Uşaq qidalarını necə seçməli?
Tarix: 13.05.2013 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Gələcək nəsillərin sağlam böyüməsi hər bir vətəndaşın qarşısında duran əsas vəzifələrdən biridir. Dövlət tərəfindən də bu məsələyə xüsusi önəm verilir. Təsadüfi deyildir ki, yeni nəslin sağlamlığını təmin etmək məqsədi ilə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Ümumiyyətlə, dövlətimizin bu sahədə siyasəti işlənilmiş və inamla həyata keçirilməkdədir. Məlum olduğu kimi, erkən yaşlı uşaqlar fiziki və əqli cəhətdən tez böyüyür və inkişaf edirlər. Bu prosesdə qidalanmanın böyük əhəmiyyəti vardır. Ona görə də valideynlər uşaq qidası kimi hansı məhsullardan istifadə etməsi və onların keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı tərəddüd edirlər. Bununla bağlı aşağıdakı bəzi zəruri məlumatlar, fikrimizcə, istehlakçılar üçün faydalı olar.
Körpə üçün ideal qida ana südüdür. Çünki ana südü körpəni onun böyüməsi və maddələr mübadiləsi üçün zəruri qida maddələri ilə təmin etməklə yanaşı, həm də immun sisteminin qoruyucu zülalları olan immunoqlobulinlərin əsas mənbəyidir. Lakin ana südünün körpənin qidası üçün yetərli miqdarda olmadığı hallarda süni uşaq qidalarından istifadəyə zərurət yaranır.
Bu zaman bir qayda olaraq vitaminli, yüngül və tez həzm olunan qidalara üstünlük verilir. Ümumiyyətlə, uşaqların qidalandırılmasında uşaq yeməklərinin aşağıdakı növlərindən istifadə olunur: Bura əsasən meyvə və giləmeyvə konservləri, quru məhsullar (sıyıqlar); tərəvəzli, tərəvəzli-meyvəli, tərəvəzli-ətli konservlər, un, quş əti konservləri, duru və pasta şəkilli süd məhsulları, quru süd məhsulları və s. daxildir. Uşaq qidası kimi istifadə olunan müxtəlif növ konservlərə süni boyalar və sintetik aromatlaşdırıcı maddələrin əlavə edilməsi yolverilməzdir. Konservlərin tərkibində kənar iy və dad olmamalı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır. Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab verməlidir. Süni qida məhsullarının üzərində ana südünün üstünlüyü, yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi, qidanın düzgün hazırlanması və saxlanması, yararlılıq müddəti, mənşəyi, istehsalçısının adı və ünvanı, enerji dəyəri, tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması, kimyəvi tərkibi, hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma barədə qeyd və s. məlumatlar olmalıdır. Normal qidalanma üçün bütün bu qruplara daxil olan məhsulların rasional şəkildə istifadə olunması gərəkdir.
Uşaq qidasının düzgün seçilməsi ilə yanaşı, düzgün istifadəsi də sağlamlıq və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.
Uşaq qidasını alarkən onun yararlılıq müddəti və keyfiyyət sertifikatı və qablaşmanın bütövlüyünə, onun hansı yaş qrupu üçün nəzərdə tutulduğuna diqqət yetirməli, qidanın təlimatı ilə tanış olmaq lazımdır. Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların, habelə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan qaydalarına cavab verməlidir.
Uşaq qidaları təmiz, quru, yaxşı ventilyasiya olunan yerdə müvafiq temperatur rejimində və müddətlərdə saxlanılmalıdır. Quru uşaq qidalarını soyuducuda, xüsusən açıq halda saxlamaq olmaz. Belə ki, quru toz halında olan uşaq qidaları nəm çəkir ki, bu da sonradan onun yararlığına mənfi təsir göstərir. Uşaq qidası kimi istifadə olunan meyvə və giləmeyvə konservlərini 0°-25°C temperaturda 2 il, tərəvəzli, meyvəli və ətli konservləri şüşə qablarda 2 il, dəmir qablarda 1 il, konservlərə vitamin, süd, qaymaq, xama əlavə edildiyi təqdirdə 1 il, quru məhsulları (sıyıqlar) və quş əti konservlərini 0°-20°C temperaturda istehsalçı tərəfindən müəyyən edilən və qutunun üzərində göstərilən müddətdə, duru və quru süd məhsulları, o cümlədən erkən yaşda olan uşaq qidası üçün konservləşdirilmiş ət məhsulları hər bir növ məhsulun müvafiq normativ sənədinə uyğun olaraq konkret görünüşünə əsasən, istehsalçı tərəfindən müəyyən olunan müddətdə saxlanılmalıdır.
Ev şəraitində duru süd tərkibli uşaq qidalarını 4-2°C temperaturda 24-78 saat müddətində saxlamaq olar. Uşaq qidası alarkən qablaşdırmanın tamlığına, hazırlanma tarixi və yararlılıq müddətinə fikir verin.
Əgər qabın qapağı azacıq batıqdırsa, bu, həmin məhsulun təzə olmasına dəlalət edir. Qabı zədələnmiş uşaq qidalarını almayın. Uşaq qidasını alarkən onun üzərində “uşaq qidası” və “6, 8, 10 və 12 aylıq uşaqlar üçün” kimi qeydlərin olmasına diqqət yetirin. Bundan əlavə uşaq qidası kimi istifadə olunan konservlərin tərkibində duz və şəkər qarışığının olmamasına və ekoloji təmiz məhsuldan hazırlandığına xüsusi diqqət edin.
İstehlakçı olaraq hər kəs idxal edilən və ya respublikada istehsal olunan uşaq qida məhsullarının üzərindəki informasiyaya diqqət etməlidir. Bu informasiya digər dillərlə yanaşı, Azərbaycan dilində olmalı, ana südünün üstünlüyü qeyd olunmalı, “ana südünə oxşar” və ya “ana südünün əvəzedicisi” ifadələrindən istifadə edilməməlidir. Bundan əlavə, həmin məlumatda yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi, qidanın düzgün hazırlanması və saxlanması, məhsulun istehsalçısının adı və ünvanı, yararlılıq müddəti, quru məhsulun enerji dəyəri, əsas inqrediyentlər və onların miqdarı , məhsulun kimyəvi tərkibi haqqında məlumatlar əks olunmalıdır.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info