Uğursuzların yeni mitinq ağrısı: ziyanlı ilə yalançının davası
Tarix: 25.10.2017 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Siyasətçinin ən önəmli məcazlarından biri səhvlərdən nəticə çıxarmaq, həmin səhvləri təkrarlamamaq bacarığıdır. Əgər siyasətçi səhvləri sıralayırsa və ən pisi, onları təkrarlayırsa, bu, primitiv düşüncənin, hədsiz ambisiyaların və gerçəyi anlamamağın, şərtlərin diqtəsinin başa düşməməyin, marazm həddinə yüksəlmiş ambisiyalarla natamamlıq kompleksinin göstəricisidir.

AXCP və "Milli Şura" oktyabrın 28-də yeni mitinq keçirmək istəyirlər. Məkan bəllidir - "Məhsul" stadionu.

Son iki mitinqi fiasko ilə başa çatan, meydana 1000 nəfəri belə toplaya bilməyən, uğursuzluğun səbəbini "interneti kəsmişdilər"dən tutmuş, "mitinqə gələnləri Bakıya girişdə tuturdular" kimi yalanlarla ört-basdır etməyə çalışan Əli Kərimli zavallı açıqlamaları, psevdoalim Cəmil Həsənli isə az qala burlesk bəyanatları ilə gündəmdədir.

Fasiləsiz qarşıdurmalar, şəxsi və təşkilati maraqlar uğrunda didişmələr AXCP-ni rəqibi Müsavatla müqayisədə müxalifətdəki radikalların nəzərində önə çıxardığı üçün, deyəsən, müsavatçıların tənələrinə duruş gətirə bilməyən Arif Hacılı, Azərbaycan siyasətinin kapusininə çevrilmiş bu şəxs önləyici addım atmaq, zədələnmiş nüfuzunu bərpa etmək, olmayan populyarlığını qaytarmaq fikrinə düşüb.



Oktyabrın 28-i üçün nəzərdə tutulmuş mitinq ərəfəsində trivial məntiqlə, AXCP və Müsavatın liderləri aralarındakı umu-küsünü unudub bir araya gəlməli, müvəqqəti də olsa birləşməli, zahiri əməkdaşlıq görüntüsü yaratmalıydılar.

Amma Əli Kərimlinin ambisiyaları ilə Arif Hacılının hikkəsi bəhs etdiyimiz ssenarini mümkünsüz edib.

Əvəzində Müsavat "müstəqil" davranmaq, radikal müxalifətin liderlik kürsüsünü ələ keçirmək fikrinə düşüb.

"AXCP göz önündəcə xalqın cəbhəsinə çevrilir və mən də adi bir vətəndaş kimi bundan olduqca məmnunam. Bunu mənə irad tutanlar və gözü götürməyənlər gedib..."

Bu sözlər "Azərbaycan Ziyalılar Birliyi" adlı qurumun rəhbəri olduğunu iddia edən - əslində, bir para kağızlara və açıqlamalara görə, belədir - Eldəniz Quliyev Facebook profilində yazıb.



65 yaşlı E.Quliyev ssenarist, yazıçı və kinorejissordur. Yəni yaradıcı insan, ziyalı sayılmalıdır. Di gəl, onun AXCP ilə bağlı fikirləri, daha doğrusu reallıqdan çox kənar, Əli Kərimlinin rəhbərlik etdiyi strukturun indiki siyasi tənəzzülünü və sosial aqoniyasını görmək istəməyən şüarçılığını ən yaxşı halda çox pis ssenarili repriz hesab etmək olar.

Azərbaycanı tərk edən və siyasi qaçqın statusu almaq, siyasi sığınacağa yiyələnməyə çalışan bir dəstək şəxslə fəal danışıqlar aparan, Meydan TV və hələlik təşkilati imkanları yalnız Facebook-dakı radikal, lümpenləşmiş qrupları və səhifələri maliyyələşdirməklə məşğul olan strukturlardan növbəti "qrant" adı ilə vəsait almağa çalışan Eldəniz Quliyevin missiyası bəllidir.

O, Azərbaycan ziyalılarını bir araya gətirmək yox, ətrafında olan şəxslərlə bahəm Əli Kərimliyə mürid təki xidmət etmək amalındadır.

