“Yaratdığım Suğra, Söylü, Ayka obrazlarımın eyhamları hələ də dillərdədir”
Tarix: 14.05.2013 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Müsahibim Azərbaycan səhnəsinin dəyərli yadigarlarından biri, unudulmaz və əvəzolunmaz sənətkarımız, görkəmli aktyor, Xalq artisti Bəşir Səfəroğlunun yadigarı olan gözəl qadın sənətkarımız, Xalq artisti Afaq Bəşirqızıdır. Bu gün Afaq xanım yaratdığı rollarla əvəzsiz sənət əsərləri yaradaraq gələcək nəsillərə yüksək keyfiyyətli töhfələr bəxş etməkdədir.

Afaq Bəşirqızı 15 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində təhsil alıb. Afaq xanım aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. Sənətkar ilk rollarından öz istedadını, səhnəyə böyük məhəbbətlə bağlı və daim axtarışda olduğunu sübut edərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Artıq komik rolların ifaçısı kimi daha da tanınan Afaq Bəşirqızı Sumqayıt Dövlət Dram Teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə klassik nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də Afaq xanımın xidməti böyükdür. 1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb. Bu illər ərzində o, “Subaylarınızdan görəsiniz” əsərində Səməni, “O olmasın, bu olsun”da Sənəm, “Bankir adaxlı” tamaşasında Nisə, “Məhəbbət oyunu” tamaşasında Səltənət, “İtkin ər”də Məleykə, "Məsmə xala dayımdır"da Məsmə və s. rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Bəxt üzüyü”, “Girov” filmləri Afaq Bəşirqızının ifası ilə daha da yaddaqalan olub. Afaq Bəşirqızının milli televiziyada yaratdığı Zəhra xalaqızı (“Yaşıl eynəkli adam”), Suğra (“Bala bəla sözündəndir”), Darçınbəyim (“Evləri köndələn yar”), Ayka (“Yarımştat”), Gülya (“Nekroloq”) rolları aktrisanı daha da məşhurlaşdırıb.
Yaradıcılığının ən güclü çiçəklənmə dövrünü keçirən Afaq xanım bu gün də fəal axtarışdadır. Onun aktyorluq sahəsinə töhfələrindən biri də odur ki, Mədəniyyət və İncəsənət Universitetində aktyorluq kursunu aparır. A.Bəşirqızı 1989-cu ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti adına layiq görülüb. O, iki dəfə-1993 və 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülüb, kino fəaliyyətini davam etdirir, televiziyada və dövlət konsertlərində çıxış edir. 9 may 2012-ci ildə Prezident mükafatına layiq görülüb.

-Sizin bu gün yaradıcılığınıza verdiyiniz töhfələr ürəyinizcədirmi?
- Sözün açığı, “sənətin zirvəsi” sözündən qaçıram. Çünki zirvəni fəth etmək mənim üçün sanki sonluq deməkdir. Amma mən səmimi etiraf edirəm ki, o zirvənin həsrətindəyəm. Belə bir misal var: “Pis əsgər odur ki, general olmaq istəmir”. Əlbəttə ki, hər bir sənətkar sənətin zirvəsinə ucalmaq istəyir. Bu söz, təbii ki, bədii bir sözdür. O sözün müqabilində sənə qarşı olan sevgi, məhəbbət, oynadığın rollar, yaratdığın obrazlar, keçdiyin yaradıcılıq yolu səni hər an təsdiq edirsə, deməli, sən zirvədəsən. Eyni zamanda müştəbeh olmamalısan. Ağac bar verdikcə başını aşağı əydiyi kimi, sənətkar da heç vaxt özündən razı olmamalıdır. Prezident mükafatını isə təsis olunduğu ildən alıram. 2003-cü ildə ulu öndərin təsis etdiyi bu mükafat hər il təsdiq olunur və bu siyahıya mənim də adım daxil olur. Sənətə verdiyim töhfələr mənim övladlarımdır. Mən aktrisayam və mənim yaratdığım obrazlar dünyaya gətirdiyim övladlarımdır. Əgər o övladlarım indi xalq tərəfindən sevilib qiymətləndirilirsə, onlar xalq dilindədirsə, nəyə görə mən razı olmamalıyam? Amma yenə də deyirəm ki, mən müştəbeh insanları sevmirəm və sənətkara verilən sualların cavabında sənətkarların daha dəqiq, ehtiyatlı və müdrik olmasını arzulayıram.
