“Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla öz torpaqlarına qayıtmasıdır”
Tarix: 24.10.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan Yüksək Səviyyəli Görüşdə çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycanın məcburi köçkünlər məsələsinə də toxunub. XİN rəhbəri deyib ki, beynəlxalq ictimaiyyətin hazırda üzləşdiyi miqrasiya böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlərin əzab çəkən miqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir: “Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi ilə Ermənistanın həyata keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir”.
Nazir bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə həyata keçirilən bu siyasət və təcrübə, eyni zamanda işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi, Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir. O əlavə edib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib: “Məhkəmə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək istəklərinə mane ola və münaqişənin sülh yolu ilə həlli perspektivlərini artıra bilər”.

“Azərbaycanın məcburi köçkünlər məsələsinə həssaslığı anlaşılandır”

E.Məmmədyarov qeyd edib ki, qaçqınların və miqrantların düşdükləri ağır vəziyyət işıqlandırılsa da, beynəlxalq ictimaiyyət münaqişə səbəbindən təhlükəyə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşayan milyonlarla kişi, qadın və uşaqlardan ibarət məcburi köçkünləri də unutmamalıdır: “Qaçqınların işləri üzrə BMT-nin Ali Komissarlığı bildirib ki, bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə, 41 milyon nəfərə çatıb. Azərbaycan məcburi köçkünlərin əzablarının işıqlandırılması üçün bütün cəhdləri tam dəstəkləyir. 2030-cu il Gündəliyində məcburi köçkünlərə istinad olunması, Bəşəriyyət üçün Gündəlik tərəfindən 2030-cu ilə qədər məcburi köçkünlərin sayının 50 faizə qədər azaldılmasının hədəflənməsi, eyni zamanda məcburi köçkünlərin qorunması və onlara dəstək göstərilməsi və bu cür məcburi köçürmələrin qarşısının alınması və azaldılması üçün təsirli strategiyaların nəzərdən keçirilməsini özündə əks etdirən Qaçqınlar və Miqrantlara dair Nyu-York Bəyannaməsi, əlbəttə ki, düzgün addımdır, ancaq aydındır ki, kifayət deyil. Milyonlarla məcburi köçkünün acınacaqlı vəziyyətinin daha çox diqqətə, bu cür halların qarşısının alınması üçün yenidən düşünülmüş yanaşmalara, problemin kökündə dayanan səbəblərin aradan qaldırılmasına və eyni zamanda bütün səviyyələrdə birgə fəaliyyətə ehtiyacı var. Biz inanırıq ki, ATƏT , həmçinin məcburi köçkünlərin hüquqlarının qorunması məqsədilə ATƏT -in hərtərəfli cavab tədbirlərinin qiymətləndirilməsi üçün platforma rolunu oynamalıdır”.
Nazir qeyd edib ki, Azərbaycanın məcburi köçkünlər məsələsinə həssaslığı anlaşılandır: “Mənim ölkəmdə məcburi köçürmə Ermənistanın beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etməsinin və hazırda hərbi təcavüzü davam etdirməsinin nəticəsidir. Beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan 1 milyona yaxın azərbaycanlı mülki şəxsə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Bu, Azərbaycanı adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən birinə çevirib. Hazırda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib. Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla öz torpaqlarına qayıtmasıdır və bu mənim hökumətim üçün birinci prioritet məsələ olaraq qalır”.
E. Məmmədyarov bildirib ki, məcburi köçkünlərin köçürülmə problemi həll olunana qədər Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün işləri davam etdirir. “Son 20 ildə 6 milyard dollar investisiya yatırılıb və bu da məcburi köçkünlər arasında yoxsulluq və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına gətirib çıxarıb. Bu vaxta qədər 250 min məcburi köçkün evlər və mənzillərlə təmin olunub. Bununla belə, yuxarıda qeyd olunan tədbirlər daimi yerli inteqrasiya kimi nəzərdən keçirilmir və öz torpaqlarına könüllü olaraq, təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən yeganə arzu olunan seçim kimi qəbul olunur. Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxartdıqdan sonra məcburi köçkünlərin öz evlərinə könüllü olaraq təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti “Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb”, - deyə o vurğulayıb.

“Dağlıq Qarabağla bağlı beynəlxalq güclər bəyanat verməklə kifayətlənir”
Yeri gəlmişkən, Milli Məclisin deputatı Tahir Kərimli də “Azadinform”a açıqlamasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirib. O deyib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar yolunu tutması düzgün addımdır: “Belə fikirlər səslənir ki, bu düzgün deyil, hərbi yolu seçmək lazımdır. Lakin Dağlıq Qarabağ məsələsi zorən beynəlmiləl məsələyə çevrilib. Buna görə də beynəlxalq hüquq Azərbaycanın tərəfindədir".
Millət vəkili qeyd edib ki, heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımayıb, Azərbaycanın ərazi bütövlüyünün əleyhinə bəyanat verməyib: “Ona görə də istənilən diplomatik danışıqlar Azərbaycanın xeyrinə nəticələnməlidir. Ermənistan bilir ki, Azərbaycan hərbi yolla öz torpaqlarını azad etməyə qadirdir. Ermənistan bunu bilə-bilə diplomatik danışıqlardan qaçır. Diplomatik danışıqların Azərbaycanın xeyrinə nəticələnəcəyi Ermənistana gün kimi aydındır”.
Deputat vurğulayıb ki, bəs niyə Ermənistan Azərbaycanın qat-qat üstün hərbi gücündən qorxmur? T. Kərimli əlavə edib ki, Ermənistan yaxşı bilir ki, Azərbaycan torpaqlarını hərbi yolla azad etməyə məcbur olsa, ilk növbədə ATƏT-in Minsk qrupuna həmsədr olan dövlətlər buna imkan verməyəcək.
Deputat deyib ki, Ermənistan hay-küy salacaq ki, Azərbaycan danışıqları pozur: “Qarabağ cinayətkarı olan Serj Sarkisyan Cenevrə görüşündən sonra konfidensial söhbətlər barədə həqiqətə uyğun olmayan məlumatları ona görə yaydı ki, prezidentlərin görüşməsi ehtimalı azalsın”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”
05.09.2019
Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info