“Turizmi çeşidləndirməklə, daimi turizm formalaşdırmaq lazımdır”
Tarix: 14.05.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


“Turizm işçilərinin xidmət peşəkarlığını və mədəniyyətini yüksəltməyə ehtiyac var”

“Turizm təhsili müəssisələri tədris prosesində təcrübələrə geniş yer ayırmalıdırlar”

M üsahibimiz “Excelsior Hotel Baku” otelinin əməliyyatlar üzrə direktoru Kemal Dilerdir. K.Diler müsahibəsində Azərbaycanda turizmin inkişaf perspektivlərindən danışdı.




-Kemal bəy, neçə müddətdir ki, Azərbaycanda çalışırsınız. Azərbaycanın turizm imkanlarını bu müddətdə yaxşı tanımaq fürsəti qazanmısınız. Azərbaycan turizminin səviyyəsi və inkişaf potensialını necə xarakterizə edərdiniz?
- Öncə qeyd edim ki, Azərbaycanda turizmi inkişaf etdirmək və cəlbedici etmək, həmçinin gəlirli sahəyə çevirmək üçün bütün təbii şərait mövcuddur. Bu şəraitdən istifadə edilməklə, son zamanlar Azərbaycan turizminin inkişaf etdirilməsi üçün çox işlər görülüb. Regionların bu baxımdan inkişafı, infrastrukturun yenilənməsi, yol çəkilişləri, turizm zonalarında standartların tətbiq edilməyə başlanması kimi məsələləri qeyd etməyə dəyər. Eyni zamanda da otel turizmi son dövrlərdə Azərbaycanda sürətlə inkişaf etməyə başlayıb. Paytaxtda və regionlarda beşulduzlu otellərin tikilməsi, otelçilikdə brendlərin tətbiqi və sair məsələlər də bunun parlaq nümunəsidir. Amma qeyd etməliyəm ki, bəzi məsələlərin öz həllini tapması Azərbaycana gələn xarici turistlərin sayını birə on artırardı. Məsələn, burada birinci növbədə xidmət məsələlərini qeyd edərdim. Turizm işçilərinin xidmət peşəkarlığını və mədəniyyətini yüksəltməyə ehtiyac var. Turizm təhsili müəssisələri bunun üçün tədris prosesində təcrübələrə geniş yer ayırmalıdırlar. Məsələn, bizə ali turizm ixtisası alan məzun gəlir, biz ona tapşırırıq ki, filan sahə ilə bağlı oteldə xidmət göstərsin. O isə bunu özünə sığışdırmır və deyir ki, menecerliyi bitirib və yaxud menecer təhsili alır, o, xidmətçi kimi işə başlaya bilməz. Halbuki yaxşı general olmaq üçün birinci növbədə yaxşı əsgər olmalısan. Yəni sən turizm işçilərini idarə edəcəksənsə, birinci növbədə onlar kimi çalışmalısan, təcrübə keçməlisən ki, sonradan onların bütün davranışlarını anlayasan və onları daha yaxşı idarə edəsən. Bu baxımdan Azərbaycandakı bütün səviyyələrdə olan turizm məktəbləri bu işə ciddi diqqət yetirməlidirlər.
Bundan başqa, qiymətlərlə bağlı qeyd etmək istərdim. Bir sıra sahələrdə hələ də turizm qiymətləri bahadır. Turizm qiymətlərinin qənaətbəxş olması üçün turizm bazarında tələb-təklif məsələlərinə diqqət yetirmək lazımdır. Doğrudur, Bakı bahalı şəhərdir, amma yenə də turist cəlb etmək üçün bu məsələyə diqqət yetirməyə dəyər. Həmçinin sərfəli turların təşkil olunması bu baxımdan məqsədəuyğun olardı. Aviaşirkətlərin, “AzAL”ın bu məsələ ilə bağlı cəlbedici kampaniyaları olmalıdır.
- Azərbaycan turizminin daha da inkişaf etdirilməsi üçün turizm sahəsində Azərbaycan və Türkiyə qurumlarının əməkdaşlığı məsələləri son zamanlar tez-tez müzakirə edilir. Bu baxımdan siz nələri təklif edərdiniz?
