Milli komandanın üzvü: “Futbolda çoxlu dostlar qazandım”
Tarix: 28.10.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


“3 yaşımdan sərbəst şahmat oynamağı öyrənib, 4 yaşımda şahmat məktəbində yarışlara qoşulmuşam”
Müsahibimiz Zərin Şirinlidir. Zərinin yaşının az olmasına baxmayaraq, o çox aktivdir, idman karyerasını indidən uğurlu qura bilib. Bu maraqlı yeniyetmə ilə olan müsahibəni oxuculara təqdim edirik:
-Özünüz haqda məlumat verərdiniz.
-Mən, Şirinli Zərin 2004-cü il yanvarın 10-da Bakı şəhərində anadan olmuşam. Əslən qarabağlı olsam da, torpaqlarımız işğal altında olduğu üçün orta təhsilə paytaxtda -2010-cu ildə Bakı şəhəri Nizami rayonunda başlamışam. Hazırda Nizami rayonu 214 nömrəli məktəbin 8 “D” (rus bölməsi) sinfində təhsil alıram. Məktəbimdən, müəllimlərimdən, sinif yoldaşlarımdan çox razıyam.
-Bildiyim qədərilə yaşınızın az olmasına baxmayaraq, bir neçə sahə ilə maraqlanırsız, məşğuliyyət sahələriniz az deyil.
-Uşaq vaxtımdan rəsm çəkməyi, vərəqdən müxtəlif əşyalar düzəltməyi və həmçinin, nə qədər qəribə səslənsə də, pulu sevirdim. Bəlkə də pulun mahiyyətini anlamırdım, amma uşaqlıqdan qazanmaq istəyi məndə pula da maraq oyatdı. Bu maraq kiçik biznes açmağıma, yaşımın az olmasına baxmayaraq, erkən vaxtlardan pul qazanmağıma şərait yaratdı. Hazırda qeyri-adi əl işləri, aksesuarlar hazırlayıram və hazırladığım əl işlərimi sosial şəbəkələr vasitəsilə- “İnstagram” hesabımda @qolbaqlar_by_zerin adı altında satışa çıxarıram. Əl işlərimdən bir çoxu qolbaq, bir qismi təsbeh, boyunbağı və ya fərqli hədiyyəlik aksesuarlardır. Bu günədək sadə insanlarla yanaşı, məşhurlar da mənim müştərim olub, aldıqları aksesuarların keyfiyyətindən razı qalıblar və bu məni daha da həvəsləndirib. Müştəri məmnuniyyətindən əlavə, çoxlu dostlar da qazanmışam. Əlbəttə ki, bu uğuruma hamı sevinmir. Bəzi problemlər də istisna deyil. Etdiyim bəzi xeyirxahlıqlar isə sirr olaraq qalsın.
-Həm də futbol oynayırsınız, milli komandanın üzvüsünüz. Bəs futbola maraq necə yaranıb?
- Onu da deyim ki, əl işlərinə həvəs və bu məşğuliyyətim mənim təhsilimə təsir etmir. Yaxşı oxumağımla bərabər, peşəkar idmanla- futbolla da məşğul oluram. Mənim futbola yazılmağım tam təsadüf nəticəsində olub. Tez-tez həyətdə uşaqlarla futbol oynayırdım və nisbətən futbolun, məhəllə futbolunun sirlərinə yiyələnmişdim. Ona görə də nisbətən yaxşı oynayırdım və bu cür oyunumu görən qızlar məni futbol klubunun məşqlərinə dəvət etdilər. Həmin vaxt mən taekvondo idman növü ilə məşğul olurdum və futbol mənə bir o qədər də maraqlı gəlmədi. Yay olduğundan, asudə vaxtım çox olduğu üçün həmin məşqlərə qoşuldum və peşəkar məşqçilər məni futbola bağladılar. İlk məşqçim Rauf İmanlı idi və onun məşqində oyunum bəyənildi. Beləcə, məni başqa bir kluba dəvət etdilər. Rauf İmanlının razılığı ilə 2016-cı ilin sentyabr ayından “Amasiya” futbol klubunda oynamağa başladım. Çox keçmədi ki, “Amasiya” futbol klubunun baş məşqçisi Əli Mehrivari məni klubun kapitanı təyin etdi. Oktyabr ayında ilk rəsmi oyunuma çıxdım. Noyabr ayında isə davam edən liqa oyunlarında milli yığma komandanın məşqlərinə dəvət aldım. Bu, əslində, mənim üçün gözlənilməz uğur idi. Uğurum gözlənilməz olsa da, Əli müəllimin zəhmətinin bəhrəsi gözlənilən idi. Gərgin məşqləri, işinə olan məhəbbəti, peşəkarcasına verdiyi məsləhətlər və bacarığı nəticəsində uğurlarımız bu gün də davam edir. Əli müəllimin səyi nəticəsində biz təkcə komanda deyil, tam bir ailəyik. Bu uğurdan sonra futbola bir qədər də məsuliyyətlə yanaşmağa başladım. Onu da deyim ki, burada-futbolda çoxlu dostlar da qazandım.
