Gürcüstan və Türkiyədəki soydaşlarımızın BTQ sevinci
Tarix: 01.11.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


“Bakı-Tbilisi-Qars dəmir yolunun böyük layihə və hər üç dövlət üçün nə qədər önəmli olduğunu artıq hər kəs dərk edir”
Azərbaycan əlverişli coğrafi məkanda yerləşməsinə rəğmən bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bunların ən önəmlilərindən biridir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə gələcəyə hesablanmış daha bir addımdır. Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində Prezident İlham Əliyev deyib ki, BTQ Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur: “BTQ-nin uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracaq. Bu yol bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Rəsmi Bakının güclü siyasi iradəsi, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri, əməkdaşlıq və etimad mühiti BTQ ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq imkanı verdi”.

BTQ-nin işə düşməsi beynəlxalq aləmin gündəmindədir. Həmçinin bu layihənin reallaşması istər ölkə daxilindəki, istərsə də xaricədəki soydaşlarımız tərəfindən böyük sevinclə qarşılanıb. Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev “Palitra”ya bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun böyük layihə və hər üç dövlət üçün nə qədər önəmli olduğunu artıq hər kəs dərk edir: “Bakı-Tbilisi-Qars dəmir yolu yükdaşıma ilə yanaşı, həm də turistlərin cəlb olunmasında xidmət edəcəyini düşünürəm. Bu layihə, hətta yeni infrastrukturların, iş yerlərinin açılmasına səbəb olacaq”
Savalan Mirzəyevin sözlərinə görə, bir zamanlar bəzi qara qüvvələr bu möhtəşəm layihənin gercəkləşəcəyinə şübhə ilə yanaşırdılar: “Artıq 30 oktyabr böyük layihənin sona çataraq istifadəyə verilməsini, o cümlədən qonşu dövlətlərin necə də düzgün iqtisadi siyasət həyata keçirdiyini təsdiqlədi. Bu layihənin bir çox yeniliklər gətirəcəyinə tam əminəm”.

“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi hər üç ölkə vətəndaşlarının inkişafına xidmət edəcək”
Gürcüstanda ictimai fəallığı ilə seçilən Nərgiz Əliyeva isə dedi ki, 2007-ci ildən davam edən və strateji əhəmiyyəti olan bu layihə hər üç ölkənin vətəndaşlarının inkişafına xidmət edəcək: “Üç dost ölkənin birgə iqtisadi layihələrinin sırasına daxil olan olduqca böyük əhəmiyyətli bu dəmir yolu xətti Gürcüstanın iqtisadiyyat, turizm və digər sahələrindəki inkişafına təkan verəcək. Bu məhsulların xarici bazara, habelə Avropa ölkələrinə ixracı, eləcə də ölkə daxilində bir çox məhsulların ucuzlaşması vətəndaşların iqtisadi durumunun yaxşılaşdırılması, yeni iş imkanlarının yaranması deməkdir”.
Nərgiz Əliyeva bildirdi ki, Azərbaycan-Türkiyə-Gürcüstanın əməkdaşlıq və dostluq əlaqələri bir çox ölkələr üçün nümunədir: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və s. kimi layihələrin həyata keçirilməsi ölkənin, nəticədə vətəndaşların rifahına və iqtisadi durumuna müsbət təsir etməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin müsbət təsirini elə ilk günlərdən hiss edə bilirik, bu tipli layihələrin həyata keçirilməsində iştirak edən işçi qüvvəsinin də yerli kadrlardan ibarət olması, həmçinin ölkədə işsizliyin aradan qaldırılması istiqamətində atılmış mühüm addımlardan biridir.
Gürcüstan vətəndaşı və azərbaycanlı, türk olaraq bu layihənin həyata keçirilib artıq fəaliyyətə başlaması münasibətilə hər kəsi təbrik edirəm. İnanıram ki, hər üç ölkənin vətəndaşları bu layihənin uğurlu bəhrəsini görəcəklər”.

