Demokratiya və insan hüquqları adı altında həyata keçirilən ssenari
Tarix: 14.05.2013 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


“Le Mond”: “Suriya-üsyandan parçalanmağa doğru”

Suriyada bir ildən çoxdur ki, davam edən və ölkəni viran qoyan savaşın sonu hələ də görünmür. Minlərlə dinc insanın həyatına son qoyan savaş Suriyanı dünyanın müxtəlif güc mərkəzlərinin mübarizə meydanına çevirib. Hər cür iyrənc təcrübənin həyata keçirildiyi Suriya ərazisində müxtəlif radikal, dini, ekstremist, terrorçu qruplaşmalar qulluq etdikləri mərkəzlərdən aldıqları sifarişlərə uyğun olaraq dinc insanları qətlə yetirməkdədirlər.
«Suriyanın dostları» adlı qrup bir tərəfdə, prezident Bəşər Əsədi dəstəkləyən qrup digər tərəfdə dayanaraq dinc insanların faciələri üzərində maraqlarını həyata keçirməyə çalışırlar. Suriyanın gələcək taleyinin necə olacağı, dinc insanların həyatlarını itirməsi, qaçqın düşərək İordaniyaya, Türkiyəyə qaçması həmin güc mərkəzlərinin vecinə deyil. Süni şəkildə yaradılan narazılıqlar, üsyanlar vasitəsilə ölkəni tar-mar edən güclərin bu siyasətində ən çox əziyyət çəkən elə mülki insanlardır. Bəşər Əsədin idarəçiliyinin ideal olduğu, demokratik azadlıqlara gen-bol yer verdiyini iddia etmirik. Heç Qəzzafi və ya Bin Alinin də ölkələrini bu prinsiplə idarə etdiklərini də söyləmirik. Fakt odur ki, həmin vaxt sakit həyat sürən, can təhlükəsizliyi olan insanlar böyük faciələrin qurbanı olub və olmaqda davam edir, ölkələrin illər ərzində yaradılan infrastrukturu darmadağın olub. Qəzzafinin dövründə neftin gəlirlərindən müxtəlif şəkildə pay alan liviyalılar indi ölkələrində çıxan neftin kimə və neçəyə satıldığını, görəsən, bilirlərmi? Liviya neftinə göz dikənlər üçün sadə liviyalının ölməsi və ya yaşaması, təminatı, demokratik hüquqlara sahib olması maraqlı deyil. Elə bir-birini qırıb neft və qazla maraqlanmasınlar yetər. Budur «ərəb baharı» adlı dalğanın əsil mahiyyəti. Demokratiya, insan hüquq və azadlıqları adı altında həyata keçirilən «üsyan»ın nəticəsidir ki, Liviyada faktiki olaraq Benqazi ayrı, Tripoli ayrı havadadır. Benqazidə neftin kimə satıldığı Tripoliyə, Tripolidə neftin kimə satıldığı Benqaziyə məlum deyil. Alın bu da sizə «ərəb baharı»nın gətirdiyi hüquqlar və demokratiya! Sadəcə onu demək istəyirik ki, bu narazılıqlar xalqın özündən təbii şəkildə yaranmayıb, əksinə müxtəlif mərkəzlərdə hazırlanan ssenarilər, reseptlər əsasında baş verib. Bunun üçün isə müxtəlif qruplardan istifadə edilib. Dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən terrorçu qruplaşmaların ssenarilərin həyata keçirildiyi ölkələrə transfer edilməsi ilə alovlandırılan «üsyanlara» xalq etirazları adının verilməsi sadəcə əsil mahiyyətin pərdələnməsi məqsədi daşıyır. Azərbaycan radikal müxalifətinin örnək aldığı və böyük istəklə ölkəmizdə təkrarlamağı arzuladığı «ərəb baharı»nın mahiyyəti budur-ölkəni darmadağın etmək, vətəndaşları biri-birinə qırdırmaq, infrastrukturu yerləbir, əhalini səfil, dövləti zəif vəziyyətə salaraq asılı hala gətirmək. Çünki belə olan halda dövlətin sərvətlərinə daha yaxşı sahib olmaq, onu idarə etmək mümkündür. Radikal müxalifətin təbliğ etdiyi «ərəb baharı» adlı demokratiya oyununun arxasında gizlənən həqiqət bunlardır. «Ərəb baharı»nı yaşayan hansı ölkənin xalqı indi demokratiyadan feyziyab olub? Həmin ssenarilərin hazırlandığı mərkəzdə əyləşənlər bu xalqları bu qədərmi çox sevirlər ki, onlara demokratiya bəxş etmək üçün qollarını çirmələyib xüsusi planlar hazırlayırlar? Bəlli mərkəzlərin hazırladıqları reseptləri həyata keçirmək üçün müvafiq ölkədəki qruplardan məharətlə istifadə etməsi praktikası çox yayılıb. Azərbaycanın radikal müxalifəti həmin qrup roluna çox uyğun gəlir. Çünki onlar bütün fəaliyyətlərini elə planların hazırlandığı həmin mərkəzlərin sifarişləri əsasında qururlar. Amma xoşbəxtlikdən Azərbaycanı savaş meydanına çevirmək istəyən həmin radikalların sayı çox cüzidir. Həmin qruplar xalq tərəfindən heç bir dəstəyə malik deyillər və Azərbaycan dövləti siyasi-iqtisadi cəhətdən kifayət qədər güclü olmaqla müstəqil siyasət həyata keçirir. Həmin münaqişələrin ölkələri nə hala salmasına Fransanın «Le Mond» nəşri də biganə qalmayıb. Nəşr yazır ki, gec-tez Suriyadakı münaqişə başa çatacaq və xalq çətin tapşırıqla üz-üzə qalacaq. Hər şeyi dəyişmək, milli qürur hissini bərpa etmək lazım gələcək: «Bölgə üzrə beynəlxalq böhran qrupunun üzvü olan Piter Harlinq və jurnalist Sara Berke hesab edirlər ki, Suriyadakı münaqişə əvvəldən assimetrik olub. Əsəd rejimi bütün resursunu güc strukturlarına sərf edir, dini qruplaşmaların partlayışları rejim əleyhdarlarının narazılığına səbəb olur, rejim loyalları üsyançılara qarşı ballistik raketlərdən istifadəyə sakit yanaşır. Münaqişənin acı ironiyası ondan ibarətdir ki, barrikadanın fərqli tərəfində dayananların sayı ümumidən daha çoxdur». Məqalədə qeyd edilir ki, Suriya vətəndaşları artıq bir-birini nişangahın hədəfində görür. Müəlliflər etiraf edirlər ki, xarici müdaxilə olmasaydı, Suriyadakı münaqişə heç vaxt bu səviyyəyə gəlib çatmazdı: «Bəşər Əsəd Rusiyanın yardımı olmasaydı ordusunu bu dərəcədə gücləndirə bilməzdi, üsyançılar isə Qərbin dəstəyi olmasaydı üsyana qalxmazdan əvvəl iki dəfə düşünərdilər. Proseslər göstərir ki, münaqişə Suriya üçün bədbəxtliyə çevrilib».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info