Mehmet Ali: “Avropanın illərdir həyata keçirə bilmədiyi layihəni Azərbaycanla Türkiyə reallaşdırdı”
Tarix: 15.11.2017 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Azərbaycanın liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan qlobal layihələr ölkəmizə olan inam və etibarın bariz nümunəsidir. Bu layihələr, eləcə də milli iqtisadiyyatın inkişafına öz əhəmiyyətli töhfəsini verəcək.
Ümumiyyətlə, son 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmadığını deyən ölkə başçısı bildirib ki, iqtisadiyyatımız üç dəfədən çox artıb: “Energetika, nəqliyyat sahələrində görülmüş işlər haqqında deyə bilərəm ki, son vaxtlar bir çox yeniliklər baş verib. Ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan iki istiqamət üzrə - energetika və nəqliyyat sahələrinin gələcək inkişafı ilə bağlı bizim çox aydın hədəflərimiz var. Neft-qaz sahəsində bütün vəzifələr icra edildi. “Azəri-Çıraq-Günəşli” kontraktının müddəti uzadıldı. “Cənub Qaz Dəhlizi”nin icrası da uğurla gedir. Əminəm ki, gələn il biz TANAP layihəsinin açılışını qeyd edəcəyik. Bütövlükdə “Cənub Qaz Dəhlizi”nin tamamlanması 2020-ci ildə nəzərdə tutulur. Mən burada da heç bir problem görmürəm. Sadəcə olaraq biz qrafik üzrə getməliyik. Avropa İttifaqı da Azərbaycanı bu layihənin həyata keçirilməsində aparıcı ölkə kimi tanıyır. Doğrudan da bizim bu layihənin icrasında rolumuz danılmazdır və aparıcıdır”.
Dünyanın tanınmış liderləri də digər layihələr kimi ,TANAP-ın rolunu yüksək qiymətləndirir və onu əsrin layihəsi adlandırırlar. Bildirirlər ki, TANAP Azərbaycanın siyasi çəkisini xeyli artırır və bu layihə Türkiyə ilə Azərbaycan arasında strateji bağları daha da gücləndirəcək. Qeyd edək ki, bu günlərdə Türkiyə prezidenti bildirib ki, TANAP Türkiyə və Azərbaycanın birlikdə işləyib hazırladığı, həmçinin Avropanın enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyətə malik strateji layihədir: “İnşaat işləri planlı şəkildə davam edir. Yaxın vaxtlarda bu layihəmizi də istifadəyə verməyin sevincini yaşayacağıq. Enerjiyə olan tələbatın artmasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri arasında Çindən sonra ikinci sıradayıq. Buna görə TANAP Türkiyənin hər il sürətlə artan təbii qaz ehtiyacının ödənilməsi baxımından həlledici əhəmiyyətə malikdir. Eyni zamanda “Şahdəniz” sahəsindəki qazı Avropaya nəql etməklə Avropanın enerji şaxələndirməsinə də töhfə verəcəyi birmənalıdır. Türkmən qazının da bu layihənin bir hissəsi olması üçün ciddi səylər göstəririk. TANAP-ın birinci fazasından aldığımız qazın həcmi Türkiyənin qarşıdakı dövr üzrə qaz ehtiyacı hesabatında öz əksini tapıb”.
“TANAP rəsmi Ankara və Bakı arasında siyasi və iqtisadi əlaqələri gücləndirir”
Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib ki, TANAP rəsmi Ankara və Bakı arasında siyasi və iqtisadi əlaqələri gücləndirməklə yanaşı, həm də Türkiyə üçün enerji təhlükəsizliyi baxımından çox önəmli layihədir. Onun sözlərinə görə, Türkiyə üçün Azərbaycan qazı çox böyük əhəmiyyət kəsb edir: “Çünki Türkiyənin idxal etdiyi təbii qazın 50%-i Rusiyanın payına düşür. Bu da yetərincə böyük rəqəmdir. Düşünürəm ki, hökumət nail olmaq istədiyi enerji mənbələrinin diversifikasiyası enerji təhlükəsizliyimizi təmin edəcək”. Nazirlik rəsmisi bəyan edib ki, Azərbaycan qazının Avropaya nəqli rəsmi Ankara və Bakının iradəsini nümayiş etdirir. “Avropa illərdir müzakirə etdiyi, lakin həyata keçirə bilmədiyi layihəni Azərbaycanla Türkiyə birgə həyata keçirə bildi”, - deyə o vurğulayıb.
TANAP-ın baş direktoru Saltuk Düzyol isə açıqlamasında xatırladıb ki, 2018-ci ilin əvvəlində Azərbaycanın təbii qazının Avropaya nəqli məqsədi ilə TANAP layihəsi sınaqdan keçiriləcək. Onun sözlərinə görə, Türkiyə ilə Gürcüstan arasında sərhəddə ilk testlər 2018-ci ilin yanvar və fevral ayları arasında keçiriləcək.
TANAP layihəsinin ümumi dəyərinin də aydın olduğunu deyən S.Düzyol layihənin 7,9 milyard dollar olduğunu açıqlayıb. Layihədə heç bir problem olmadığını söyləyən baş direktorun sözlərinə görə ümumilikdə tikinti işləri çərçivəsində 3,8 milyard dollar qənaət edilib".
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info