“Oskar” mükafatına layiq görülən azərbaycanlı olmaq böyük şərəf olardı”
Tarix: 25.10.2017 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Murad Əliyev: “Xaricdən gələn rejissorlar üçün “Hollivud”a girmək, demək olar ki, qeyri-mümkündür”

Bu gün azərbaycanlı gənclərin xaricdəki uğurları gündən-günə artır. Gənclərimiz xaricdə bir çox sahələrdə uğurlu layihələr keçirərək ölkəmizi layiqincə təmsil edirlər. Həmçinin son illər film sahəsində də xaricdə özlərini təsdiq edən gənclərimizin adları hallanır. Müsahibimiz Murad Əliyev də bu sırada olan xaricdəki gənclərimizdəndir. Qeyd edək ki, Murad Əliyev Bakıda doğulub, böyüyüb. Bakı Türk Anadolu Liseyinin məzunudur. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr diplomu qazanıb. Sonra təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirib. Hazırda ABŞ-da yaşayır, neft və qaz sahəsində çalışır. Bununla yanaşı, film sənayesində də özünü sınayaraq uğurlar əldə edib.
- İlk filminizi nə zaman çəkibsiz?
-Film ilə uşaqlıqdan maraqlanmışam. Əsasən, “Hollivud” filmlərinə marağım olub. O zamandan elə əlimə kamera götürüb bir şeylər çəkmək istəmişəm. Karyeramı isə texnika sahəsində qurmuşam. Kinoya hobbi kimi yanaşmağıma baxmayaraq, həmişə film nəzəriyyəsi ilə maraqlanmışam, məşhur rejissorların işləri və yaradıcılıqlarını izləmişəm.
2008-ci ildə məktəb dostum Aydın Səlimov ilə film çəkməyi qərara aldıq. Onunla DRP Studio film şirkətini təsis etdik və yazdığımız orijinal ssenari əsasında məzunu olduğumuz Bakı Türk Anadolu Liseyinin dram klubunun iştirakı ilə “Qiymət cədvəli” filmini çəkdik. Dram janrında olan film 9-cu sinif şagirdi Teymurun həyatında ilk mühüm seçimi haqqındadır. Filmdə dostluq, müəllimə hörmət, ilk məhəbbət və uşaqlıqdan gəncliyə keçid mövzuları əhatə olunur. Filmin premyerası 2011-ci ilin iyulunda “Azərbaycan” kinoteatrında keçirilib.
2013-cü ildə DRP Studio nəzdində mənim və Aydın Səlimovun ssenarisi əsasında “Feromon” qısametrajlı filmini çəkdik. Film iki gəncin təsadüfi görüşü haqqındadır. Film 2016-cı ildə ABŞ-ın Konkord, New Hampshire şəhərlərində SNOB Film Festival/NEİF çərçivəsində premyera olundu. Həmin festivalda ABŞ-da xaricdə çəkilən filmlər müsabiqəsində ikinci yeri tutdu. Bundan əlavə, 2017-ci ildə ABŞ, Braziliya və Hindistanın müxtəlif festivallarında nümayiş olundu.
- “Feromon” filmini çəkmək ideyası hardan gəldi?
- Bakı haqqında həmişə film çəkmək istəmişəm. ABŞ-ın və Avropanın bir çox şəhərini ziyarət etsəm də, Bakı kimi unikal gözəlliyi və quruluşu olan şəhər görməmişəm. Ona görə də məhz filmi Bakı haqqında çəkməyi qərara aldıq. Bununla belə, standart şəhər haqqında musiqi klipi çəkmək ideyasına qarşı idik. Ona görə şəhərin peyzajlarını ümumi hekayənin fonu eləməyi fikirləşdik.
Filmin hekayəsi bir növ eksperiment oldu. Bir tərəfdən təcrübəmin olmadığı romantik janrda çəkmək, digər tərəfdən isə filmdə ani əhval dəyişikliyi yaratmaq.