-Bəzən deyirlər ki, xanım üçün ən ideal idman növü bədii gimnastikadır. Futbolda da sərtliklər, zədələr və s. xoşagəlməz hallar çox olur. Bu sizə çətinlik yaratmır ki?
-Haqlısınız. Qadın zərif olduğu üçün bir qədər sərt idman növləri onları kobudlaşdıra bilir və ya zədələrlə bağlı risklər çox olur. Amma dünyanın hər yerində olduğu kimi, bizdə də artıq xanımlar üçün komplekslər aradan qalxır. Hər kəs sevdiyi idman növü ilə məşğul ola bilir. Ümumiyyətlə, idman sağlamlıqdır. Fərq etməz, gimnastika, futbol. Hər bir idmanda uğur qazanmaq üçün gərgin məşqlər, əziyyət və təbii ki, problemlər, zədələr olur. Zədələrsiz keçinmək olmur, bu mümkün deyil. Əgər işini, peşəni sevirsənsə, problemlər, zədələr səni məyus etməməlidir. Qısası, zədələr olsa da, bu mənə ciddi çətinliklər yaratmır.
-Son illərdə xanım futbolçuların da sayı artıb. Buna münasibətiniz.
-Həqiqətən də bu belədir. Əksər idman növündə olduğu kimi, futbolda da qızlar üçün şərait yaradılıb. Ümumiyyətlə, ölkəmizdə idmana xüsusi qayğı göstərilir və son illərdə futbola diqqət çox artıb. Bir şeyi xüsusi qeyd edim ki, mənim futbolla məşğul olmağım həmyaşıdlarımın, sinif yoldaşlarımın marağına səbəb oldu. Mənim bu uğuruma məktəb rəhbərliyi və müəllimlər də biganə qalmadılar. Məktəbin futbol komandasında da yer aldım. Hazırda futbolla peşəkar məşğul olsam da, futbola qədər də maraqlı idman yolunu keçmişəm. 3 yaşımdan sərbəst şahmat oynamağı öyrənib, 4 yaşımdan şahmat məktəbində yarışlara qatılmışam. Yaşımın çox az olmasına baxmayaraq, həmin vaxtlar respublikada məktəblərarası şahmat olimpiadasında 2 il ard-arda birinciliyimi qoruyub saxladım. Diplom və medallarla təltif edildim. Şahmatı mənə sevdirən Mehriban Əhmədovaya bütün əldə etdiyim uğurlara görə təşəkkür edirəm. Onun, həmçinin xarakterimin formalaşmasında da xüsusi rolu olub. Hələ də onunla müəllim-şagird kimi yox, eyni ailənin üzvü kimi münasibətlərimiz var. Özümü hər zaman ona borclu bilirəm. Bu sevginin nəticəsində 8 yaşımda Bakı şəhər birinciliyində çempion oldum, Azərbaycan çempionatında lider yerlərdən birinə layiq görüldüm. Böyük uğurlara qatılmaq üçün bəzi maneələr məni şahmatdan uzaqlaşdırdı. Səbəb həm Mehriban müəlliməmin şahmatdan getməyi, həm də maddiyyat idi.
Yuxarıda da qeyd etdiyim kimi, kiçik yaşlarımdan idmanla məşğul olsam da, təhsilimi uğurla davam etdirirəm. Texniki fənləri sevirəm. Rus bölməsində təhsil alaraq ingilis dilini də öyrənirəm. İdmanla, kiçik biznesimlə vaxtımı doldursam da, mənim arzum tamam başqa sahəylə bağlıdır. Mən bütov Azərbaycanın mavi səmasını fəth etmək istəyirəm. Yəni hazırda ən böyük arzum pilot olmaqdır. Bunun üçün Milli Aviasiya Akademiyasına da hazırlaşıram. Hər bir addımda, hər bir uğurumda bir iz qoymaq üçün çalışıram.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info