Ukrayna üçün yeni “Marşall planı”
Tarix: 09.11.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Rəsmi adı “Ukrayna üçün Avropa planı” olan layihə Litva Seymində Qərb ölkələrini təmsil edən səfirlərə təqdim olunub

Andrey Novak: “Polşa və Baltik ölkələri Ukraynanı Rusiya ilə mübarizəsini böyük diqqətlə izləyir. Onlar ehtiyat edirlər ki, Ukraynadan sonra Moskvanın hədəfi Baltik ölkələri ola bilər. Moskvanı hədəfi Kalininqrada dəhliz açmaqdır. Ona görə də Litva və Polşa “Marşall planı”nın aktiv lobbiçiləridir”

Ukrayna parlamentinə Rusiya ilə diplomatik münasibətlərin dayandırılması ilə bağlı qanun layihəsi təqdim edilib. Layihənin “Petr Poroşenko bloku” tərəfindən təqdim edilməsi hakim partiyanın onun lehinə səs verəcəyini deməyə əsas verir. Artıq Rusiya tərəfi bu layihəyə kəskin reaksiya verib. Gələn həftə isə Avropa Parlamenti Ukraynaya iqtisadi dəstək layihəsini müzakirəyə çıxaracaq. Yeni “Marşall planı” adlandırılan sənəd Litva Seymində Qərb ölkələrini təmsil edən səfirlərə təqdim edilib. Avropa Parlamentinin deputatları razılıq verəcəyi halda yeni plan noyabrın 24-də keçirilməsi nəzərdə tutulan “Şərq Tərəfdaşlığı” sammitində təsdiqlənəcək. Ukrayna ilə bağlı yeni “Marşall planı” haqqında məlum maydan hadisələrindən dərhal sonra müzakirələr başlasa da , vahid mövqe ortaya qoymaq mümkün olmamışdı. Bu dəfə isə sənədi Litva tərəfi hazırlayıb. Əsas təşəbbüskarlar isə Litvanın keçmiş baş nazirləri Andryus Kubilyus, Qedminas Kirkilas və keçmiş xarici işlər naziri Pyatras Vaytekunasdır. Hər üç şəxs Avropa Xalq Partiyasına daxil olan Litva Xristian-Demokrat Partiyasının üzvləridir. Bu plan Avropa Xalq Partiyasının mart ayında Maltada keçirilən toplantısında həyata vəsiqə qazanıb. Avropa Parlamentinin ən böyük fraksiyası olan partiya “Ukraynaya uzunmüddətli dəstək haqqında” qətnamə qəbul edib. Həmin toplantıda iştirak etmiş Ukrayna dövlət başçısı Poroşenko bildirmişdi ki, ölkəsi səbirsizliklə növbəti addımları gözləyir. Bu planın mahiyyəti ilə bağlı fərqli yanaşmalar var. Ukrayna İqtisadçılar Birliyinin rəhbəri Andrey Novak sosial şəbəkələrdə yazıb ki, Avropa dövlətləri heç bir təminat nəzərə alınmadan Ukraynaya birbaşa vəsait ayırmaq fikrində deyil: “Avropa planı Kiyevin vergi, gömrük, bank və investisiya sahəsində vacib olan islahatları aparması üçün Ukrayna iqtisadiyyatına investisiya cəlb edilməsini nəzərdə tutur. Bu məsələni Ukrayna hakimiyyəti həll etməlidir. Qərbdə etiraf edirlər ki, Ukrayna islahatlar aparılır, amma lazımi tempdə deyil”. Almaniyanın Ukraynadakı səfiri Ernst Rayxel investisiya forumunda bildirib ki, dünyada aşağı faizli çox kapital var və Kiyev onları cəlb edə bilsə, beynəlxalq maliyyə yardımına ehtiyacı olmayacaq. Ekspert Novak hesab edir ki, təşəbbüsün Litvadan gəlməsi və Polşanın ən aktiv dəstəkçi olması səbəbsiz deyil. Onun sözlərinə görə Polşa və Baltik ölkələri Ukraynanı Rusiya ilə mübarizəsini böyük diqqətlə izləyir: “Onlar ehtiyat edirlər ki, Ukraynadan sonra Moskvanın hədəfi Baltik ölkələri ola bilər. Moskvanı hədəfi Kalininqrada dəhliz açmaqdır. Ona görə də Litva və Polşa “Marşall planı”nın aktiv lobbiçiləridir. Hesab edirəm ki, bu mənada yanaşsaq, Ukrayna bu plandan uduşlu çıxa bilər”. Rəsmi adı “Ukrayna üçün Avropa planı” olan yeni “Marşall planı” bu ölkəyə10 il ərzində 5 milyard avro cəlb etməyi nəzərdə tutur. Prioritet istiqamət enerji, infrastruktur layihələri, kiçik və orta biznes olacaq. Politoloq Aleksey Yakubin “Kiyev Tayms”a bildirib ki, Ukraynaya hər hansı geniş miqyaslı yardım proqramından söhbət getmir: “Bu gün Avropada heç kim Ukraynaya ciddi yardım etmək haqqında düşünmür. Maksimumu “Şərq Tərəfdaşlığı” sammitində bununla bağlı müzakirə olacaq. Ukrayna hakimiyyəti bu məsələdən daxili informasiya siyasətində istifadə edərək illüziya yaradır ki, Avropa Ukraynanın qeydinə qalır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info