“Houston Chronicle” qəzeti: “Azərbaycan Qərbin etibarlı ticarət və enerji müttəfiqinə çevrilib”
Tarix: 25.10.2017 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarında çıxan “Houston Chronicle” qəzeti “Amoco” şikətinin ali rəhbərliyinin sabiq üzvü və Azərbaycanın ABŞ-da fəxri konsulu Art MakHaffinin “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır” sərlövhəli məqaləsini dərc edib.
Müəllif bu məqalədə “Əsrin müqaviləsi” imzalandıqdan sonra özünün Azərbaycanda işlədiyi ilk illəri xatırlayaraq yazır ki, SSRİ dağılandan sonra müstəqillik qazanmış bu ölkədə ovaxtkı iqtisadi vəziyyət heç də ürəkaçan deyildi. MakHaffi qeyd edir ki, indi – o vaxtdan 20 ildən artıq müddət keçəndən sonra Azərbaycan və onun paytaxtı Bakı mürəkkəb bir regionda iqtisadi fəaliyyət mərkəzlərinə, Qərbin etibarlı ticarət və enerji müttəfiqinə çevrilib. Konsul vurğulayır ki, Azərbaycanın transformasiyası və inkişafı xeyli dərəcədə onun neft-qaz sənayesi sayəsində mümkün olub.
Məqalədə daha sonra “Əsrin müqaviləsi” barədə məlumat verilir. Müəllif yazır ki, 1990-cı illərin ortalarında, ölkədə daxili nizamın bərpasından və Ermənistan ilə atəşkəs barədə saziş bağlandıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev nefti milli prioritetə çevirdi. “Amoco” və 9 digər şirkət Azərbaycanın neft yataqlarının kompleks şəkildə işlənilməsi barədə ARDNŞ ilə saziş imzaladılar. Bununla da regionun enerji potensialı genişləndirildi.
Ötən ay ilkin konsorsiumun tərəfdaşları əməkdaşlıq müddətini daha 25 il uzatdılar. Əvvəlinci razılaşma Azərbaycanın tərəqqisinə xidmət edirdisə, bugünkü razılaşma Avropanın uzunmüddətli enerji təhlükəsizliyini təmin edəcək. MakHaffi Avropanın enerji təchizatı problemlərini, bəzi Avropa ölkələrinin vahid qaz təchizatçısından və dəyişkən geosiyasi vəziyyətdən asılılığı məsələsini müzakirə edərək yazır ki, Avropanın enerji resurslarını şaxələndirə bilməsi çox vacibdir. Sentyabr ayında Azərbaycanda imzalanan sonuncu müqavilə bu prosesə şərait yaradacaq.
İndi bu konsorsiuma ARDNŞ ilə yanaşı, 1998-ci ildə “Amoco” şirkətini almış Britaniyanın BP şirkəti, ABŞ-ın “ExxonMobil” və “Chevron”, Yaponiyanın “Inpex” və “Itochu”, Norveçin “Statoil”, Türkiyənin “TPAO” və Hindistanın “ONGC Videsh” şirkətləri daxildir.
Müəllif yazır ki, “Əsrin müqaviləsi” imzalanan tarixdən keçən müddətdə Azəri-Çıraq-Günəşli yatağından 3 milyard barrelədək neft (təbii qazla birgə) çıxarılıb. İlk milyardlıq neft layihəsi Qərbin neft şirkətləri tərəfindən on milyardlarla əlavə sərmayə yatırılmasına yol açıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ilkin müqavilənin müddəti başa çatdıqdan sonra ardıcıl olaraq çoxsaylı əlavə layihələr, o cümlədən Azəri-Çıraq-Günəşli yatağının kompleks şəkildə işlənilməsi, Aralıq dənizi limanlarına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi, nəhəng “Şahdəniz” qaz yatağının işlənilməsi və Azərbaycandan Avropaya təbii qaz nəql edəcək Cənub qaz dəhlizinin tikintisi layihələri həyata keçirilib.
MakHaffi yekunda yazır ki, ötən əsrin müqaviləsi Azərbaycanın 1994-cü ildə təsəvvür edilməsi belə mümkün olmayan dərəcədə tərəqqisinə kömək etdi, bu əsrin müqaviləsi isə avropalıların vahid qaz ixracatçısından tam asılı olmadıqlarını bilərək, soyuq qış aylarında rahat yatmalarına şərait yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Avropada PKK əməliyyatı keçirildi
19.06.2019
İdlibdə yaşayış məntəqələrinə hücum olub
19.06.2019
İran ilә Rusiya arasında müqavilәlər imzalanıb
19.06.2019
Mövlud Çavuşoğlu İrana işgüzar sәfәr edәcәk
19.06.2019
3 həftəyə 128 uşaq öldü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info