Xidmət də hələlik alınmır, çünki Əli Kərimli maliyyə ayıran Qərb strukturları üçün, biznes dili ilə desək, "investisiya baxımından perspektivli layihə" sayılmır.

Bunu müsavatçılar belə, hiss ediblər. Məsələn, Rahid Ümid bildirib: "Şəxsən mən siyasətin bütün kuluarlarını gəzib-dolaşmış, hər mövsümü bir siyasətçinin kölgəsi altında keçirən adamların dediklərini dedi-qodudan başqa heç nə saymıram. Bah, AXCP "xalqın cəbhəsi" imiş. Güldürməyin xalqı özünüzə".

Eldarxan Quluzadə daha sərt mövqe tutub: "Müsavatçılar cəbhəçilərdən daha savadlıdır. Hətta qarşısında əks mövqe görəndə belə, dinləyirlər. AXCP üzvlərinə isə bir irad bildirən kimi, təhqirə keçirlər. Müsavatçılar müxalifətin savadlı kəsimini təşkil edirlər".

Müsavatçı Surxay Kərimli isə E.Quliyevi ziyalı yox, "ziyanlı" adlandırıb.

"Amerika kolası içməklə, dini qaragüruhu başına toplayıb iki cüt-bir tək adamla "mitinq keçirirəm" iddiasında bulunmaqla xalqın cəbhəsi olmaq mümkün deyil", - bunu da E.Quliyevə yazıblar.

Eynən Müsavat Partiyasının sədri, daha doğrusu, bu qurumun öz lüğəti ilə yazsaq, "Müsavat Divanının başqanı" Arif Hacılı kimi.



Partiyanın funksionerlərindən biri Yadigar Sadıqov qətiyyətlə bəyan edir: "Müsavat Partiyasının yürüşünə qanunsuz qadağaya etiraz olaraq Divan noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək barədə qərar qəbul edib. Bu dəfə icazə verməsələr də, keçirəcəyik".

İlk baxışdan qətiyyətli, qayə baxımından konkret, məzmun sarıdansa hakimiyyətə ünvanlanmış sərt messic tipli açıqlamadır.

Müsavat Partiyasının rəhbərliyinin qətiyyətini - bəs nədir, "verməsələr də, keçirəcəyik" ifadəsinin məna yükü bunu ehtiva edir - habelə, bu partiya funksionerlərinin radikal müxalifət düşərgəsinə kontrol rıçaqlarına sahibliyini, ən başlıcası isə, Arif Hacılının həmin düşərgənin lideri sayılmasının hər müsavatçıda ilıq, doğma və şəksiz hiss olmasını əyan edəcək bir bəyanat olmalıdır guya.

O da "maraqlı"dır ki, Müsavatın keçirmək istədiyi piketə partiyanın sədri Arif Hacılı qatılmayacaq. Səbəb - "başqan özünü narahat hiss edirmiş".



Partiya başqanının, yəni Arif Hacılının müşavirinin çağırışını firqənin sosial şəbəkələrdə aktiv olan və bunu siyasi fəaliyyət sayan mənsubları böyük virtual coşqu ilə qarşıladılar, "like"ları sıraladılar, internet hücucumu üçün söz yığınından ibarət əsləhə topladılar və özlərini, yəqin ki, həmin anda ən azı Həştadsər savaşındakı xürrəmilər kimi hiss etdilər.

Amma nə edəsən ki, AXCP mənsubları son illərdəki amplualarına sadiq qalaraq müsavatçıların bu qətiyyətini sarkazm, ironiya və rişxəndlə qarşıladılar. Daha sadə desək, müsavatçıları ələ salıb dolamağa başladılar.

"Müsavatın hünəri var AXCP kimi mitinq etsin?!" ifadələri səsləndi və bununla da müsavatçılara xatırladıldı ki, sən demə, AXCP və "Milli Şura" bir araya gəlib "Məhsul" stadionunda mitinq keçirirsə, həmin mitinqə də ən uzağı 1000 adamı yığırsa, Müsavat heç bunu da edə bilməz və məzkur səbəbdən də piketlə kifayətlənmək məcburiyyətindədir.

"Piket keçirməyə nə var ki?! Piket üçün lazım olan insan sayı 50 nəfərdir. Müsavat Partiyası, onsuz da, bundan artıq insan toplaya bilmir" yazan kim, "Müsavat funksionerləri gəlsinlər AXCP-nin qərargahına, mitinq keçirmək üçün təcrübə toplasınlar" rişxəndini bəyan edib gülən kim.

