“Avropada ticarətin əsas damarı olacaq “Dəmir İpək Yolu” iqtisadiyyatın bir çox sektoruna həyat verəcək”
Tarix: 31.10.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının rəhbəri Fatih Şener:
“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi əhəmiyyətli bir beynəlxalq dəhliz meydana gətirəcək”

Bakı-Tbilisi-Qars dəmir yolunun açılması tarixi əhəmiyyətli qlobal layihə kimi qiymətləndirilir. Bu gün “Dəmir İpək Yolu” adlandırılan bu layihəni müxtəlif ölkələrdən olan rəsmilər, tanınmış ictimai xadimlər, millət vəkilləri yüksək qiymətləndirir, eləcə də bir çox ölkələrin KİV-lərində BTQ ilə bağlı geniş materiallar dərc edilir. BTQ dəmir yolunun açılışında çıxışı zamanı Prezident İlham Əliyev bu layihənin tarixi və strateji əhəmiyyətli olduğunu bildirib: “Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik”.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xidmətə başlaması ilə bir sıra məhsullar dünya bazarlarına çıxa biləcək
Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının İdarə heyətinin rəhbəri Fatih Şener, "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi- Qars dəmir yolu xətti səfərlərinin, Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunan mərasimin ardınca başladığını xatırladaraq, xəttin ölkə və bölgə iqtisadiyyatına böyük təsir göstərəcəyini bildirib.
Dünya əhəmiyyətli bir layihənin fəaliyyətə başladığını deyən F. Şener, layihənin, Marmaray layihəsi ilə inteqrasiya olunacağını, Avropadan Çinə dəmir yolu ilə fasiləsiz yük daşınmasının mümkün olacağını qeyd edib. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Türkiyənin Orta Asiya, Uzaq Şərq və Cənub Asiyaya dəmir yolu əlaqəsini təmin edəcək əhəmiyyətli bir beynəlxalq dəhliz meydana gətirəcək.
Dəmir yolu nəqliyyatında xərcinin az olması səbəbilə, ümumilikdə tikinti materialları, gübrə, buğda kimi məhsulların seçildiyini deyən Şener, dəmir yolu nəqliyyatının, bu cür məhsulların ticarəti üçün böyük əhəmiyyəti olduğunu bildirib: “Bu günə qədər xərcin yüksək olması ilə bağlı Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi ölkələrdən buğda, neft məhsulları, gübrə, bitum kimi məhsullar çox keyfiyyətli olmalarına baxmayaraq, Türkiyə və xarici ölkələrə satıla bilmirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xidmətə başlaması ilə bu məhsullar dünya bazarlarına çıxa biləcək. Türkiyədən də inşaat materialları kimi bir çox məhsulun Orta Asiyaya uyğun qiymətlərlə daşınması mümkün olacaq”.
Qazaxıstanda istehsal edilən və asfalt xammalı kimi istifadə olunan, dünyanın ən yaxşı üzvi maddələri arasında yer alan bitumun dəmir yolu xətti olmadığı üçün yüksək xərc səbəbilə bu günə qədər daşına bilmədiyini deyən F.Şener bu dəmir yolu xətti sayəsində həmin məhsulun daha ucuz qiymətə daşınaraq, Türkiyəyə və digər bazarlara göndəriləcəyini qeyd edib.
Həmçinin gübrə, buğda kimi məhsulların da bu xətt vasitəsilə cüzi xərclə daşınacağı bildirilir: “Bu məhsullar Qars Logistika Mərkəzinə gətiriləcək və Türkiyənin bütün bölgələrinə daşınacaq. Mersin limanına gələn məhsullar isə Avropaya və digər ölkələrə çatdırılacaq. Orta Asiya və Avropada ticarətinin əsas damarı olacaq Dəmir İpək Yolu iqtisadiyyatın bir çox sektoruna həyat verəcək”.

Zəfər Ergüney:
“Bu layihə həm ölkəmiz, həm də bölgəmiz baxımından son dərəcə əhəmiyyətlidir”

