Tədqiqat universitetlərinə dövlət tərəfindən maddi yardım göstəriləcək
Tarix: 25.10.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransının açılış mərasimi keçirilib. Təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə gənclərin elmi tədqiqatlara marağının artırılmasına xüsusi önəm verildiyini bildirib. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən nazir elmin, təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, əldə olunan nəticələrdən danışıb. M.Cabbarov yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini qeyd edib, bununla bağlı ali təhsil müəssisələrində elmi potensialın mövcud olduğunu söyləyib.

“Xaricdə təhsil üzrə ikinci dövlət proqramı ilə bağlı hökumətdə müzakirələr aparılır”

Nazir bildirib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizi magistratura və doktorantura pilləsində təhsilə yönəldilib. O deyib ki, Azərbaycanda elmi kadrların yetişdirilməsində bu proqramın mühüm rolu olub. Nazir xaricdə təhsil üzrə ikinci dövlət proqramının Azərbaycanın universitetlərində həyata keçirilməli olduğunu diqqətə çatdırıb: “Dövlətin resurslarını tələbələrin magistratura və doktorantura pilləsi üzrə təhsillərini xarici ölkələrdə deyil, bunun üçün müvafiq elmi və kadr potensialı olan yerli ali təhsil müəssisələrinin bazasında həyata keçirməliyik. Magistr və doktorantların ümumi təqaüdlər siyahısında 63 faizdən çox olmasını hədəfləyirik. Hazırda bu istiqamətdə hökumətdaxili müzakirələr davam edir".
Nazirin sözlərinə görə, hazırda ölkədə doktorantura pilləsində təhsil alanların əksəriyyəti humanitar, sosial və iqtisadiyyat sahələri seçib.


Bu il magistraturaya sənəd verənlərin sayı əvvəlki illə müqayisədə 46 faiz azalsa da, qəbul olunanların sayı 36 faiz artıb

M.Cabbarov bildirib ki, "Elm haqqında" qanunun qəbul edilməsi ilə qanunvericiliyə tədqiqat universitetlərinin yaradılması daxil edilib. Bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcək. Onun sözlərinə görə, tədqiqat universitetlərində fundamental tədqiqatlar aparılmaqla yanaşı yüksək texnologiyalara əsaslanan elm tutumlu sahələrin kadr və informasiya təminatının həyata keçirilmələri nəzərdə tutulur. Tədqiqat fəaliyyətinin təşkili işinə gəldikdə nazir qeyd edib ki, bu, universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabət mübarizəsinin həlledici amillərindən birinə çevrilir. Təhsil naziri bildirib ki, dünya reytinq siyahılarının hazırlanmasında istifadə edilən meyarlar arasında tədqiqat fəaliyyəti 20 faiz çəkiyə malikdir.
M. Cabbarov bu gün magistratura və doktorantura səviyyəsi üzrə mövcud olan problemə də toxunub: "Bu gün ali təhsil müəssisələrində elmi kadrların hazırlığı dövlət hesabına deyil, ali məktəblərin öz vəsaiti hesabına həyata keçirilir. Belə yanaşma isə son illərdə müşahidə edilən bəzi mənfi hallara zəmin yaradır və dövlət siyasətinin prioritetlərini tam şəkildə əks etdirmir. Ölkə başçısının 2016-cı ildə verdiyi sərəncamla magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi elm və təhsil işçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Ali təhsilin fasiləsizliyinin təmin edilməsi həm gənclərin elmi fəaliyyətinin stimullaşdırması, ali təhsil müəssisələrində və elmi təşkilatlarda gender balansının qorunması baxımından çox böyük əhəmiyyət kəsb edir. Artıq ilkin müsbət nəticələr var. 2017-2018-ci tədris ili üzrə magistraturaya qəbul olan oğlanların sayı əvvəlki illə müqayisədə 1593 nəfərdən 2771 nəfərə yüksəlib. Başqa sözlə, 74 faiz artıb. Ümumilikdə bu il magistraturaya sənəd verənlərin sayı əvvəlki illə müqayisədə 46 faiz azalsa da, qəbul olunanların sayı 36 faiz artıb. Bu fakt magistraturaya qəbulda keyfiyyət göstəricilərinin yüksəlməsindən, başqa sözlə desək, bakalavr pilləsini bitirənlər arasından daha yüksək bilik və bacarıqlara malik olanların magistraturaya üz tutmasından xəbər verir".

“Dövlət ali təhsil müəssisələrində yaşı 61-dən yüksək olan elmlər doktorlarının sayı 65 faizdən çoxdur“

Nazir onu da qeyd edib ki, hazırda Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ümumilikdə 2723 nəfər təhsil alır. O bildirib ki, fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 64 faizi, elmlər doktoru proqramları təhsil alanların isə 52 faizi ali məktəblərin payına düşür: “Bu göstəriciləri yaş nisbəti üzrə müqayisə etdikdə, görmək olar ki, elmlər doktoru proqramları üzrə təhsil alanların 34 faizini yaşı 40-dək olanlar təşkil edir. Əvvəlki dövrlərə nisbətən bu göstəricilər bir qədər artsa da, elmdə nəsillərin yenilənməsi daha sürətlə gedə bilər. Dövlət ali təhsil müəssisələrində yaşı 61-dən yüksək olan elmlər doktorlarının sayı 65 faizdən çoxdur. Biz bu faizin aşağı salınmasını yaşlı, savadlı insanlarımızın sayının azaldılması yolu ilə deyil, gənc tədqiqatçılar və alimlərin cəlb edilməsi yolu ilə etməliyik”.
Bəzi statistik göstəriciləri açıqlayan M. Cabbarov vurğulayıb ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin 13 faizi, elmlər doktoru proqramlarını bitirənlərin isə 11 faizi dissertasiyanı vaxtında müdafiə edə bilib. Onun fikrincə, bu rəqəmlər narahatlıq doğurmaya bilməz: “Çünki bu, ali məktəblərin hazırlıq səviyyəsinin keyfiyyəti ilə bağlı məsələdir. Mövcud statistik göstəricilər gənclərin elmi fəaliyyətə aktiv cəlb olunması istiqamətində müvafiq addımların atılmasını zəruri edir və qarşıda duran əsas vəzifələrdən biridir. Hesab edirik ki, ötən il qəbul edilən "Elm haqqında" qanun bu sahədə ciddi irəliləyişlərə nail olunmasına təkan verəcək. Bu qanun elm sahəsində müvafiq hüquqi baza yaratmaqla yanaşı, elmi fəaliyyətin stimullaşdırılması, elmi işçilərin sosial müdafiəsi, elmi vəzifələrə qəbul və digər məsələlərin həyata keçirilməsinə əsas yaradır. Qanunun verdiyi imkanlardan istifadə nəticəsində həm AMEA, həm də təhsil sahəsində gənclərin sayının əhəmiyyətli dərəcədə artırılması mümkün olacaq”. Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev gənclərin elm və təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, EİF-in fəaliyyəti barədə məlumat verib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı elm və təhsilin inkişafı ilə bağlı fikirlərini bildirib, ADNSU-da bu sahədə reallaşdırılan tədbirləri diqqətə çatdırıb.
Gənc doktorantların müxtəlif mövzularda təqdimatları dinlənilib.
Tədbirdə məlumat verilib ki, iki gün davam edəcək kоnfransa 18 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasından 400-dək tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün nüfuzlu alimlərin rəhbərliyi ilə 14 bölmə yaradılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info