“Birnəfərlik portallar” artıq anlayıblar ki, qara işlərinin, arzuolunmaz əməllərinin sonu yetişib”
Tarix: 18.11.2017 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Azər Həsrət: “Azərbaycan qanunvericiliyinə dəyişiklik edilsin, jurnalistika ilə bir araya sığmayan və jurnalistika adı altında fəaliyyət göstərən belə adamların bu sahə ilə məşğul olunması yasaqlansın”

Kütləvi İnformasiya Vasitələrinin (KİV) daim inkişafda olması üçün dövlət əlindən gələni edir, media orqanlarının aktiv fəaliyyəti üçün əlverişli şərait yaradılır və ölkədə söz və mətbuat azadlığı tam şəkildə təmin olunur. Çox təəssüf ki, zaman-zaman söz və mətbuat azadlığından yararlanaraq, sözün həqiqi mənasında, KİV üçün qara ləkəyə çevrilən bəzi dırnaqarası media qurumları meydana çıxır. Bu cür hallar, əslində, dünyanın hər yerində mövcuddur və onlarla mübarizə üsulları isə fərqli formada aparılır. Azərbaycanda isə belə media qurumları, ilk növbədə cəmiyyətin qınağına rast gəlir, onları “reket jurnalistika”sı ilə məşğul olanlar kimi çağırırlar. Dövlət isə belə media mənsublarının qanunsuz fəaliyyətləri meydana çıxdıqca onlarla qanun çərçivəsində mübarizə aparır. Həmçinin bu istiqamətdə Mətbuat Şurasının da gördüyü müsbət işlər qeyd edilməlidir. Təsadüfi deyil ki, son zamanlar gündəmdə olan məsələlərdən biri olan “reket jurnalistikası” ilə aktiv mübarizə aparan qurumlardan biri elə məhz Mətbuat Şurasıdır. Məsələnin ən çox təəssüf doğuran tərəfi isə odur ki, jurnalistika adına iddia edən “reketlər”, əvvəllər bir-iki nəfərin buraxdığı qəzetlərə sahib idilərsə, indi bu adamların bir çox saytları da meydana çıxmağa başlayıb. Yəni əvvəllər “reketçiliyi” daha çox çap mətbuatına aid edirdilərsə artıq “reket saytlar”, hətta “reket internet televiziyası” da meydana çıxıb. Həmin şəxslər bir kamera, kompüter və modem alaraq, hətta öz evlərində təkbaşına redaksiya yaradır, öz portallarını idarə edirlər. Əlbəttə ki, bunların heç birinin jurnalistikaya dəxli yoxdur. Çünki bu cür saytlar çox vaxt şər, böhtan xarakterli yazılar yazır, sifarişli məqalələr dərc edir, hətta yeri gələndə təhqirlərə də yol açırlar. Ortaya hansısa araşdırma, reportaj kimi yazılar qoya bilməyən bu adamların qarşısını alan Mətbuat Şurası onlardan şikayətlər gəldikcə belə “birnəfərlik saytlar”ın adını qara siyahıya salır. Amma çifayda! Həmin şəxslər bir il, beş ay sonra yenidən başqa adla sayt açaraq öz ampluasında qalırlar... Hər halda, belə portal və şəxslərin qarşısı alınmalıdır. Əslində, məlum qara siyahıların da bu cür yolda olan və özlərini, fəaliyyətlərini jurnalistikaya aid hesab edənlərlə mübarizədə xeyli faydası oldu. Elə görünür bu səbəbdəndir ki, onlar son zamanlar məhz Mətbuat Şurasının özünü də hədəfə aldılar. Qısası, indiki halda qara siyahıların tətbiq olunması nəinki müsbət haldır, hətta belə çap mətbuatından portallara keçərək jurnalistika adına ləkə yaxan şəxslərlə yeni metodlarla da mübarizə aparılmalıdır. Çünki belə şəxslərin, portalların fəaliyyəti ümumi jurnalistikaya mənfi təsir göstərir.

