Arzu Nehrəmlinin “Musiqili poeziya gecəsi” keçirilib
Tarix: 06.11.2017 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Qadın ürəyi incə, səmimi, saf və daha kövrəkdir. Bu ürəkdən süzülən sözlər inandırıcı təsir bağışlamaqla yanaşı, qubar, kədər, qüssə kimi ülvi duyğuları özündə cəmləyir. Axı bu ürək ana ürəyidir. Ana ürəyi dünyanı tamam başqa gözlə “görür”. Bu gözlərdə məhəbbət, sevgi hər zaman hiss olunur. Arzu Nehrəmlinin “Yoluna davam et, uğur, ürəyim” şeiri isə əsl ana ürəyinin ülvi hisləridir.
Elədən beləyə dərdə yol açdın,
Üstü ələk-vələk, yağır ürəyim.
Nə bir üsyan etdin, nə də ki, çaşdın,
Sındın, əyilmədin, məğrur ürəyim.

Hər gələn nə varsa, çəkdin üstünə,
Buna tab gətirməz nə köks, nə sinə.
Axı sən ürəksən, səs ver səsimə,
Bir dillən, bir danış, bağır, ürəyim.

Bir dəvə yükünlə karvan gəzirəm,
Axıdıb sellərə, saman gəzirəm.
Təzdən peşman olub aman gəzirəm,
Qorxuram çatlayar, yığır ürəyim.

Sən kökü dərində məzhəb imişsən,
Oxuna bilməyən sənəd imişsən.
A mənim güvəncim, sən nə imişsən?
Özü dünya boyda yumruq ürəyim.

Məndən çəkdiyini ud qram-qram,
Nə aldın, alırsan, bac alammıram.
Onsuz da səninlə bacarammıram,
Yoluna davam et, uğur, ürəyim.
5 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Arzu Nehrəmlinin ədəbi yaradıcılığına həsr edilən “Musiqili poeziya gecəsi” keçirildi. Tədbirdə ədəbi fəaliyyətlə məşğul olan ədəbiyyat insanları ilə yanaşı, poeziya həvəskarları və şairənin yaxın qohumları iştirak edirdilər. Tanınmış söz sahiblərinin iştirak etdiyi tədbirdə Arzu xanımın yaradıcılığı haqqında nitqlər söyləndi.
Tədbir başlamazdan öncə Arzu Nehrəmlinin yaradıcılığı və ədəbiyyata gəlişi haqqında videoçarx göstərildi. Videoçarxda kaman ustası Habil Əliyevin onun haqqında dediyi xoş sözlər və xeyir-duası bu gün özünü təsdiqləyir.
Tədbirin aparıcısı Qəşəm Nəcəfzadə tədbiri açaraq Arzu Nehrəmlinin yaradıcılıq dünyasından söhbət açdı. Həmçinin Arzu xanımın ədəbiyyata ilk gəlişi haqqında danışaraq onun yaradıcılığının geniş fəlsəfi fikirlərlə zəngin olduğunu qeyd etdi.
Çıxışçılardan biri, kitabda Arzu Nehrəmlinin ədəbi yaradıcılığını təhlil edən tanınmış tənqidçi Vaqif Yusifli isə öz növbəsində Arzu xanımın fəlsəfi şeir dünyası haqqında geniş nitq söylədi. Bunlarla yanaşı, Oqtay Rza və digən iştirakçılar da Arzu xanımın yaradıcılığı haqqında nitq söylədilər.
Arzu Nehrəmlinin “Unutmağı öyrənirəm” şeirlər kitabı və şeirlərinə həsr edilən mahnılardan ibarət disk qonaqlara və poeziya həvəskarlarına hədiyyə edildi. Kitabda şairənin son illərdə qələmə aldığı şeirlər cəmlənib.
Arzu Nehrəmlinin yaradıcılığında diqqəti cəlb edən bir məqam onun hər bir şerində geniş fəlsəfi poetik yükün olmasıdır. Bu poetik yük şerin oxunaqlığını daha da artırır. Həyatın keşməkeşli yollarında əzab-əziyyət çəkən şairə erkən həyat yoldaşını itirib. Şairənin şeirlərini təhlil edərkən bu acını, kədəri görmək mümkündür. Bəlkə də şairəni ən çox oxucuya sevdirən məhz bu cür şeirlər və onun bitib-tükənməyən zəngin məna çalarlarıdır. “Unutmağı öyrənirəm” şeri isə nöbəti fəlsəfi yüklü, həm də kədərlə dolu əzablı günlərin poetik ifadəsidir.
Fikrim çəkir məni hara...
Könlüm olur para-para.
Çəkilmişəm bir kənara
Unutmağı öyrənirəm.

Gileyim yox belə dəmdən,
Saçlarıma düşən dəndən,
Ayırmayın məni məndən,
Unutmağı öyrənirəm.

Dadıma çatmadı ölüm,
Bağrım çat-çat, bölüm-bölüm.
Susun, diksinməsin könlüm,
Unutmağı öyrənirəm.
Xalqımız poeziyanı sevən xalqdır. Acılı və sevincli günlərimizi şeirlə ifadə etmişik. Poeziya bağına əvəzolunmaz incilər bəxş edən şairələrin yaradıcılığı isə diqqəti cəlb edir. Onların zəngin yaradıcılığı ilə yanaşı olaraq, yaşadıqları ömür də çox maraqlıdır. Burada onların yaşadığı sevincli, nisgilli günlərin sayı tədqiqatçını həmişə düşündürür. Elə bir bölgəmiz yoxdur ki, orada ürəyi ilahi sözlə alovlanan və dilindən dürr söz tökülən şair və şairələr olmasın. Bu baxımdan, əsl ana ürəyinin ülvi hislərini özündə cəmləyən Arzu Nehrəmlinin yaradıcılığı illərlə tədqiqatçıların diqqətini cəlb edəcək.

Mahmud Əyyub




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info