- Qeyd etdiyim kimi, Azərbaycanın turizm üçün çox yaxşı potensialı var. Burada dəniz, qum, Günəşdən başqa çoxlu tarixi abidələr, mədəni irs var. Azərbaycan tarixən Şərqdən Qərbə gedən köçlər üçün tranzit rolunu oynayıb. Bu cür tarixi miqrasiyalar və ekspansiyalar Azərbaycanın tarixində, mədəniyyətində öz dərin izlərini buraxıb və əsrlərcə ölkənizin koloritinin daha da rəngarəng olmasına gətirib çıxarıb. Bu baxımdan tarixi abidələri, mədəni irsi turistlər üçün cəlbedici bir şəkildə tanıtmaq və turizmin bu baxımdan inkişaf etdirilməsi də vacib amillər sırasında dayanır. Həmçinin Azərbaycanda mövsümi turizmdən əlavə, daimi turizmi də inkişaf etdirmək olar ki, bunu da birinci növbədə tarix və mədəniyyəti turistlərə cəlbedici bir şəkildə təqdim etməklə həyata keçirmək lazımdır. Doğrudur, son zamanlar Azərbaycan mədəniyyətinin, tarixinin dünyada tanıdılması baxımından xeyli effektli layihələr həyata keçirilir. Amma bunu turizm kontekstində də peşəkar bir səviyyədə təqdim etmək xeyli dünya turistinin Azərbaycana axınına səbəb olacaq. Bu baxımdan Türkiyə təcrübəsindən yararlanmağa dəyər. Bundan başqa, Azərbaycanın bir sıra regionlarında termal sular, həmçinin Naftalan var ki, bu da turistlər üçün kurort turizmi baxımından xeyli unikaldır. Termal sular sahəsində turizm standartlarının oturuşmasında Türkiyə təcrübəsi köməyə gələ bilər. Həmçinin Azərbaycanda qış turizmi də son zamanlar güclü bir şəkildə inkişaf etdirilir. Şahdağ qış turizmi üçün cəlbedici bir məkana çevrilib. Bir sözlə, qeyd etmək istəyirəm ki, turizmi çeşidləndirməklə, diversifikasiya etməklə daha çox inkişaf etdirmək və gəlir götürmək olar. Bir şeyi yadda saxlamaq lazımdır ki, turizm təkcə restoranlar və yeməklə bitmir. Turizm unikal məqamlar, sərfəli qiymət və yüksək xidmətlə tamamlanır. Buna turizmin şaxələndirilməsi potensialından maksimum yararlanmanı da əlavə etmək lazımdır.
- Kemal bəy, sizin əməliyyat direktoru olduğunuz otel turistlərə hansı xidmətlər təklif edir?
- Bizim otelimiz çeşidli xidmətlər baxımından qeyd edilə bilər. “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standart otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.
Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli “Aura” Sağlamlıq mərkəzində skvoş dərsləri həftənin şənbə və bazar günləri daxil olmaqla hər gün səhər saatlarında keçirilir. “Excelsior Hotel Baku” otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək dərslərin vaxtı haqqında geniş məlumat almaq mümkündür.
Öncə qeyd edim ki, “Excelsior Hotel Baku” qonaqlarına yeni bir xidmət təklif edir. Belə ki, otelində keçirilən tədbirlərə iştirakçıların rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus alınaraq istifadəyə verilib. 24 aprel 2013-cü il tarixindən etibarən “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətində olacaq. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları Park Bulvara və ilk turu səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından “Excelsior Hotel Baku” otelinə aparacaq. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. “Excelsior Hotel Baku” otelinə 496 8000 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür. Bundan başqa, otelin “Belvedere” restoranı öz qonaqlarına dəniz məhsullarının yeni mətbəxini təklif edir. “Belvedere” restoranı may ayından etibarən balıq və digər dəniz məhsullarından hazırlanmış qidalar təklif etməyə başlayıb. Restoranda Aralıq və Egey dənizlərinin balıqlarından istifadə edilir. Qonaqlara Aralıq və Egey dənizlərinin 50 çeşiddə diri balıqlarından təxminən 18 növ türk yeməkləri, məzələr və salatlar hazırlanıb təqdim edilir. Menyuya duzda, buğlamada və qrildə bişirilmiş balıqlar, balıq ətindən dolma, balıq şorbası, balıq turşusu, lakerda, salatlar və s. dadlı yemək növləri daxil edilib. Qiymətlər, təxminən şəhərdə fəaliyyət göstərən digər balıq restoranlarında olduğu kimidir. Menyuda qiymətlər 4 manatdan 40 manata qədər müəyyən edilib. Bu yenilik “Belveder” restoranına kulinariyanın şah əsərlərini çox xoş şəraitdə təklif etməklə, Türkiyədə balıq yeməyi xoşlayanların ən gözəl yeri olacaq.