Məsələ ilə bağlı “Palitra”ya danışan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Azər Həsrət deyir ki, “birnəfərlik saytlar”ın son günlərdə yenidən aktivləşməsinin bir sıra səbəbləri var. Onların fəaliyyətlərində qaranlıq məqamlar isə çoxdur: “Öncə onu deyim ki, belə şəxslərin Mətbuat Şurasını qaralaması və orada təmsil olunanları gözdən salmağa çalışması-qurumun üzvləri ilə bağlı ayrı-ayrılıqda kampaniya aparmaları onların son çırpıntılarıdır. Çünki Mətbuat Şurası bir neçə gün öncə çox sərt açıqlama verdi və bu açıqlamaya qədər on vebsaytın qara siyahıya salınması ilə bağlı bəyanat yaydı. Həmin şəxslər və onlara yaxın olan bəzi “birnəfərlik portallar” çox aqressivləşdilər və artıq anladılar ki, qara işlərinin, arzuolunmaz əməllərinin sonu yetişib. Ona görə də qəzəbli bir şəkildə Mətbuat Şurasını gözdən salmağa çalışırlar və bu qurumu qaralayıblar. Amma bu adamlar bir şeyi unudurlar ki, Azərbaycan hüquqi dövlətdir və bu ölkədə kimisə gözdən salmaq, qaralamaq və hansısa qurumla bağlı bu cür kampaniya aparmaq cavabsız qalmayacaq. Biz bu məsələ ilə bağlı Mətbuat Şurasının üzvləri arasında da və ümumilikdə ictimai rəydə fikirlərimizi ortaya qoymuşuq. Mövqeyimiz və məqsədimiz bundan ibarətdir ki, Azərbaycanın aidiyyəti dövlət qurumları həmin şəxslərlə bağlı konkret tədbir görməlidir”.
Azər Həsrət deyir ki, adi portal açıb gecə-gündüz heç bir peşəkarlığa sığmayan yazılarla qarayaxma kampaniyaları aparan belə adamların əməlləri jurnalistika hadisəsi deyil. Onlar, sadəcə, jurnalistikadan, ölkədə olan söz və mətbuat azadlığından sui-istifadə edirlər: “Aidiyyəti qurumlar belə adamlarla bağlı tədbirlər görməli, jurnalistikadan sui-istifadəyə uyğun da cəzalar verilmədir. Necə ki, hansısa bir ağır qəzaya görə sürücünü qanunlarımızla sürücülük hüququndan və ya hansısa bir məmuru cinayətinə, vəzifəsindən sui-istifadə hallarına görə vəzifə tutmaqdan məhrum edirik, eləcə də jurnalistikadan sui-istifadə edən və bu sahənin gözdən salınmasına çalışan adamların bu sahədən uzaqlaşdırılması üçün qanunlar qəbul edilməlidir. Yəni şəxsən mənim təklifim bundan ibarətdir ki, Azərbaycan qanunvericiliyinə dəyişiklik edilsin, jurnalistika ilə bir araya sığmayan və jurnalistika adı altında fəaliyyət göstərən belə adamların bu sahə ilə məşğul olunması yasaqlansın. Bu konkret bir müddətə də, ömürlük də ola bilər. Təbii ki, bu cəza onun törətdiyi əməlin ağırlığından asılı olmalıdır. Biz bu təklifi artıq səsləndirmişik və ümid edirəm ki, Milli Məclis, eləcə də müvafiq dövlət qurumları təklifimizə müsbət cavab verəcəklər. Amma bu təkliflərin nəzərə alınmasına qədər həmin adamların əməlləri cavabsız qalmamalıdır. Çünki bu cür fəaliyyət konkret cinayət əməlləridir və bu fəaliyyətlərlə bağlı da hüquq-mühafizə orqanları addımlar atmalıdır”.
Azər Həsrət onu da vurğuladı ki, əslində, belə reketliklə məşğul olanların ifşa olunması çox asandır: “Yəni, bilirsiniz ki, bir qayda olaraq bu reket dediyimiz jurnalistlərin var-dövləti başlarından aşır. Mindiyi avtomobillər baha olur, oturduqları ofislərin dəyəri də yüksək olur. Ümumiyyətlə, bu cür şəxslərin bir qayda olaraq villaları da olur. Yəni bütün bunların özü də şübhə doğurur. Mənim kimi stajlı jurnalistin bu adda heç nəyi olmadığı halda, jurnalistikadan xəbəri olmayan adamların hər şeyi olur. Ona görə də daha bir təklifimiz budur ki, dövlət onların mal varlığı, əmlakları ilə bağlı da araşdırma aparsın. Bu varidatın hansı yollarla əldə edilməsi aşkarlansın. Onda bəlli olacaq ki, həmin şəxslər mülkləri kimlərisə şantaj yolu ilə, qaralama kampaniyası aparmaq və təhdid etməklə əldə ediblər. Bunlar da onların daha bir cinayətinin sübut olunması üçün fakt olacaq. Düşünürəm ki, hüquq-mühafizə orqanlarının bu tip adamlarla bağlı görəcəyi işlər çoxdur və biz də ictimaiyyət olaraq atılacaq hər addımın arxasında duracayıq”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info