“Bakı-Tbilisi-Qars və Şimal-Cənub layihələri Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisini artıracaq”
Tarix: 03.11.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Elxan Şahinoğlu:
“Erməni şərhçilərin əksəriyyəti Bakı-Tbilisi-Qars dəmir yolunun işə başlamasını və Tehranda 3 dövlət başçısının Şimal-Cənub xəttinin işə salınmasının müzakirəsilə bağlı görüşünü faktiki Ermənistanın məğlubiyyəti kimi dəyərləndirdi”

Azərbaycan iki gün içərisində iki önəmli layihə ilə yadda qaldı. Birinci layihə Bakı-Tbilisi-Qarsdır. İkinci layihə isə Şimal-Cənub nəqliyyat xəttinin tikintisilə bağlı idi. Bakı-Tbilisi-Qars dəmir yolu təntənə ilə açıldı. Açılışda Azərbaycan və Türkiyənin prezidentləri, o cümlədən Gürcüstanın, Qazaxıstanın və Özbəkistanın baş nazirləri iştirak edirdilər. Qazaxıstan və Özbəkistan rəsmilərinin dəmir yolunun açılışında iştirak etmələri bu ölkələrin də mallarını Bakı-Tbilisi-Qars yoluyla Avropa bazarlarına çatdırması istəyindən xəbər verirdi. Məlumat üçün deyək ki, dəmir yolunun çəkilişi 2007-ci ildə başladı və 10 il çəkdi. Tikintinin bu qədər uzanması Gürcüstan və Türkiyə ərazisindəki mürəkkəb relyeflə bağlı idi. Bu dəmir yolunun iqtisadi əhəmiyyəti böyükdür. Türkiyənin Bosfor boğazının dibi ilə dəmir yolu tikintisini başa çatdırması Pekinlə Londonu Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birləşdirəcək. Hələlik ilkin illərdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə 1 milyon sərnişin və təxminən 3.5 milyon ton yük daşınacaq. Sonrakı illərdə bu rəqəm artacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun işlək olması üçün Çinin öz mallarının bir hissəsini bu yolla Avropaya daşıması lazımdır.
Politoloq Elxan Şahinoğlu deyir ki, Çin Avropaya ildə təxminən 500 milyon ton yük daşıyır. Bunları iki yolla Avropaya çatdırır. Birinci dəniz və okean yollarıdır. İkinci Rusiya ərazisindən keçən dəmir yoludur. Çinin Avropaya daşıdığı yükün cəmi 10 faizini Bakı-Tbilisi-Qars dəmir yoluna istiqamətləndirməsi kifayətdir ki, bu xətt tam gücü ilə işləsin: “Bakı-Tbilisi-Qars dəniz yollarından qısadır. Digər tərəfdən Rusiya xəttində ləngimələr var. Bundan başqa, Rusiya ilə Avropa dövlətləri arasındakı soyuq münasibətlər də Çin mallarının məhz Rusiya üzərindən Avropaya çatdırılmasında mənfi rol oynayır. Bu mənada, Bakı-Tbilisi-Qars yolu Çin üçün münasibdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun cəlbedici olması üçün iki şərtin yerinə yetirilməsi vacibdir. Birinci şərt- Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə yol boyu vahid tariflər tətbiq etməli və qiymətləri ucuz olmalıdır ki, bu, Çin şirkətlərinin Bakı-Tbilisi-Qars dəmir yoluna marağını artırsın.
İkinci şərt-Qazaxıstanla Azərbaycan arasında Xəzər üzərindən yük daşımasında gecikmələrə yol verilməməli, yüklər dərhal dəmir yoluna çatdırılmalıdır”.
Politoloq deyir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda olmasından istifadə edərək azərbaycanlı həmkarı İlham Əliyevlə iki ölkə arasındakı münasibətləri müzakirə etməsi də önəmli hadisə idi. Həmçinin, Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasının keçirilməsi iqtisadi əməkdaşlığı daha da gücləndirəcək: “Azərbaycan indiyə kimi Türkiyəyə 10 milyard dollar, Türkiyə isə Azərbaycana 11 milyard dollar sərmayə qoyub. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 milyard dollara çatmalıdır. Prezidentlər iki ölkə arasındakı hərbi əməkdaşlığı da müzakirə etdilər. İlham Əliyev görüşdə dedi: “Azərbaycan Türkiyədən hərbi məhsullar alır və alacaq”. İlham Əliyev bununla iki ünvana mesaj göndərdi. Birinci ünvan əlbəttə ki, işğalçı Ermənistandır. İşğalçı dövlət bilməlidir ki, Azərbaycan müxtəlif ölkələrdən, o cümlədən strateji müttəfiqi Türkiyədən silah almaqda davam edəcək. Avropaya da mesaj var ki, əgər Qərb dövlətləri Azərbaycana silah və hərbi texnika satmayacaqlarsa, bu, Azərbaycan üçün heç bir problem yaratmayacaq, Türkiyə kimi alternativ var.
