Təhsil təcrübəyə, dinamik inkişafa əsaslanır
Tarix: 06.11.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Dövrümüzdə qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın mental ənənələrinə bəslədiyi sədaqət, həm də dövlətimizin yeritdiyi siyasət nəticəsində yüksək qiymətləndirilir. MüasirAzərbaycan qadını ana-evdar qadın olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, rəssam, aktyor, inzibatçı və s., bir sözlə, ziyalıdır. Azərbaycan qadınının bu fəallığı, tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata daha fəal inteqrasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aşağıdakı fikirlərini oxumaq kifayətdir ki, Azərbaycan qadınının sahib olduğu xüsusiyyətləri və onlara olan münasibəti açıq şəkildə anlaya biləsən: "Qədim zamanlardan bəri vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir”.
Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında,fəaliyyəti ilə Azərbaycan qadınının ən gözəl obrazını formalaşdıran və müasir Azərbaycan qadınının təmsili olan,Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır.
Bu inkişaf meyilləri tarixin bütün mərhələlərində ən yüksək dəyərlə xatırlanan Azərbaycan qadını üçün də ictimai fəallığın artırılması, qadın hərəkatı ənənələri tarixində möhtəşəm bir mərhələnin yaradılması üçün yeni mühitdir. Müstəqilliyimizin ilk illərində cəmiyyətdəki mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi və mənəvi problemlərin burulğanına düşən, mərd, fədakar, mübariz qadınlarımız o illərdə yaşananların sıxıntılarına rəğmən bu gün dünya qadınlarının öncülləri sırasında qərar tuturlar. Bütün dövrlərdə kişilərlə çiyin-çiyinə dayanan, öz dəstəyini onlardan bir an belə əsirgəməyən Azərbaycan qadını bu gün də müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində görülən ardıcıl işlərdə ön sıradadır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov da Ümummilli liderimizin başlatdığı qadın siyasətini layiqincə yaşadan, bu kursu əməli ilə dəstəkləyən uzaqgörən ziyalılarımızdandır. Gəldiyi gündən ADPU üçün perspektivli inkişaf istiqamətini hədəf götürən C.Cəfərov yüksək intellektual və təşkilati bacarıqları ilə seçilən qadınların yüksək postlara gətirilməsindən çəkinmir. Məhz bu əməli və səmərəli islahatlar nəticəsində ADPU-nun Kimya və Biologiya fakültəsinə də yüksək erudisiyalı, sosial aktiv, təşkilatçı bacarığı ilə seçilən dosent Elnarə Cabir qızı Mehbalıyeva dekan vəzifəsinə seçilmişdir. Onu da qeyd edim ki, rəhbərlik həmin vəzifəyə Elnarə xanımı birillik sınaq müddəti ilə təyin etmiş, bununla yanaşı, cari ilin sentyabr ayında fakültədə keçirilmiş şəffaf seçki nəticəsində Elnarə xanım həmin posta layiq olduğunu bir daha sübut etmişdir.
Bu gün haqqında söhbət açacağımız Elnarə xanım Mehbalıyevanı geniş oxucu kütləsinə təqdim etmək üçün əvvəlcə onun haqqında tanışlıq xarakterli məlumatlatın verilməsini vacib bildik. Elnarə Cabir qızı Mehbalıyeva 1979-cu il mart ayının 25-də Bakı şəhərində anadan olmuşdur. O, 1986-cı ildə Bakı şəhəri Xətai rayonu 63 saylı orta məktəbə daxil olmuş, 1996-cı ildə 269 saylı məktəbi bitirmişdir. Ailəlidir, 3 övladı var.
O, 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya fakültəsinə daxil olmuş, 2000-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2000-2002-ci illərdə Pedaqoji Universitetin “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə magistratura pilləsində təhsil almış, buranı da fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun “fiziologiya” ixtisası üzrə doktoranturasına daxil olmuş, 2010-cu ildə “Prenatal ontogenezdə hipoksiyaya məruz qalmış heyvanlarda reflektor fəaliyyət” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmlər doktoru üzrə proqramı üzrə dissertantdır. Hal-hazırda “Erkən postnatal ontogenezdə müxtəlif dərəcəli hipoksiyanın funksional sistemlərə təsir effektlərinin analizi” adlı dissertasiya mövzusu üzərində işləyir.
Elnarə Mehbalıyeva 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin İnsan və heyvan fiziologiyası kafedrasında müəllim vəzifəsinə təyin olunmuş, 2008-ci ildən həmin kafedrada baş müəllim, 2013-cü ildən dosent vəzifəsində çalışmışdır.
2012-ci ildən ADPU-nun Biologiya fakültəsi üzrə YAP qadınlar Şurasının üzvü, 2017-ci ildən isə həm də ADPU-nun YAP idarə heyyətinin üzvüdür.
2012-ci ildən ADPU-nun Biologiya fakültəsi üzrə ilk Həmkarlar Təşkilatının idarə heyətinin üzvü, 2013-cü ildən fakültə üzrə tədris və elmi tədqiqat işlərinin yerinə yetirilməsinə nəzarət qrupunun rəhbəridir. Elnarə xanım, bundan əlavə, Azərbaycan Nobel İnformasiya Mərkəzinin tibbi fiziologiya üzrə ekspertidir.
