“Radikal müxalifətin sosial bazadan məhrum olmasının günahkarı özüdür”
Tarix: 13.05.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Ölkəmiz müstəqillik illərində bir çox çətinliklərdən, ağrılı-acılı sınaqlardan keçdi. Müasir dövrümüzdə isə Azərbaycan çox böyük uğurlara imza atmaqdadır. Lakin yenə də ölkəmizdəki ictimai-siyasi sabitliyi müxtəlif çirkin məqsədlər üçün pozmaq istəyən qüvvələr mövcuddur. Bu kimi çətinliklərə baxmayaraq, dövlətimiz öz uğurlu siyasətini davam etdirir, düşmən qüvvələr isə öz çirkin məqsədlərinə çata bilmirlər. Mövzu ilə bağlı müsahibimiz fəlsəfə doktoru, dosent Telman Haqverdiyevdir:

- Dövlətimizin müstəqilliyinin ilk illərini necə xatırlayırsınız?
- Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqe hər zaman ölkəmizin siyasətinə təsir göstərir. Müstəqilliyimizin ilk illərində Ermənistanın öz havadarlarının köməkliyi ilə ərazilərimizi işğal etməsi Azərbaycanı çox çətin bir vəziyyət qarşısında qoydu. Azərbaycanda milli azadlıq hərəkatı XX əsrin 80-ci illərinin axırlarında geniş vüsət almışdı. Lakin hakimiyyətdə təmsil olunan şəxslərin səriştəsizliyi hərəkatın sonunu gətirdi. 90-cı illərin əvvələrində ölkəmizdə çox gərgin ab-hava mövcud idi. Bir tərəfdən hakimiyyət daxilində müxtəlif qrupların bir-biri ilə mübarizəsi, xarici qüvvələrin öz maraqlarını həyata keçirmək üçün regionda qurduqları böyük siyasi oyunlara Azərbaycanı daxil etməsi, digər tərəfdən isə Ermənistanın bir-birinin ardınca rayonlarımızı işğal etməsi və s. amillər artıq müstəqilliyimizi təhlükə qarşısında qoymuşdu. Əgər o dövrdə əvvəldən ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlsəydi, bu qədər ərazilərimizi itirməzdik. Azərbaycan o dövrdə informasiya blokadasında idi. Hələ SSRİ dağılmamış 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qırğına da ilk dəfə Heydər Əliyev Moskvada həyatını təhlükə altına ataraq etiraz etdi və bütün dünyaya SSRİ hakimiyyətinin öz xalqına qarşı qırğın törətdiyini bəyan etdi. Hələ 1978-ci ildə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə qəbul olunmuş Konstitusiyaya Azərbaycan dilinin dövlət dili kimi daxil olmasına nail olmuşdu. Bu, o dövrdə SSRİ kimi bir imperiyada çox böyük bir uğur idi. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində hakimiyyətdə olanların çoxu səriştəsiz, şəxsi ambisiyaları çox olan, dövlətçilik şüurundan məhrum insanlar idi. Sizə bir misal çəkim. O dövrdə canlı televiziya proqramlarından birində o zamankı daxili işlər naziri İsgəndər Həmidov baş nazir Pənah Hüseyni silahla hədələmiş və demişdi: “Gülləyə heyfim gəlir, yoxsa tapanca ilə təpənə güllə çaxardım”. Qadınlar, uşaqlar binaların bloklarına tək girə bilmirdilər. Bunun kimi çoxlu misallar gətirə bilərəm. İsa Qəmbər, Surət Hüseynov və başqaları hakimiyyətə tək yiyələnmək istəyirdilər. İndi özünüz analiz edin. Əgər bir dövlətin daxili işlər naziri baş naziri canlı efirdə xalqın qarşısında silahla hədələyirsə, bu artıq o dövlətin dağılmaq təhlükəsi qarşısında olduğunu sübut edir. Bununla yanaşı o dövrdə müharibədə döyüşənlərin çoxu könüllülər idi. Vahid komandanlıq yox idi. Belə olan halda Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması zərurətə çevrilmişdi və xalq da, o dövrkü hakimiyyət də bunu yaxşı anlayırdı. Sizə bir fakt deyim. Əbülfəz Elçibəy üç dəfə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi, Azərbaycanı idarə etməsi üçün ona müraciət edib. Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkə parçalanmaqdan xilas oldu, vətəndaş müharibəsi təhlükəsindən qurtardı və inkişafın, sözün əsl mənasında dövlətçiliyin əsası qoyuldu.
- İndiki dövrü necə qiymətləndirirsiniz?