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq iki istiqamətdə uğurla inkişaf edir. Birinci istiqamət, qeyd edildiyi kimi, Azərbaycanın Türkiyədən aldığı müasir silahlar və hərbi texnikadır. İkinci istiqamət isə iki müttəfiq dövlət arasında hər il mütəmadi keçirdikləri hərbi təlimlərdir. Bu təlimlər son illər Naxçıvanı da əhatə edir”.
Bakıdakı tədbirdən iki gün sonra Azərbaycan, Rusiya və İran prezidentləri Tehranda toplaşdılar. Prezident İlham Əliyev zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından və işğaldan danışdı, Azərbaycanın status-kvo ilə barışmayacağını bildirdi. İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə görüşdə də işğala diqqəti çəkdi. Elxan Şahinoğlu deyir ki, bu fikirlərin hər dəfə Tehranın və Moskvanın diqqətinə çatdırılmasına ehtiyac var: “Çünki Rusiya və İran Ermənistanla əməkdaşlıq edir və bu ölkənin də regional layihələrdə iştirakının tərəfdarıdırlar. Ancaq rəsmi Bakı hər zaman Moskvaya və Tehrana xatırlatmaq məcburiyyətindədir ki, Azərbaycan torpaqları boşaldılmayana qədər Bakı Ermənistanın regional layihələrdə iştirakına icazə verməyək. Maraqlıdır ki, Tehran və Moskva Bakının bu arqumentinin əleyhinə çıxmır. Elə prezidentlərin Tehranda toplaşmalarının əsas məqsədi də o idi ki, Azərbaycandan keçən Şimal-Cənub dəmir yolunun tikintisinin mövcud vəziyyətini müzakirə etsinlər.
Rusiya və Azərbaycan ərazisində dəmir yolları işlək vəziyyətdədir, Azərbaycanla İranı birləşdirən dəmir yolu da inşa edilib. İndi əsas məsələ İran daxilində dəmir yolunun tikintisini sürətləndirməkdir. Azərbaycan İran ərazisindəki Astara-Rəşt dəmir yolunun tikintisi üçün qonşu dövlətə 500 milyon dollar kredit ayırıb. Bundan başqa, 3 ölkəni başqa layihələr də birləşdirir. Bu, Rusiya, Azərbaycan və İran arasında enerji xətlərinin birləşdirilməsi və avtomobil yolunun inşasının tamamlanmasıdır”.
Siyasi şərhçi onu da vurğulayıb ki, Bakı-Tbilisi-Qars və Şimal-Cənub layihələri Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisini artıracaq. Bu layihələr işğalçı Ermənistanın təcridini daha da gücləndirəcək: “Bu faktor da Azərbaycan üçün az əhəmiyyətli deyil. Ermənistan çox çalışdı ki, mehriban münasibətlərdə olduğu Tehran və Moskva dəmir yolunu Ermənistandan uzatsınlar. Alınmadı. Çünki Ermənistan ərazisindəki dağ yollarında dəmir yolu çəkmək üçün milyardlar lazım idi. Rusiya və İranın nə qədər Ermənistanla münasibətləri yaxşı olsa da, hər iki dövlət reallıqdan çıxış edərək Azərbaycan marşrutuna üstünlük verdilər. Ermənistandan fərqli olaraq Azərbaycan tikinti üçün heç kimdən maliyyə istəmədi, tam tərsinə, Gürcüstana və İrana kreditlər verdi ki, dəmir yollarının tikintisi sürətlənsin. Əlbəttə, ilkin illərdə bu layihələrdən gəlir gözlənildiyi qədər böyük olmayacaq. Ancaq hər iki layihənin geosiyasi əhəmiyyəti böyükdür. Zamanla dəmir yolları tam gücü ilə işlədikdə bunun geosiyasi təsiri daha çox hiss ediləcək.
Erməni şərhçilərin əksəriyyəti Bakı-Tbilisi-Qars dəmir yolunun işə başlamasını və Tehranda 3 dövlət başçısının Şimal-Cənub xəttinin işə salınmasının müzakirəsilə bağlı görüşünü faktiki Ermənistanın məğlubiyyəti kimi dəyərləndirdilər. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması qonşu ölkə ətrafındakı mühasirəni gücləndirir və İrəvanı bütün qazanclardan məhrum edir. Bir erməni müəllif yazıb ki, müharibə əbədi deyil və bir gün Ermənistan da regional layihələrə qoşulacaq. Yaxşı, istəkdir, ancaq bunun reallaşması üçün əsas şərt Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarını boşaltmasıdır. İrəvan, hələ ki, bunu yerinə yetirməyə hazır deyil. Deməli, Ermənistan regional layihələrə qoşula bilməyəcək və getdikcə kasıblaşacaq”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info