-Görkəmli aktyorumuz, Azərbaycanın Xalq artisti Bəşir Səfəroğlunun qoyduğu izlə addımladığınızı, onun yolunu davam etdirdiyinizi düşünürsünüzmü?
- Əlbəttə ki, Bəşir Səfəroğlu çox böyük bir məktəb idi. İstər-istəməz mən təkrarlamalıyam. Ən azından ona görə ki, mən hələ yetkinlik dövründə seçdiyim, sevdiyim və can atdığım sənətin sahibi olmadım. Mən Bəşir Səfəroğluna görə bu sahəni seçib aktrisa oldum. Bəlkə də Bəşir Səfəroğlunun oğlu olsaydı, bu yükü mən daşımazdım. Amma mən bunu özümə borc bildim. Lakin Bəşir Səfəroğlunun davamçısı olmaq çox məsuliyyətli bir sözdür və bu sualın cavabını tapmaq da çox çətindir. Çünki mən hələ buna cavab tapa bilməmişəm. Bu cavabı yalnız Bəşir Səfəroğlu təsdiq edə bilərdi. Başqa cavablar mənim üçün o qədər də önəmli deyil. Mən bütün ömrümü verərdim, yalnız bircə dəqiqəni saxlayıb onun fikrini öyrənə bilsəydim.
- Sizcə, Bəşir Səfəroğlu istəyərdi ki, siz onun yolunu davam etdirəsiniz?
- O, heç vaxt istəməzdi. Mən bunu dəfələrlə müsahibələrimdə qeyd etmişəm ki, Bəşir Səfəroğlu Afaq Bəşirqızını aktrisa kimi görməyib və görmək istəməzdi.
- Bəs sizcə, Afaq Bəşirqızı həmişə gülüb-güldürüb?
- Ümumiyyətlə, gülmək nə qədər çətindirsə, güldürmək də bir o qədər çətindir. Əsas odur ki, nəyə gülürsən, nə üçün gülürsən, kimə gülürsən və nə üçün güldürürsən, kimə görə güldürürsən deyə hər zaman düşünmək lazımdır. Bunu aktyor dərk etməlidir, dramaturq dərk etməlidir, rejissor bilməlidir ki, bayağı gülüşlərlə, lazımsız atmacalarla, yersiz sözlərlə tamaşaçı zövqünü korlamaq, əlbəttə ki, ən böyük günahdır. Çox təəssüflər olsun ki, bu gün müəyyən kanallarda, ardı-arası kəsilməyən lazımsız verilişlər yayımlanmaqdadır. Bu da şübhəsiz ki, tamaşaçı zövqünün korlanmasına gətirib çıxarır.
- Afaq Bəşirqızının rollarında tamaşaçıları gülüşlə bərabər, dərin düşüncəyə vadar edən səhnələr varmı?
- Siz, yəqin, hər zaman müşahidə etmisiniz ki, Afaq Bəşirqızı yersiz gülüşlərdən, gülüş naminə güldürməkdən həmişə uzaq olub. Bu da yəqin, mənim günahım deyil ki, tamaşaçılar 1989-cu ildən məni komediya aktrisası kimi təsdiq edirlər. Amma əslində mən komediya aktrisası deyiləm və ümumiyyətlə, mən öz yaradıcılığıma heç vaxt ampluaa sözünü daxil etməmişəm, yaxın buraxmamışam. Amplua ilə işləyən aktyorun sonluğu necə olursa olsun, bu, bir növ indiki operettaya bənzəyir. Çünki müəyyən operetta müəlliflərini çox yığcam bir şəkildə çıxmaqla, bizim hazırda operettamız çox pis vəziyyətdədir. Əgər komediya aktyoru kloun, yaxud da hər hansı bir sahədə özünü sınayırsa, onda bu aktyor ampluaya yerləşən aktyordu. Şübhəsiz ki, onun da çərçivəsi dar olur. Mən 1973-cü ildən professional səhnədəyəm, 1989-cu ilə qədər dram teatrlarında çalışmışam. 1989-cu ildə keçmiş mədəniyyət nazirimiz Polad Bülbüloğlunun xüsusi məktubu əsasında mən Musiqili Komediya Teatrına dəvət olunmuşam. Yaxşı mənada mənim yaradıcılığımın üstünə komediya möhürü vurulub.
