Peşə təhsili müəssisələrinin məzunlarına güzəştlər olacaq
Tarix: 15.11.2017 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin iclasında müzakirə zamanı bildirib ki, Azərbaycanda son illər peşə təhsili sanki təhsil sektorundan kənarlaşıb, unudulub: “Artıq ölkə başçısının apardığı islahatlarla bu sahə yenidən inkişaf etməyə başlayır, biz də bunu qanunvericilikdə təsbit edirik”. O qeyd edib ki, ölkədə peşə təhsili sahəsində vəziyyətin monitorinqini keçiriblər: “Monitorinqlər bizə reallığı düzgün qiymətləndirməyə kömək etdi. Vəziyyət bundan ibarətdir ki, bu sahə sürətlə yenilənməlidir, yeni dövrün standartlarına uyğunlaşdırılmalıdır. Qanun layihəsini hazırlayarkən xarici ölkələrin bu sahə üzrə təcrübəsi nəzərə alınıb”.
Komitə sədri qanun layihəsi üzərində 1 ildən çox iş aparıldığını bildirib. İ. Həbibbəyli qeyd edib ki, layihə 5 fəsil, 26 maddədən ibarətdir: “Biz ilk dəfə peşə təhsili sisteminin təhsil sistemindəki yerini müəyyənləşdirmişik. Biz peşə təhsili ilə orta ixtisas təhsilinin inteqrasiyasını əsas götürürük. Peşə məktəbi, sadəcə, usta, kiçik mühəndis hazırlamır, həm də vətəndaş hazırlayır. Onun hazırladığı mütəxəssisin texniki, iqtisadi biliklərinin olması vacibdir. Bununla belə, onun milli dəyərlərimizə sahib çıxması, dövlətçilik ənənələrini gözləməsi də vacibdir. Eyni zamanda layihədə peşə təhsili müəssisələrinə lisenziyaların birdəfəlik, müddətsiz verilməsini məqsədəuyğun hesab etmişik”.
Deputat qeyd edib ki, peşə təhsili müəssisələrinə dövlət dəstəyinin göstərilməsi məqsədəuyğun sayılıb: “Layihədə bir çox yeniliklər var. Layihəyə əsasən peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilir, dövlət təhsil müəssisələrində təhsil alanlar xüsusi iş geyim formaları ilə təmin edilir”.

Peşə təhsili olanlara sahibkarlıq fəaliyyəti ilə bağlı imtiyaz veriləcək

Qanun layihəsinin 4.1.41 maddəsinə əsasən Azərbaycanda peşə təhsili müəssisələrinə və onların müdavimlərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün dövlət tərəfindən xüsusi imtiyazlar veriləcək.
Bundan başqa, qanun layihəsinin 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir. Azərbaycanda peşə təhsili alanlarının təcrübə keçmələri üçün seçilmiş müəssisə, fermer təsərrüfatı və digər təşkilatlara vergi güzəşti tətbiq ediləcək, aşağı faizli kreditlər ayrılacaq. Bununla bağlı “Peşə təhsili haqqında” qanun layihəsində müddəalar əks olunub. Layihəyə görə, peşə təhsili müəssisələri təhsil alanların təcrübə keçmələri üçün xüsusi meyarlar əsasında seçilmiş idarə, müəssisə, fermer təsərrüfatı və təşkilatlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən imtiyazlar (vergi güzəştləri, aşağı faizli kreditlər, yeni texnika və texnologiyaların əldə olunması və sair) veriləcək.

Peşə Təhsilinin İnkişafı Fondu yaradılır
Azərbaycanda peşə təhsili ilə bağlı fond yaradılır. Bu, yeni hazırlanmış “Peşə təhsili haqqında” qanun layihəsində əks olunub. Qanun layihəsində Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması ilə bağlı müddəa da var. Bildirilir ki, fond gəlir və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını, peşə təhsili müəssisələri arasında ədalətli bölgünü təmin edən qurum olacaq.

T əhsil Nazirliyi peşə təhsilinin üçpilləli olmasını təklif edir
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, nazirlik ölkədə peşə təhsili ilə bağlı strukturun dəyişdirilməsini, 3 pilləli peşə təhsilinin tətbiqini təklif edir. Famil Mustafayev yüksək texniki peşə təhsilinin tətbiq olunmasını da təklif edib: “Biz fikirləşdik və təklif edirik ki, peşə təhsili 3 pilləli olsun: ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili. Amma burada yüksək peşə təhsili ali təhsil deyil. Bu təhsil subbakalavr dərəcəsinin verilməsi ilə bitəcək. Yüksək texniki peşə təhsili dedikdə, yüksək bacarıqlara malik olma nəzərdə tutulur. Müasir dünyada bilik əsasdır. Peşə təhsilində isə bacarıqlar vacibdir. Ona görə də peşə təhsili bacarıqların formalaşdırılması üzərində təşkil edilməlidir.
İnsan texniki peşə alıb, əmək bazarına çıxıbsa və bundan sonra öz karyerasını daha da yüksəltmək, daha yüksək vəzifə tutmaq istəyirsə, o, yüksək peşə təhsili ala bilər. Bu, bizim əvvəlki kolleclər səviyyəsidir. Amma bu təhsil humanitar deyil, sırf texniki sahəyə aid olacaq. Hesab edirik ki, peşə təhsili pilləsinin 3 səviyyəli olunması vacib addımdır”, -deyə nazirlik rəsmisi vurğulayıb.
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında ilk oxunuşda müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub. Qanun layihəsində peşə təhsili alanlarla bağlı hərbi xidmətdən möhlət hüququ, təcrübə sahəsində əməkhaqqı alma hüququ, xüsusi imtiyazlara sahiblənmə hüququ və sair yeniliklər əksini tapıb. Qanun layihəsi Azərbaycanda ilk dəfədir hazırlanır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Sosial sahədə Əliyev inqilabının növbəti mərhələsi: Minimum əmək haqqı 250 manata qaldırıldı, yüz minlərlə insanın maaşı 40 faiz artırıldı
18.06.2019
Penitensiar xidmətin və Tibb baş idarəsinin hərbi qulluqçularının və mülki işçilərinin maaşları artırılıb
18.06.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının maaşları artırılıd
18.06.2019
“Atam, anam və mən”
18.06.2019
MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info