gənclər üçün müxtəlif tipli təlim və seminarlar təşkil edirdi. Lakin praktika göstərdi ki, bu üsul effektiv nəticə vermir. Adətən, təlimlərdə iştirak edən gənclərin fəallığı yalnız təlim zamanı müşahidə olunur, təlimdən sonra isə gənclərin əldə etdiyi bilik və bacarıqlardan gələcəkdə geniş istifadə olunmur. 2008-ci ildən biz bu sahədə yeni praktikanın tətbiqinə nail olmuşuq. Bu praktika bələdiyyələr nəzdində gənclər mərkəzlərinin yaradılmasından ibarətdir. Proqramın nəticəsində Aran regionunun bir neçə kəndində belə mərkəzlər yaradılıb və hazırda gənclər bələdiyyələrlə əməkdaşlıqda gənclərə aid yerli problemlərin həllinə çalışır, bu istiqamətdə yeni strategiyaların işlənməsi üzrə çalışırlar. Ümid edirəm ki, bu praktika digər regionlarda da tətbiq ediləcək.
Fuad HÜSEYNZADƏ






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info