2011-2016-cı illərdə Biologiya fakültəsinin dekan müavini, 2016-cı ildən ADPU-nun və Elmi Şuranın elmi katibi vəzifəsinə təyin edilmişdir. 2017-ci il fevralın 14-dən isə Kimya və Biologiya fakültəsinə dekan vəzifəsinə təyin olunmuşdur.
11 proqram, 76 məqalə, 2 dərs vəsaiti (“Ürək qan-damar sisteminin morfologiyası və fiziologiyası”, “İnsan və heyvan fiziologiyası fənnindən təcrübi məşğələlər”, “İnsan anatomiyası fənnindən sərbəst çalışmalar”) və 1 metodik göstərişin (Qan və qan sisteminin fiziologiyası) müəllifidir. Bundan əlavə, beynəlxalq və respublika konfranslarda mütəmadi olaraq məruzələrlə çıxış edir.
Elnarə xanım dekan vəzifəsinə seçildikdən sonra fakültə böyük uğurlara imza atmış, fəal yenilənmə işləri aparmışdır ki, bu da universitet rəhbərliyinin həm düzgün qərarından, həm də yeni təyinatın etimadı doğrultmasından xəbər verir.
Əvvəla, onu qeyd edək ki, Elnarə xanımın fakültəyə gəlişi ilə ilk növbədə qabaqcıl və müasir tələblərə cavab verən ixtisaslaşmış kadrların önə çəkilməsi, qocaman müəllim heyətinin əməyinin qiymətləndirilməsi prioritet məsələyə çevrildi. Elnarə xanımın idarəçiliyi sayəsində fakültə dirçəliş, zamanın tələblərinə uyğunlaşmaq, bir çox layihələrin təşəbbüskarı və təşkilatçısı olmaq öncəliyi qazandı.
Belə ki, ilk növbədə cari ilin mart ayının 17-də fakültənin təşəbbüsü və təşkilatçılığı ilə ADPU-nun böyük akt zalında “Novruz şənliyi” tədbiri keçirildi. Tədbirdə fakültənin tələbələri Novruz adət-ənənələrindən danışmış, səhnəciklər göstərmişdilər. Bahar qızın bayram təbriki, Kosa və Keçəlin şən zarafatları, tələbələrin “Lalə” və “Sarı gəlin” rəqsləri, ifa etdikləri “Azərbaycan” mahnısı, yumoristik səhnələr, vətənpərvərlik mövzusunda səsləndirlikləri şeirlər izləyicilərdə xoş əhvali ruhiyyə və ovqat yaratmışdı. Tədbir zamanı ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Novruz bayramı şənliklərində iştiraklarını əks etdirən slayd göstərilmişdi. Tədbirin sonunda Kimya və Biologiya fakültəsinin dekanı, dosent Elnarə Mehbalıyeva çıxış edərək belə tədbirlərin fakültəsi tərəfindən davamlı olacağını vurğulamışdır.
Az bir zamanda Elnarə xanım sözünü əməli işlə təsdiqləmişdir. Belə ki, istedadlı tələbələri müxtəlif yaradıcılıq emalatxanalarında toplamaqla fakültədə həftənin çərşənbə axşamı rəqs etməyi, mahnı oxumağı, şəkil çəkməyi bacaran və qeyri-adi istedadı olan tələbələrlə “İncəsənət saat”ına start verilmişdir.
Elnarə xanımın ideyası ilə Kimya və Biologiya fakültəsində “Gənc şairlər” cəmiyyəti yaradılıb ki, artıq hər ayın sonu yaradıcı tələbələr orada öz yeni şeirlərini təqdim edirlər. Bu tədbirlərə ölkəmizin tanınmış şair və yazarları də dəvət olunurlar.
Bundan başqa, Elnarə xanımın təşəbbüsü ilə Kimya və Biologiya fakültəsində hər ayın 1-3-də “Sağlam həyat günü” keçirilir. Tələbələr arasında sağlam həyat prinsiplərini aşılamaq məqsədilə Səhiyyə Nazirliyinin İnnovasion metodlar şöbəsindən, klinikalardan həkimlər dəvət olunur, tələbələrlə sağlam həyat tərzi mövzusunda söhbətlər və diskussiyalar aparılır.
Elnarə xanımın tələbə-gənclər üçün təşkil etdiyi fəaliyyətləri bununla da bitmir. Onun təşəbbüsü ilə fakültənin tələbələrinə ödənişsiz ingilis və rus dili kursları işə başlamışdır.
Cari ilin may ayının 10-da Kimya və Biologiya fakültəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Gənclər və elmi innovasiyalar” adlı elmi konfrans keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, məruzəçilər kimi fakültənin həm müəllim, həm də tələbə heyəti iştirak etmişdir. Konfrans iştirakçılarına fakültənin professor-müəllim heyətinin elmi əsərləri və laborator təcrübələrindən ibarət sərgi nümayiş olunmuşdur.
Məlahət Babayeva
(Ardı var)




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info