Film iki gənc – oğlan və qızın avtobus dayanacağında təsadüfi görüşü və şəhərdə gəzişmələri haqqındadır. Birinci nəzərdən hər şeyin aydın olduğu düşünülsə də, get-gedə bu görüşün nə dərəcədə təsadüfi olduğu sualı yaranır.
-ABŞ-da əcnəbi rejissorun uğur qazanması nə dərəcədə asandır?
-Ümumiyyətlə, ABŞ-da film sənayesinə daxil olmaq çox çətin işdir. “Hollivud” daxili siyasi çəkişmələr ilə məşhurdur. Xaricdən gələn rejissorlar üçün “Hollivud”a girmək, demək olar ki, qeyri-mümkündür. Üstəlik indiki zəmanədə film yaratmaq daha ucuz olduğuna görə, istənilən şəxs istənilən büdcəyə film çəkə bilər. Texnologiyanın inkişafı mobil telefonla da film çəkməyə imkan verir. Təkcə keçən il ABŞ-da 2500-ə yaxın film festivalı qeydiyyatdan keçirilib. Müsabiqə inanılmazdı.
Bununla bərabər, prodüsserlər və studiya böyükləri həmişə yeni ideya və istedadlar axtarırlar. Misal üçün, keçən il 200 ABŞ dolları həcmində adi “iPhone” ilə çəkilən film böyük festivallarda birinci yerlər qazandı, mükafatlara layiq görüldü və nəticədə “Hollivud” studiyalarının birinə 2 milyon ABŞ dollarına satıldı. Belə misallar çox olmasa da, məhz keyfiyyətli, dərin məzmunlu və yeni ideyalar üzrə qurulan filmlər seçilə bilir.
-Yəqin ki, sizin də “Hollivud” arzularınız var…
-Əlbəttə. “Oskar” mükafatına layiq görülən azərbaycanlı olmaq böyük şərəf olardı. Ümumiyyətlə isə “Hollivud” səhnəsində filmimi nümayiş etdirmək özü-özünə bir nailiyyətdir. Bunları arzu kimi yox, məqsəd kimi tutmağı özümə borc bilirəm.
- ABŞ-da, əsasən, hansı mövzulu filmlərə maraq var?
-Maraq ildən-ilə dəyişir. “Karib dənizinin quldurları” filmindən öncə heç kim piratlar və dəniz sərgüzəştlərinə baxmaq istəmirdi. “Taxt oyunları” serialı cəngavər janrına yenidən maraq yaratdı. Beş il əvvəl “gizli kamera” ilə çəkilən dəhşət filmləri populyar oldu. Əlbəttə, maraq kommersiya ilə dəstəklənir. Əgər pul verəcək insan yoxdursa, film də çəkilməyəcək. Hər şeyi bazar iqtisadiyyatı təyin edir.
-Prespektivdə nə kimi filmlər çəkməyi planlayırsız?
-Hazırda 2016-cı ildə çəkdiyimiz “Ştamp” filmini festivallara təqdim etməklə məşğuluq. Filmdə tanınmış Azərbaycan aktyoru, “Babək” filmində Babəkin oğlu Buğday rolu ilə məşhurlaşan Məhəmməd Verdizadə baş rolu ifa edir. Elmi fantastika janrında olan film azad seçim və tale mövzularına toxunur. Filmi gələn il təqdim eləməyi düşünürük.
Bundan əlavə, hazırda iki tammetrajlı film ssenarisi üzrə iş gedir. Birinicisi, üç yaxın yoldaşın dostluqlarının çətin sınağa tutulması haqqında filmdir. Dram janrındadır. Digəri isə yaxın gələcəkdə dünya əhalisini məhv edən xəstəlik fonunda cəmiyyətin sağ qalmaq üçün mübarizəsindən danışan elmi-fantastik filmdir.
Buna paralel olaraq komiks janrında olan qrafik kitab üzərində işlər gedir. Bu layihə tezliklə işıq üzü görəcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info