“BTQ dəmir yolu əsrin böyük layihəsidir”
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar da bu layihənin reallaşmasında iradəsini ortaya qoyan, əmək sərf edən dövlət adamlarını təbrik edib. Bilal Dündar deyir ki, layihənin 2008-ci ildə Qarsda Türkiyə hissəsinin ilk təməlatma mərasiminin iştirakçısı olub: “Gözəl, səmimi və sevinc içində bir mərasimlə təməl atıldı. Üç dövlətin prezidentləri günün məna və əhəmiyyətindən danışdılar. Hamımız sevinc və həyəcan içində idik”.
TADF rəhbəri BTQ-nin ölkələrimizə, böyük coğrafiyaya və bütün insanlığa xeyirli olacağını vurğuladı. O, layihənin gətirəcəyi faydalardan danışaraq qeyd etdi ki, uzunluğu 846 kilometr olan tarixi dəmir yolu yükdaşıma baxımından hava və avtomobil yolundan daha ucuzdur: “Yol qəzaları cəhətdən daha az riskli olmaqdadır. Eyni anda daşıyacağı yük və səyahət edən insan sayı daha çoxdur. Bu da xərci azaldan və ucuzlaşdırdan bir ünsürdür. Ölkələr arasında səyahət edəcək insan sayının daha çox artacağı üçün turizm canlanacaq. Gedib-gəlmələr çoxalacağı üçün insanlar arasında mədəni və ictimai əlaqələr artaraq əməkdaşlıq imkanı olacaq. 5-6 milyon ton yükdaşıma, ticarət həcminin də eyni nisbətdə artması deməkdir.
Asiya ölkələrindən Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Əfqanıstan kimi dövlətlərin Avropa bazarlarına çata bilmələri asanlaşacaq. Qısaca, Çindən Londona qədər nəqliyyat şəbəkəsini reallaşdıra biləcək. Bu layihəni edən üç ölkə başda olmaqla hər kəsə fayda verəcək”.
Bilal Dündarın sözlərinə görə, layihə qorunmalı və nəzarət edilməlidir: “Tarixdə bir çox yaşanmış təklükələrə görə “Dəmir İpək Yolu” hər an diqqətlə qorunmalıdır”.

“Türk dünyasının liderləri iki qitəni bir-birinə dəmir bağlarla bağladılar”
Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova isə deyir ki, BTQ dəmir yolunun açılışı sırasında fikir onu çox uzaqlara aparıb: “Gözlərimin önündən dəvə karvanları keçdi, Soltan Hacıbəyovun “Karvan” süitasının səfaları qulaqlarımda səsləndi, dədələrimizin min əzabla getdikləri yolları, Avropa ilə Asiyanı, iki qitəni türk dünyasının liderləri bir-birinə dəmir bağlarla bağladılar. Türkün gücü bu gün də dünya lider dövlətlərinə lazım olan mesajı göndərdi”.
BTQ-nin tarixi bir layihə olduğunu deyən Cəvahir Əhmədova bunun şahidi olmağın şərəf və sevincini yaşadığını bildirdi: “Layihə bütün türk dünyası üçün strateji əhəmiyyət kəsb edir. BTQ türk dövlətləri arasındakı həmrəyliyi, dostluğu, birliyi sürətləndirəcək və möhkəmləndirəcək. Bu tarixi layihəyə imza atan uzaqgörən, ağıllı siyasət yürüdən hər iki liderimizi salamlayıram, “uğurlarınız bol olsun”, deyirəm. Düşmənlərimizi qısqandıran, dostlarımızı sevindirən bu layihə dövlətimizə, millətimizə uğur gətirsin, ölkələrimiz arasındakı qardaşlığı, dostluğu, Allahım bədnəzərlərdən, kəm gözlərdən qorusun”.