- Azərbaycana hazırda da bir sıra təzyiqlər var. Bəzən dövlətimizə qarşı heç bir beynəlxalq hüquq çərçivəsinə sığmayan bəyanatlar səslənir. Lakin bu təzyiqlərə baxmayaraq cənab İlham Əliyev çox uğurlu daxili və xarici siyasətini davam etdirir və bu təzyiqlərə çox böyük diplomatik məharətlə cavab verir. Hazırda Azərbaycanın tarazlaşdırılmış xarici siyasəti bütün dünya ölkələri tərəfindən qəbul edilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin neft strategiyası artıq özünü təsdiq edib. Əvvəllər xarici maliyyə qurumlarının ayırdığı maliyyə yardımlarından asılı olan Azərbaycana hazırda qoyulan xarici sərmayələr milyardlarla dollardır. Artıq Azərbaycan dövlət səviyyəsində müxtəlif ölkələrə sərmayə yatırımları edir. Aparılan məqsədyönlü siyasət nəticəsində neft və qaz ehtiyatlarımızın ixracından əldə olunan gəlirlə regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir sıra işlər görülür. Yeni-yeni sənaye müəssisələri açılır, aqrar sənaye inkişaf etdirilir. Bu böyük zəhmət, maliyyə vəsaiti tələb edir. Belə işləri qısa müddətdə görmək mümkün deyil. Fikir verin. Vaxtilə Sumqayıt Boru-prokat zavodunda 20 mindən artıq insan çalışırdı. Lakin ötən əsrin 90-cı illərin əvvəllərində AXCP-Müsavat hakimiyyəti dövründə bu zavod daxil olmaqla əksər zavodlar talan edildi, avadanlıqlar xaricə daşındı. İndi isə sənaye sahəsi yenidən dirçəlir, zavodlar açılır. Azərbaycan yenidən sənaye ölkəsinə çevrilir. Burada Gədəbəydə qızıl zavodunun istifadəyə verilməsini qeyd etmək yerinə düşərdi. Belə uğurlu layihələr regionlarda işsizlik problemini həll etməklə yanaşı, turizmin də inkişafına kömək edir. Cənab Prezident tez-tez bölgələrə səfərlər edir, yerlərdə şəraitlə tanış olur, vətəndaşları dinləyir. Artıq ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb. Qaçqın və məcburi köçkünlər yeni salınan qəsəbələrə köçürülür. Bu cür problemlər aradan qalxdıqca əhalinin sosial rifah halının yüksəldilməsinə yönəldiləcək vəsait də artırılacaq.
- Azərbaycanda radikal müxalifət kimi, Leyla Yunus, Əkrəm Əylisli kimi elə qüvvələr ki, ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq üçün əllərindən gələni edirlər, düşmənimizin dəyirmanına su tökürlər. Belə qüvvələr haqqında nə deyə bilərsiniz?
- Sağlam müxalifət hər bir dövlətə lazımdır. Lakin ilk öncə müxalifətdə sağlam siyasi şüur olmalıdır. Müxalifət destruktiv yox, konstruktiv mövqedən çıxış etməlidir. İndi adlarını sadaladığınız insanların ambisiyaları o qədər güclüdür ki, onlar buna çatmaq üçün istənilən vasitədən istifadə etməyə hazırdırlar. Belələrini ancaq xəyanətkar adlandırardım. Onlar bunun üçün şeytanla da əlbir olmağa hazırdır. Görürsünüz, hansısa bir marağa görə Əkrəm Əylisli bir “əsər” yazdı. Onun düşncəsinin arxasında çirkin ermənipərəstlik durur. Mən belə insanları xain adlandırardım.
- Sağlam müxalifətin olması üçün nə etmək lazımdır?
- Belə olması üçün savadlı, vətənpərvər müxalifət olmalıdır. Müxalifət də dövlət quruculuğunda, müəyyən problemlərin həllində iştirak etməlidir. Radikal müxalifət nə qədər ki, destruktiv mövqedən çıxış edirlər, xalq dəstəyindən məhrum olurlar. Radikal müxalifətin sosial bazadan məhrum olmasının günahkarı özüdür.
- Yaradıcılığınızla bağlı hansı yeniliklər var?
- “Şeytan tələsi” və “Ölümsüzlər” əsərlərimi çapa hazırlayıram. Ermənilərin dili ilə onların iç üzünü açmağa çalışıram. İş adamlarımızı, xeyriyyəçilərimizi bu sahədə ziyalılarımıza kömək etməyə çağırıram. Çünki belə məsələdə hər şeyi dövlətin üstünə yıxmaq olmaz. Dağlıq Qarabağ münaqişəsi mövzusunda yazılan kitabların müxtəlif dillərə tərcümə olunmasına böyük ehtiyac var.
- Bir pedaqoq kimi, Azərbaycan gəncliyini necə qiymətləndirirsiniz?
-İndiki gəncliyi 2 yerə bölürəm. Savadlı, vətənpərvər gənclərimiz və bir də antipod gənclərimiz. Hər zaman gənclərimiz dövlət qayğısı ilə əhatə olunub. Lakin elə gənclərimiz var ki, tənbəldirlər, əqli mühakimədən məhrumdurlar. Belə gənclər ona görə də radikal qüvvələrin əlində vasitəyə çevrilirlər, sonda isə həbsxanalara düşürlər. Bir də burada müəllimlərin üzərinə böyük vəzifələr düşür. Müəllimlər dərs prosesi zamanı yalnız tədris proqramı ilə kifayətlənməməlidirlər. Lakin çox zaman, təəssüf ki, belə olur. Müəllimlər orta məktəblərdə şagirdləri, ali məktəblərdə isə tələbələri dövrün tələblərinə uyğun şəkildə, qlobal düşüncəyə malik, eyni zamanda vətənpərvər ruhda yetişdirməlidirlər. Sevindirici haldır ki, savadlı gənclərimiz çoxdur və onlar dövlətin müxtəlif sahələrində aktiv şəkildə təmsil olunurlar. Gələcəkdə ölkəmizi hər sahədə təmsil edə biləcək qabiliyyətə malik sivil gəncliyimizin yetişəcəyinə əminəm.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib
17.09.2018
Babək prospektində hərəkət hissəsi 16 metrə qədər genişləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info