Bu yaxınlarda Musiqili Komediya Teatrının adı dəyişdirildi. Musiqili Teatr adlandırıldı. Lakin bu Musiqili Teatr konsepsiyası mənə aydın olmadığına görə, hələlik bunun yaxşı və ya pis olduğunu deyə bilmərəm. Çünki Musiqili Teatrın konsepsiyası olmalıdır. Bilirsiniz ki, Sumqayıtda da Musiqili Teatr var, Mingəçevirdə də. Musiqili teatr təyin etmək üçün əvvəlcə onun konsepsiyası təqdim olunmalıdır. Sabah bunun müqabilində, mənə sual verə bilərlər ki, axı sən həmişə komediya sözünün əleyhinə çıxmısan. Sən həmişə istəmisən ki, Musiqili Komediya Teatrında Breq də oynanılsın, Şiller də oynanılsın, Cavid də oynanılsın, Axundov da oynanılsın və nəhayət, Rəhman Əlizadə də oynanılsın. Bəli, bu, düzdür. Amma yenə də teatrın spesifikası hələ də mənə aydın deyil.
Hazırda mən iş fəaliyyətimdə iki xarici dramaturqun yaradıcılığına müraciət etmişəm, onların əsərləri üzərində işləyirəm. Xarici bir əsəri səhnəyə qoyduğumuz zaman izləməyə gələn tamaşaçıların zövqünə uyğun olmalıdır. Hər hansı bir aktyoru tamaşaçı hansı bir obrazda tanıyırsa, başqa bir obrazda görmək üçün gərək aktyoru həmin əsərə kökləməyi bacarasan. Əgər mən bunu bacarıramsa, bu, bir növ mənim uğurumdur. Müəyyən vaxta qədər yəqin ki, yerli dramaturqlarımız bu haqda lazımi tədbirlər görərlər.
Mən komediya sahəsində çalışarkən, ən önəm verdiyim yazıçı, dramaturqlardan biri Rəhman Əlizadə idi. Çox təəssüf, biz onu bu yaxınlarda itirdik. O, Azərbaycan dramaturgiyasından getdi. Allah rəhmət etsin! Əlbəttə, Rəhman müəllim kimi dramaturqlara həmişə ehtiyac var, istər yaradıcı şəxslər tərəfindən, istərsə də tamaşaçılar tərəfindən. Mən belə düşünürəm ki, artıq bu cür dramaturqlar yetişməlidir. Çünki bu sahədə barmaq sayı qədər dramaturqlarımız qalıb. Klassik əsərlərimiz müasir şəkildə deyillər. Bunlar artıq tarixi mövzular sayılır.
-Afaq xanım, gənc dramaturqların yazıları, düşüncə tərzləri sizi qane edirmi? Tanınmış dramaturqlarla gənc dramaturqlar arasında-onların dünyagörüşləri, həyata baxışları arasında fərqi nədə görürsünüz?
- Düşünürəm ki, o dövr arasında bir o qədər də böyük məsafə yoxdur. Burada bir hadisə yadıma düşdü. O zamanlar bir aktyorumuz var idi, Əşrəf müəllim (Dünyadan köçüb, Allah rəhmət etsin!). O hər zaman mənə deyərdi ki, “sənin yadında olar 38-ci ildə filan hadisə olurdu...” Amma mən özüm 55-ci ildə anadan olmuşam. Yaxud deyərdi ki, “qızım sənin yadında olar 41-ci ildə aclıq başladı...” Bu söhbətlər artıq lətifəyə çevrilmişdi. Bu an sizin sualınız mənə onu xatırlatdı.
Müasir dramaturqların, müasir yazarların içərisində mənim sevdiyim, hörmət etdiyim insanlar var. Mən düşünürəm ki, dramaturgiya sahəsində hələ tam püxtələşməmiş, amma bu sahəyə can atan, istedadlı, bacarıqlı gənclərimiz var. Lakin onların hələ məktəb keçməsi lazım gəldiyini düşünürəm. Bütün bunlara da vaxt tələb olunduğunu düşünürəm.