Ərzurum Mütəşəkkil Sənaye Bölgəsi idarə heyətinin sədri Zəfər Ergüney, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini vurğulayaraq, xəttin Ərzurumla əlaqəsinə tezliklə başlanmasının lazım olduğunu bildirib: “Ərzurumda inşa edilən logistika mərkəzinin aktiv olması və bazara çıxmaqla bağlı bu layihə son dərəcə əhəmiyyətlidir" .
Layihə ilə keçmişdə Pekindən Londona qədər uzanan İpək Yolunun yenidən canlanacağını deyən Ergüney deyib: "Əhəmiyyətli bir ticarət dəhlizi yaradılır, layihə sayəsində Avropa və Qafqaz arasında fasiləsiz bir nəqliyyat təmin edilmiş olacaq. Bu xətlə 6,5 milyon ton yük daşıma imkanı yaranacaq. Bu həm ölkəmiz, həm də bölgəmiz baxımından son dərəcə əhəmiyyətlidir”.
Dəmir yolu xəttinin tezliklə Ərzurumla əlaqəsinin yaradılmasının vacib olduğuna diqqət çəkən Ergüneyin fikrincə, Ərzurum, Logistika mərkəzi sayəsində bölgənin bir ticarət mərkəzi ola bilər "Bölgədə istehsal ediləcək məhsullar üçün həm xam maddə gətirmək, həm də istehsal olunan məhsulların bazara çatdırılmasında, BTQ-yə önəm veririk. Əgər Ərzurum bölgədə ticarət mərkəzi olacaqsa, layihənin Ərzurum hissəsinə tezliklə başlanmalıdır. Bu layihə Şərq və Qərb arasındakı inkişaf fərqinin azalmasında mühüm addımdır. Bundan başqa, Ərzincana qədər gələn yüksək sürətli qatarın Ərzurum üzərindən Qarsa qədər çatmasını da səbirsizliklə gözləyirik”.

Qars sakinləri: “BTQ Qarsda işsizlik problemini həll edəcək”

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi qarslılarda böyük ümidlər yaradıb. İşsizliyin yüksək olduğu Qarsda BTQ dəmir yolu xəttinin fəaliyyətə başlaması, Logistika mərkəzinin də tamamlanaraq xidmətə başlaması qarslılar üçün yeni imkanlar açacaq. Rəsmi açılışdan sonra ilk qatarın yola çıxması qarslılarda böyük həyəcan yaradıb. BTQ dəmir yolu xəttində ilk qatarın yola düşməsinin 30 oktyabr-Qarsın düşmən işğalından xilas olmasının 97-ci ildönümünə təsadüf etməsi də qarslılarda böyük təəssürat yaradıb.
İlk vaxtlar 1 milyon sərnişin, 4 milyon ton yük, gələcək müddətdə isə təxminən 6,5 milyon sərnişin, 15-20 milyon ton yük daşınması hədəflənən BTQ dəmir yolu xəttinin çox əhəmiyyətli bir layihə, dünya layihəsi olduğunu deyən qarslılar, Dəmir İpək Yolu xəttinin tamamlanmasında əməyi keçən hər kəsə təşəkkür ediblər. BTQ dəmir yolu xəttinin Qarsın iqtisadiyyatını canlandıracağını deyən Talib Gökçe bildirib: “Qarsa faydası gözəl olacaq. Gənclərimiz işsiz qalmaz”.
Qarslıların ümidlə gözlədiyi layihənin tamamlandığını deyən Serdar Zincirkıran hesab edir ki, BTQ ölkəsi və xüsusilə Qars üçün əhəmiyyətli bir layihədir. Çünki logistika mərkəzinin Qarsda qurulmasıyla bölgədəki işsizlik problemi azalacaq: “Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Qarsın köçüb gedən deyil, köç qəbul edən bölgə olacağına inanıram. Qafqazdan yüklər Qars vasitəsilə Avropaya nəql ediləcək. Əməyi keçən hər kəsə təşəkkür edirəm”. Qarsın iqtisadi baxımdan inkişaf edəcəyini deyən Ruşan Ali Demir bildirib ki, BTQ çox böyük bir layihədir:, “BTQ işsizliyin qarşısını alacaq. İnşallah, bu Dəmir İpək Yolu şəhərimiz üçün yaxşı olacaq. Bu dəmir yolu xəttinin ölkəmiz üçün yaxşı bir layihə olduğuna inanıram". Yıldırım Öztürkkan adlı qarslı bildirir ki, Qars Qafqaza açılan qapıdır: “Qafqaza açıldığı zaman da Çinə qədər gedə biləcəyimiz bir yoldur, məkandır. Bu dəmir yolunun tikintisi Qarsa böyük gəlir gətirəcək. İnsanlara “çörək qapısı” açacaq. Turizm potensialı artacaq. Bu, illər öncə edilməli idi. Amma indi dünya ovcumuzun içərisindədir. İngiltərədən qatara minən bir insan ayağını yerə qoymadan birbaşa Çinə gedəcək. Bu çox böyük bir hadisədir. Burada da Qarsın rolunun olması, əlbəttə ki, Qars üçün qürurvericidir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info