“BTQ Azərbaycanın işğalda olan torpaqlarının geri qaytarılmasına müsbət təsirini göstərəcək”
Hacettepe Universitetinin fəlsəfə elmləri doktoru TATB sədri Elvin Ağayev dedi ki, 2007-ci ildə BTQ-nin müqaviləsi imzalananda bir çoxları layihənin həyata keçiriləcəyinə şübhə ilə yanaşırdılar: “Xüsusilə Türkiyədəki ermənipərəst və antitürk qüvvələr bu layihənin həyata keçirilməsinin mümkün olmadığından dəm vururdular. O zaman biz-Türkiyədə yaşayan azərbaycanlılar iştirak etdiyimiz hər tədbirdə layihəyə olan inamımızı dilə gətirirdik. Çünki iki qardaş və dost ölkə olan Azərbaycan və Türkiyə bütün sahələrdə nəzərdə tutduqları layihələri indiyə qədər uğurlu bir şəkildə həyata keçiriblər. 30 oktyabr 2017-ci il tarixi isə həm iki qardaş ölkə, həm də region üçün tarix səhifələrinə “qızıl hərflərlə” yazıldı. Bu layihənin uğurlu şəkildə həyata keçirilməsi dünya azərbaycanlılarında olduğu kimi, Türkiyədə yaşayan azərbaycanlılar tərəfindən da sevinc və fərəh hissi ilə qarşılandı”..
Elvin Ağayev bu layihənin ermənilərə mənfi təsir edən məqamına da toxundu: “Qars şəhəri Türkiyənin strateji olaraq ən önəmli şəhərlərindən biridir. Ermənistanla qardaş Tütkiyə arasındakı ən uzun sərhəd xətti də Qars vilayətindədir (164 km). Eyni zamanda Ermənistanla Türkiyə arasında sərhəd qapısı olan Akyaka da Qars ərazisindədir. Akyaka dəmir yolu sərhəd qapısı xarakteri də daşıyır. Bildiyimiz kimi, bu sərhəd keçidləri 1993-cü ildən Ermənistanın Azərbaycan torpaqlarını işğalı səbəbilə bağlıdır. Məhz Türkiyədəki ermənipərəst və bəzi xarici qüvvələrin təsiri altında olan “ekpsertlər” sərhədin bağlanmasının Türkiyə iqtisadiyyatına zərbə vurduğunu qeyd edirdilər. Bakı-Tbilisi-Qars dəmir yolu xətti belə düşünən muzdlu “ekspertlər”ə lazımi cavabı verməkdə bizlərə kömək etdi. İqtisadi zərbə və strateji əməkdaşlıq xülyalarına sığınan bu şəxslərin susdurulması və Avrasiya üçün xüsusi əhəmiyyətə malik bu layihənin məhz Ermənistanın bir addımlığında həyata keçirilməsi bizləri, xüsusilə fərəhləndirdi. Türkiyə və Ermənistan arasında yeganə dəmir yolu sərhədinin yerləşdiyi Qars şəhərində indi Bakıdan gələn qatarlar təntənə ilə qarşılanacaq. Ermənilər bu möhtəşəm mənzərəni, sadəcə, izləyə biləcəklər. Bu layihənin rəsmi olaraq başlaması ilə birlikdə sərhədlərin açılması üçün çalışanlar umidlərini dəfn etdilər”.
Onun fikrincə, bu layihə Azərbaycanın işğalda olan torpaqlarının geri qaytarılmasına müsbət təsirini göstərəcək: “İndi Ermənistan tərəfi bir addımlığında baş tutan, strateji və iqtisadi perspektivlər vəd edən bu layihənin ya izləyicisi olaraq qalacaq, ya da işğal altında olan Azərbaycan torpaqlarından çəkilərək əməkdaşlıq yollarını axtaracaq. Hər bir halda, bu layihə Azərbaycan, Tükiyə başda olmaqla bir çox ölkələr üçün böyük iqtisadi bazar meydana gətirəcək. Bununla da sarsılmaz Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənmiş oldu. Qələbəmiz və dostluğumuz bir daha mübarək olsun”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info