-Bu gün gənc aktyorların inkişafı, seriallarda rol almaları, yaradıcılıq potensialları sizi qane edirmi?
- Mən o gəncləri bu gün necə mühakimə edə bilərəm ki, mən onların müəllimlərini, keçdikləri dərsi, praktikanı, yetişdikləri praktikanı görmürəm. Aktyor səhnədə yetişməlidir. Aktyora rolu rejissor özü bölməlidir. Hansısa bir şəxsi bir ambisiyaya görə sənətə bağlanmaq olmaz. Sənətdən şəxsi ambisiyaya görə istifadə etmək olmaz. Cüzi qonorarlarla gəncləri, orta yaşlı insanları hansısa əhvalat qırağına yığıb çəkiliş etmək və televiziya filmi, televiziya serialı adlandırmaq böyük qəbahətdir. Ən azından o insanların sabahı, ümumilikdə isə mədəniyyətimizin, incəsənətimizin və teatrımızın gələcəyindən söhbət gedir.
-Afaq xanım, fikirlərinizdən aydın oldu ki, bu gün çəkilən serialların və kinoların səviyyəsi aşağıdır...
- Hamısını deyə bilmərəm. Bəzilərini çıxmaq şərtilə, istər serialda, istərsə də filmdə. İndi kinostudiyanın rəhbəri Müşfiq Hətəmovdur. Bu insan həm sənətə, həm də sənətkara hörmət edən bir şəxsdir. İndi Müşfiq Hətəmova geniş imkanlar verilməlidir. Gəlin fikirləşək ki, son on ildə çəkilən hansı əsər, hansı film, hansı tamaşa tarixə düşüb? Hansı sənətkarın adı qeyri-adilərin sırasındadır? Bəzi aktyorlar var ki, təzyiqlərdən çox bezirlər. Əgər onlar sənətdən getmirlərsə, bunun səbəbi sənətə olan sevgiləridir.
-Tamaşaçılar sizin filmləri sevə-sevə izləyir. Bəs siz yaratdığınız bu obrazları sevərək izləyirsinizmi?
- Mən artıq o rollara təşnə ilə baxıram. Çünki rollarıma indiki kimi bu qədər diqqətlə və qeyri-adiliklə yanaşmamışam. Amma indi mən o filmlərə Yaşar Nuriyə və Telman Adıgözəlova görə baxıram. Onların həsrətilə baxıram. Ama mən təkcə Söylü və Ayka ilə kifayətlənməmişəm. Vaqif İbrahimoğlu mənim əlli illik yubileyimdə demişdi ki, Afaq az edib, amma təmiz edib. Yəni, mənim yaratdığım Suğra, Söylü, Ayka obrazlarımın eyhamları hələ də dillərdədir.
-Afaq Bəşirqızı televiziya məkanında hansı rolları ifa etmək istərdi?
- Mən əslində televiziyanı nəzərdə tutmamışam. Mən cəmi iki filmə çəkilmişəm. Bunlardan biri “Bəxt üzüyü”, digəri isə Eldar Quliyevin “Girov” filmidir. Mən həmişə bədii filmə çəkilməkdən qaçmışam. Amma indi bədii filmə çəkilmək istəyirəm. Televiziya filmləri mənim nostalji hisslərimdir. Novruz bayramında, yeni il qabağı Ramiz Həsənoğlunun çəkdiyi tele-tamaşalar, tərəf-müqabillərim- onlar mənim nostalji hisslərimdir. Çox qorxuram ki, büllur qədər təmiz olan nostalji hisslərimə hansısa bayağı rolumla ləkə sala bilərəm. Bu yaxınlarda üç yerli kanalda “Yarımştat” tamaşası yayımlanırdı. Əgər bu tamaşalar vaxtında yaranıbsa, sənətkarlar püxtələşibsə, bunu davam etdirmək lazımdır. Əgər hər bir insan oturduğu yeri və məsuliyyəti dərk etsə, mənə elə gəlir ki, bu sualların əvəzinə başqa suallar veriləcək.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info