İsa Həbibbəyli: “Vaqif Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır”
Tarix: 20.10.2017 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Molla Pənah Vaqifin sənət idealları və müasirlik” mövzusunda elmi sessiya keçirilib. Böyük Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, müvafiq elmi müəssisələrin direktorları və əməkdaşları iştirak ediblər.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamının şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, böyük şairin 300 illik yubileyinin YUNESKO və TÜRKSOY miqyasında beynəlxalq səviyyədə qeyd olunması təkcə M.P.Vaqifə deyil, ümumilikdə Azərbaycan ədəbiyyatına verilən dəyərin parlaq nümunəsidir. AMEA-nın vitse-prezidenti 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açıldığını xatırladıb. Bildirilib ki, erməni silahlıları tərəfindən işğal olunmuş Şuşa şəhərində vəhşicəsinə yerlə-yeksan edilən, talana məruz qalan bütün tarixi memarlıq və mədəniyyət abidələrimiz kimi Vaqifin də məqbərəsi dağıdılıb. Akademik şairin poeziya dünyası, nadir yaradıcılıq üslubu, ictimai və siyasi xadim kimi diplomatik təcrübəsi, bölgədəki proseslərə təsir imkanları haqqında danışıb. AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Molla Pənah Vaqif özünəməxsus ənənələrə malik ədəbi məktəb yaradıb və onun bənzərsiz poeziya nümunələri ədəbiyyatımızın yeni istiqamətdə inkişafına böyük təsir göstərib. Şairin erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının yaradıcısı olduğunu deyən akademik əlavə edib ki, o, Məhəmməd Füzulidən sonrakı, Mirzə Fətəli Axundzadədən əvvəlki dövr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsidir. İ.Həbibbəyli bildirib ki, xalq həyatının təsviri Vaqifin şeiri üçün əsas olub və təsadüfi deyil ki, o, xalq nəğməkarı adlandırılır.
Görkəmli söz ustadı M.P.Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti barədə danışan İ.Həbibbəyli onun türk dünyasının böyük şairi olduğunu, ədəbi məktəb yaratdığını vurğulayıb. Qeyd edilib ki, söz sənətimizin inkişafında misilsiz xidmətləri olan Vaqif Azərbaycan yazılı ədəbiyyatında heca vəznli seirin yaradıcısıdır.
Sonra Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr edilmiş “Həyatın nəsrlə yazdığını mən nəzmlə vəsf edirəm” sənədli filmi nümayiş olunub.
Sessiyada Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev “Molla Pənah Vaqif və Məhtumqulu” mövzusunda məruzə ilə çıxış edib. Alim XVI əsrin əvvəllərindən xalq şeiri üslubunun, ona məxsus poetik formaların klassik poeziyada işlənməsindən, hüdudlarının getdikcə genişlənməsi və klassik ədəbiyyatda mövqelərini gücləndirməsindən danışıb. M.Əliyev qeyd edib ki, Molla Pənah Vaqif və Məhtumqulu Fəraqi yaradıcılığı ilə anadilli şeirin poeziyadakı hakim mövqeyi tam bərqərar olunub. Yazılı ədəbiyyatda ədəbi dil normaları Azərbaycan və türkmən xalq danışıq dilləri hesabına zənginləşərək möhkəmlənib.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun “Gerçəklik və gözəllik nəğməkarı” mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, Molla Pənah Vaqifin yaradıcılığında şifahi xalq ədəbiyyatından gələn qoşma klassik poeziyadan gələn obrazlarla, ərəb-fars tərkibləri, sözləri ilə zənginləşdiyi kimi, klassik poeziya janrları da şifahi xalq ədəbiyyatı janrlarına, qoşmaya yaxınlaşır, xəlqiləşir. Məruzəçi Vaqifin "Görmədim" rədifli müxəmməsinin XVII əsrin sonları - XVIII əsrin birinci yarısında yaşamış Nişat Şirvaninin "Görmədim" rədifli mürəbbəsinə cavab olaraq yazıldığını deyib.
“Molla Pənah Vaqifin obrazı Azərbaycan təsviri sənətində” mövzusunda məruzə ilə çıxış edən Memarlıq və İncəsənət İnstitutu direktorunun ümumi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov bildirib ki, XX əsr Azərbaycan təsviri sənətinin ən böyük nailiyyətlərindən biri də xalqımızın görkəmli söz ustadlarının portretlərinin yaradılmasıdır. O qeyd edib ki, klassik nəsli təmsil edən bir qrup görkəmli Azərbaycan rəssamı klassik şair və mütəfəkkirlərin, söz və qələm sahiblərinin yüksək bədii kamilliyi, obrazın bütövlüyü, yetkinliyi ilə seçilən portretlərini çəkiblər. Portretləri yaradılan tanınmış şairlər arasında Vaqifin də özünəməxsus mövqeyi olduğunu deyən məruzəçi onun bədii obrazına Mikayıl Abdullayev, Cəlal Qaryağdı, Albert Mustafayev, Ramiz İsmi Qaya kimi tanınmış rəssam və heykəltəraşların müraciət etdiyini diqqətə çatdırıb.
Daha sonra Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan sənətkarlıq tarixi şöbəsinin rəhbəri, tarix üzrə elmlər doktoru, professor Camal Mustafayevin “Molla Pənah Vaqif və Qarabağ xanlığının xarici siyasəti” məruzəsi dinlənilib. Molla Pənah Vaqifin həm də görkəmli dövlət xadimi olduğunu deyən alim onun bacarığı və iti ağlı ilə Qarabağ hakimi İbrahimxəlil xanın diqqətini cəlb etdiyini, sarayda eşikağası, nədimi-hüzur və baş vəzir vəzifələrində çalışdığını bildirib.
Tədbirdə, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva və başqaları böyük şairin həyat və yaradıcılığından bəhs ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info