Qeyd edilənlərdən başqa, “Excelsior Hotel Baku” oteli öz fəaliyyətində yeni istiqamətin başlanğıcını bəyan etdi. Bu ilin mayından “Afurja” zalında və açıq havada hovuzun ətrafında toy mərasimlərinin keçirilməsi mümkün olacaq. Bununla otelin rəhbərliyi öz marketinq fəaliyyətində paytaxt sakinlərinin arzu və istəklərini nəzərə alıb. İndi “Excelsior Hotel Baku” otelində toy arzusunda olanlar 200 nəfərə yaxın “Afurja” zalı və açıq havada hovuzun ətrafında 400-500 nəfərlik yerdə toy mərasimləri keçirə biləcəklər. “Afurja” zalı Avropa standartlarına uyğun avadanlıqla təchiz edilmiş və birinci dərəcəli aşpazlar xidmət göstərəcəklər. Toy mərasiminin iki hissədə: yerin dəyişməsi ilə - şənliyin açıq meydandakı hovuzun yanında davamı, şübhəsiz, əsl rəqabətə imkan yaradacaq. Təkrarsız toy, gerçəkdə nağıl yalnız “Excelsior Otel & Spa Baku”da mümkündür. Toy mərasimi böyük ekranda nümayiş etdiriləcək. Qonaqlar təklif edilmiş rəngarəng və nəfis menyudan, milli və Avropa mətbəxinin yeməklərindən məmnun qalacaqlar. Sözsüz, bu, həyatda ən böyük bayramdır, qeyri-standart şəraitdə keçərsə həmişəlik xatirələrdə qalacaq. Bütün bunlarla yanaşı, gecə səmasında olan atəşfəşanlıq bu təntənəli məqama eksklüzivlik əlavə edəcək. Otel çox əlverişli yerdə yerləşir və avtomobillərinizi saxlamaq üçün geniş və rahat dayanacağa malikdir.
- İdmanla məşğul olmaq üçün otelinizin imkanlarını necə dəyərləndirirsiniz?
- “Aura” sağlamlıq və istirahət mərkəzi ölkədə yeganə olan 5+ ulduzlu “Excelsior Hotel Baku” mehmanxanasının nəzdində fəaliyyət göstərir. Bu sağlamlıq mərkəzinə idman zalı, üzgüçülük hovuzları və sauna daxildir. Xüsusilə mərkəzin idman zalı təchiz olunmuş məşq avadanlıqlarına görə ölkəmizdə yeganədir. Burada Amerikanın “PRECOR” firmasının müxtəlif növ müasir idman avadanlıqları idmansevərlərin istifadəsindədir. Zalda sinə, kürək, qol, ayaq və.s üçün nəzərdə tutulmuş trenajorların, müxtəlif ağırlıqda çəki daşlarının köməyi ilə bədəndə olan artıq çəkini azaltmaq və ürək əzələlərini möhkəmləndirmək mümkündür. Burada kök adamların rahat məşq etmələri üçün unikal trenajorlar mövcuddur. Hətta bu trenajorların bəzilərində məşq edərkən darıxmamaq üçün 30-dan artıq yerli və xarici televiziya kanallarını izləmək mümkündür. Həmçinin idman zalında uzunluğu 120 metr olan dairəvi qaçış zolağı, tennis və aerobika otaqları mövcuddur. Mərkəzdə tennis həvəskarları stolüstü, həm də, açıq havada tennis oynaya bilərlər. “Aura” sağlamlıq mərkəzində boks və fitnes dərsləri də keçirilir. Üç qadın və iki kişi trener aerobika, kalanektika, yoqa və pilates məşqləri aparır. Aerobika məşqləri rəqs, addım və topla keçirilir. Xüsusilə qeyd edim ki, “Aura” sağlamlıq mərkəzinin idman zalı qapalı ərazidə yerləşməsinə baxmayaraq, adam burada sıxılmır. Köhnə zavod ruhu verilərək dizayn olunan zal, hovuza açılan mənzərə və gülərüz məşqçilər məşq edənləri yorulmağa qoymur. Ümumiyyətlə 15-65 yaş arası olanlar “Aura” sağlamlıq mərkəzində məşq edərək dincələ bilərlər. Sadəcə həmin mərkəzə gəlib üzv olmaq lazımdır. Üç, altı ay və bir illik üzvülük kartı əldə etdikdən sonra mərkəzin xidmətlərindən istifadə edə bilərsiniz.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info