“Uzun illər ərzində əldə etdiyim bilikləri Bakıda ustad dərslərində gənclərə öyrətməyə çalışdım”
Tarix: 07.11.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Xaricdə yaşayan soydaşlarımızın Vətənə bağlılığı vacib amildir. Onlar harada yaşamalarından asılı olmayaraq Azərbaycanı unutmamalıdırlar. Həmçinin lazım gəldikdə Azərbaycan üçün də çalışmalıdırlar. Necə ki, Azərbaycan diasporunun görkəmli nümayəndəsi, Əməkdar artist, professor Adilə Əliyeva bunu edir.
Uzun illərdir Fransada yaşayan pianoçu Adilə Əliyeva Təhsil Nazirliyinin dəvəti ilə Bakıya gəlib, 3 gün ərzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri verib. Öncə qeyd edək ki, Adilə Əliyeva Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək Çaykovski adına Konservatoriyada təhsil alıb. 25 ilə yaxındır ki, Fransada yaşayan A.Əliyeva 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib. Son olaraq İsveçrədə iki kompakt-diski hazırlanıb. CD-lərdən biri İsveçrə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə, digəri isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunub. Bu CD-lərdə görkəmli İsveçrə (Frank Martin, Jan Daetviler, Liszt və Mendelson) və Azərbaycan (Vaqif Mustafazadə, Tofiq Quliyev, Oqtay Rəcəbov və b.) bəstəkarları tərəfindən yazılmış əsərlərin yenidən işlənmiş variantları yer alır.
Onu da qeyd edək ki, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmyerlimizin adına iki ildən bir Fransa və İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. Adilə Əliyevanın rəhbərlik etdiyi festivalın münsiflər heyətinə dünyanın tanınmış musiqiçiləri daxildir. Amerikalı eskpertlərin fikrincə, bu müsabiqə dünyanın ən nüfuzlu musiqi müsabiqələrindən biridir. 2018-ci ilin martında Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsi keçiriləcək. Festivalın final konsertində bir sıra beynəlxalq qurum nümayəndələrinin iştirakı gözlənilir.
Ustad dərslərində Adilə Əliyeva gənc pianoçularla böyük həvəs və səbirlə məşğul olub. Nəzərə çatdıraq ki, bu dərslərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Q.Qarayev adına 8 saylı, G.Şaroyev adına 35 saylı və digər 11 illik Uşaq Musiqi məktəblərinin şagirdləri, eyni zamanda müəllim və valideynlər də iştirak ediblər. Burada həm klassik, həm romantik, həm də impressionizm üslublu əsərlər təqdim olunub. Qeyd edək ki, bu dərslər gənc ifaçılara yaradıcı impuls verib. Onlarda öz üzərində daha çox işləmək və səhnəyə çıxmaq həvəsi oyadıb. Bundan başqa, tələbələr 22 ildir xaricdə keçirilən Adilə Əliyeva adına musiqi festivalı haqqında əraflı məlumat alıblar. Adilə Əliyeva bizimlə söhbətində dedi ki, ustad dərsləri dinləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanıb: “Mənim öz doğma vətənimdə ödənişsiz ustad dərsi verməyim, bir növ borcumu qaytarmağımdır. Biz əvvəlki nəsildən öyrəndiyimizi mütləq yeni nəslə ötürməliyik. Mən bir ifaçı kimi, Bakıda, bu binada yetişmişəm, mən də özümü kimlərəsə oxşatmışam, kimlərdənsə öyrənmişəm. Bu ustad dərslərimdə heç bir peşəkar ifaçının kimlərəsə demədiklərini paylaşıram. Bunu Azərbaycan övladlarına demək mənim borcumdur. Hətta Fransada bir astroloq mənə demişdi ki, həyatda mənim missiyam bildiklərimi öyrətməkdən ibarətdir. Üstəlik, mən gərək əməllərimlə adımı da doğruldam. Adilə ədalətli deməkdir”.
Məşhur pianoçu ustad dərslərində çox sirrini bölüşdüyünü deyir: “Bilirsiz ki, evindən kənarda böyümək, ailədən, doğmalardan uzaqda təhsil almaq asan deyil. Bu illər ərzində əldə etdiyim bilikləri burada gənclərə öyrətməyə çalışdım. Məqsədim şagirdlərə yeni ifa texnikalarını öyrətmək, pianodaifa edərkən zəif nöqtələri müəyyənləşdirmək və əsas diqqəti buna yönəltməkdir”.
Adilə Əliyeva dərslərlə bağlı təəssüratını da bölüşdü: “Akademiyanın da, musiqi məktəblərinin də tələbələri hamısı hazırlıqlıdır, ifa etdikləri əsərləri tam mənimsəyiblər. Kimin istedadı nə qədərdir, bunda işimiz yox! İstedadı Allah verir. Bizim işimiz öyrətməkdir. Mən təxminən 25 il öyrənəndən sonra dərs deməyə başlamışam. Dərsdə söylədiklərimi zərrə-zərrə toplamışam. Həyat çox qısadır. Ona görə də həmişə hamıya yaxşılıq etmək lazımdır. Azərbaycanda gözəl söz var: can deyib, can eşidək. İnanıram ki, bundan sonra birgə yaradıcı planlar həyata keçirəcəyik. Azərbaycan mənim vətənimdir və bu işi böyük həvəslə edirəm”.
Xatırladaq ki, Bakıya səfəri çərçivəsində Adilə Əliyevanın “ADA” Universitetinin tələbələri ilə görüşü keçirilib. Həmçinin onun Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində konserti olub. Tədbirdə Adilə Əliyeva F.Şopen və F.Listin əsərlərini ifa edib. Daha sonra onun dünyanın müxtəlif konsert salonlarında konsertlərinin videokadrları nümayiş olunub. O, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info