Əfqanıstan Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərir
Tarix: 08.11.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Şahin Mustafayev: “Biz lazımi şərait yaradacağıq ki, Əfqanıstan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etsin. Eyni zamanda, Avropadan Əfqanıstana yüklərin daşınması baxımından da bu yol çox cəlbedicidir”

Bu ilin 9 ayında Azərbaycandan keçməklə Avropadan Əfqanıstana hərəkət edən TIR-ların sayı 5 dəfəyə yaxın artıb

Əfqanıstan İslam Respublikasının maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb. “Azəravtoyol”, “Ərzaq məhsullarının tədarükü və təchizatı” səhmdar cəmiyyətlərinın, Azərbaycanın ixrac assosiasiyaları rəhbərlərinin, 25 iri yerli şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın Əfqanıstanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edən iqtisadiyyat naziri beynəlxalq platformada Əfqanıstanın ölkəmizi dəstəklədiyini vurğulayıb. Hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycan humanitar, hərbi təhsil və tibbi təlimlər, minalardan təmizləmə, mülki treninqlər sahələrində Əfqanıstana dəstək göstərir. Ölkələrimiz ticarət, investisiya, İKT, xidmət və s. kimi iqtisadi sahələrdə də əməkdaşlıq edir. 2017-ci ilin fevralında Kabilə ixrac missiyası təşkil edilib və missiya çərçivəsində bir sıra Azərbaycan məhsullarının ixracına dair razılıqlar əldə olunub. Görüşdə qeyd edilib ki, Azərbaycan 14-15 noyabrda Aşqabadda keçiriləcək Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) təmsil olunacaq. İqtisadi əlaqələrin genişləndirilməsi baxımdan müxtəlif sahələr üzrə hüquqi bazanın yaradılmasının əhəmiyyətini vurğulayan nazir Şahin Mustafayev hazırda ölkələrimiz arasında müzakirə edilən bir sıra sənədlərə, o cümlədən İqtisadi və Ticarət Əməkdaşlığı haqqında Sazişə dair fikirlərini bölüşüb.

Azərbaycan şirkətləri Əfqanıstanda yerləşən NATO qüvvələrini qida və geyimlə təchiz edə bilər

Diqqətə çatdırılıb ki, Azərbaycan məhsullarının Əfqanıstana ixracı, ölkəmizin tranzit potensialından istifadə, tikinti sahəsində əməkdaşlıq üçün imkanlar genişdir. Bildirilib ki, bu ilin 9 ayında Azərbaycandan keçməklə Avropadan Əfqanıstana hərəkət edən TIR-ların sayı 5 dəfəyə yaxın artıb. Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini xatırladan nazir Şahin Mustafayev bu mühüm əhəmiyyətli dəmir yolu xəttinin Əfqanıstan daşımaları üçün böyük imkanlar yaratdığını vurğulayıb. Bundan başqa, Əfqanıstanda yerləşən NATO qüvvələrinin tələbatını ödəmək məqsədilə Azərbaycan şirkətləri onları qida və geyimlə təchiz edə və ya bu sahədə birgə müəssisələr yaradıla bilər. Nazir Şahin Mustafayev Bakının da namizəd şəhərlər sırasında olduğu “EXPO 2025” beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinə Əfqanıstanın dəstək olmasını xahiş edib. Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə edib. Azərbaycan hökumətinin Əfqanıstana göstərdiyi dəstək və yardımlara görə minnətdarlığını bildirən Eklil Əhməd Hakimi ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib, Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini vurğulayıb. Qeyd olunub ki, müxtəlif sahələrdə, eləcə də iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün hüquqi sənədlərin və müvafiq yol xəritələrinin hazırlanması vacibdir. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti, istehsal etdikləri məhsullar və göstərdikləri xidmətlər barədə məlumat verib, Əfqanıstana ixrac imkanlarını diqqətə çatdırıblar.

Azərbaycan şirkətləri Əfqanıstan hökumətinin sifarişi ilə bu ölkədə yolların tikintisində iştirak edə bilər
Şahin Mustafayev görüşdən sonra bildirib ki, Əfqanıstan İslam Respublikası ilə Azərbaycan Respublikasının siyası əlaqələri çox yüksək səviyyədədir: “Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində müzakirələr apardıq. Azərbaycan bu əlaqələrin inkişafında maraqlıdır. Biz hesab edirik ki, bir sıra istiqamətlər üzrə cəlbedici layihələr və cəlbedici istiqamətlər mövcuddur. İlk növbədə, ticarət əlaqələrimizin inkişafı istiqamətində müzakirələr apardıq. Azərbaycan şirkətləri bu əlaqələrin inkişafına böyük maraq göstərirlər. İyirmi beş Azərbaycan şirkəti bu görüşlərdə iştirak edib. Sahibkarlar ilk növbədə, qida məhsullarının Əfqanıstan bazarına ixracında maraq göstərirlər. Eyni zamanda, Azərbaycanın sənaye şirkətləri Əfqanıstanda fəaliyyət göstərmək istəyir”. Şahin Mustafayevin sözlərinə görə Azərbaycan şirkətləri Əfqanıstanda sərmayə yatırmağa da böyük maraq göstərirlər: “Əfqanıstan hökumətinin sifarişi ilə yolların tikintisində, dəmir yollarının tikintisində Azərbaycan şirkətləri iştirak edə bilərlər. Həmçinin sənaye məhsullarının istehsalında Əfqanıstanda iştirak etmək imkanları müzakirə olunub. Sement zavodunun tikintisi layihəsi haqqında müəyyən müzakirələr aparılıb. Bununla yanaşı, tekstil istehsalının yaradılmasına böyük maraq var. Hesab edirəm ki, bir sıra belə istiqamətlər cəlbedicidir, bizim şirkətlərə maraq göstərirlər və Azərbaycan hökuməti bu istiqamətləri dəstəkləyir, şirkətləri təşviq edir və Əfqanıstan hökuməti ilə lazımi müzakirələr aparır”.
Əfqanıstana daşınan yüklərin böyük hissəsi Azərbaycanın infrastrukturundan istifadə edilməklə ölkəmizin ərazisində keçir
Azərbaycanla Əfqanıstan arasında tranzit daşımaları məsələsinə toxunun nazir Şahin Mustafayev bildirib ki, Əfqanıstan hökuməti Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərir: “Hazırda Əfqanıstana daşınan yüklərin böyük hissəsi Azərbaycanın infrastrukturundan istifadə edilməklə ölkəmizin ərazisində keçir. Əfqanıstana gedən hərbi yüklərin də təxminən 40 faizi Azərbaycan ərazisindən keçir. Xüsusilə son zamanlar avtonəqliyyat vasitəsilə daşımaların həcmi artıb. Bu yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Türkmənbaşı Limanına, sonra isə quru yolla daşınıb. Əfqanıstana gedən avtonəqliyyat vasitələrinin sayı bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Əfqanıstan tərəfi bu infrastruktur vasitəsilə Avropaya çıxmaq istiqamətində çox böyük maraq göstərir və biz lazımi şərait yaradacağıq ki, Bakı-Tbilisi-Qars dəmir yolundan Əfqanıstan da istifadə etsin. Eyni zamanda, Avropadan Əfqanıstana yüklərin daşınması baxımından da təbii ki, bu yol çox cəlbedicidir”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info