Bəzi "cəbhəçi"lər isə Y.Sadiqovun çağırışının, daha doğrusu Müsavat başqanı Arif Hacılının bu istəyinin "müxalifətin maraqları", "hakimiyyətlə mübarizənin strategiyası və taktikası" baxımından zərərli olduğunu vurğulayırlar. Həmin kəslərin fikrincə, lokal mübarizə Müsavata yaraşmır. "Siyasi iradəni ortaya qoyub mitinqləri birləşdirmək əhali arasında müxalifəti dəstəkləməyə gətirib çıxara bilər" kimi illüziyalar, sən demə, reallıqdır.

AXCP və Müsavatın birgə mitinq keçirməsi mümkündür - bir şərtlə ki, "siyasi ölü" Əli Kərimli ilə ölkə siyasətinin tragikomik obrazına çevrilmiş Arif Hacılı ambisiylarını, komplekslərini və fobiyalarını unudalar.

Bu isə mümkün deyil, çünki adıçəkilən şəxslərin hər biri özünü müxalifətin şəksiz lideri sayır.

Mərkəzi Amerikada populyar deyim, beləcə, Azərbaycanda aktuallaşır: "Bolivar ikisinə dözməz".

İllah da ki, cəbhəçilərlə müsavatçılar bir-birlərinə az qala nifrət edirlər.



Son illərdə fəaliyyətləri praktiki olaraq sosial şəbəkələrdə qeybət ilə küçə davası arasında barraj vuran AXCP ilə Müsavatın mənsublarının "mehriban" münasibətlərini anlamaq üçün bu iki partiyanın mənsublarının açıqlamalarını oxumaq yetər.

Cəbhəçilər müsavatçıları satqınlıqda və apatiyada, müsavatçılar isə cəbhəçiləri satqınlıqda və intriqalarda suçlayırlar.

İş o yerə çatıb ki, onlar bir-birlərini ən ağır ifadələrlə təhqir etməyi siyasi fəaliyyətin rutinliyi saymağa başlayıblar.

Yaponiyada ənənəvi xalq yaradıcılığı olan "kabuki"ni, yəni "kölgələr teatrı"nı xatırladan, səhnədə kölgələrin oyuna bənzəyən bu şouda daha maraqlı anlar da olur.



Məsələn, sabiq səfir, indisə "müxalifətçi və demokrat" olmuş Arif Məmmədov AXCP-yə yaxınlaşmaq, Əli Kərimli ilə əlaqələr qurmaq üçün az qala dəridən-qabıqdan çıxır.

Çifayda: Əli Kərimlinin "silahdaşları", yəni sosial şəbəkələrdə "trol"luq edənlər üçün Arif Məmmədov ən yaxşı halda "KQB-DTK agenti, Avropaya sığınmış insanları satan məxluq"dur.

Qarşı tərəf, yəni müsavatçılar da borclu qalmırlar. Məsələn, Vaşid Salehzadə adlı şəxs AXCP və Musavat mənsubları arasındakı "virtual savaş"a qatılaraq yazıb: "Sizin Xalq Cəbhəsi dediyiniz əslində "Yurd" qrupudur. Əli Kərimli Müsavatı gözdən salmaq üçün əsl cəbhəçiləri "Yurd"un əli ilə partiyadan didərgin saldı".

Belə iqtibasları az qala sonsuzluğa qədər davam etdirmək olar. Amma lüzum görmürük, çünki indi patoloji yalanlarla boş vədlərin bir-birlərini sıraladığı şüarlarla çıxış edən AXCP və Müsavat liderlərinə hələ də inanan, yaxud da inandığını göstərməyə çalışan şəxslər qruplaşıblar, dəstələrə bölünüblər və bir-birləri ilə fasiləsiz münaqişədədir.

Oktyabrın 28-də Bakıda, "Məhsul" stadionunda keçirilməsi nəzərdə tutulan mitinq ərəfəsində AXCP və Müsavat arasında qarşılıqlı ittihamların təhqirlərə çevrilməsi həm də ölkədəki radikal müxalifət düşərgəsinin vəziyyətini dolğun əks etdirir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info