Azərbaycanda multikulturalizm modeli
Tarix: 18.11.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil. Hər bir şəxs həm öz mədəniyyətinin, həm də dünya mədəniyyətinin təmsilçisidir. Bir dövlət ərazisində yaşayan çoxlu sayda xalqlar elə dünya mədəniyyətinin həmin dövlətdə kiçik bir mədəni modelini formalaşdırır. Multikulturalizm xalqlarda mədəni və dini tolerantlılığı yaradır. Mədəniyyət bir obyekt olaraq insanların fəlsəfi düşüncə ifadəsidir və bu nöqteyi-nəzərdən, özündə kompleks xarakterli ümumiləşmiş ifadələri əks etdirir. Multikulturalizm xalqın və dövlətin dünyəviliyini təmin edir və xalqın, millətin, dövlətin dünyada tanıdılmasını həyata keçirir. Multikulturalizm dünyanın əksər xalqlarından ibarət olan bütövü yaradır və ümummədəniyyət müstəvisini meydana gətirir. Bu da fərdin beynəlmiləlləşməsini təmin edir, xalqların mədəni bütövlüyünü meydana gətirir. Burada milli mədəniyyətin inkişafını digər mədəni çalarlar hesabına təmin edir. Azərbaycanımızı – doğma məmləkətimizi əsl sivilizasiya və tolerantlıq mərkəzi kimi dünyaya tanıtmaqda keçirilən tədbirlərin, layihələrin rolu böyükdür. İlk dəfə olaraq 1971-ci ildə Kanada öz daxilindəki etno-mədəni müxtəlifliyi qorumaq və uğurla idarə etmək məqsədilə rəsmi şəkildə alternativ bir siyasi xətt elan etdi. Kanada rəsmən “Multikulturalizm” siyasətini dövlət siyasəti elan edərək, bununla bağlı hüquqi bazanı formalaşdırmağa başladı. Daha sonralar isə digər Qərb dövlətləri də bu uğurlu siyasət modelini öz ölkələrində tətbiq etməyə başladılar. Multikulturalizm sözün hərfi mənasında “çoxmədəniyyətlilik” anlamına gəlir. Multikulturalizm siyasəti dedikdə isə bir dövlətin sərhədləri çərçivəsində müxtəlif mədəniyyətlərin qorunması, inkişafı və təbliğinə yönəlmiş humanist və demokratik dövlət siyasəti nəzərdə tutulur. Bir dövlətin müxtəlif fərqli mədəniyyətlərin daşıyıcısı olan etno-mədəni qrupları və dini konfessiyaları özündə birləşdirməsi həmin cəmiyyəti multikultural edirmi? Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda mədəni müxtəlifliyini qorunması üçün milli azlıqlar və dini qruplarla bağlı çoxlu sayda normativ hüquqi aktlar qəbul olundu. Ümummilli lider Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunun əsasını qoydu və apardığı islahatlarla ölkədə tarixən mövcud olan etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsini təmin etdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin siyasi iradəsi Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa olunmasını təmin edib. Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi: "Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır". "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq". Ulu öndər Heydər Əliyev bununla, ilk növbədə multikulturalizm modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya göstərmişdi. Qeyd edək ki, hazırkı çətin dövrdə ölkəmizdə multikulturalizm dövlət siyasətinə çevrilib. Multikulturalizm dəyərləri olmayan məkanda, ayrı-seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər yaranır ki, bu da bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür. Multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla inkişaf etdirilir. Ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir. Ölkə başçısı müxtəlif tədbirlərdə, irimiqyaslı beynəlxalq toplantılarda çıxışı zamanı mütləq multikulturalizm məsələsinə yer ayırır və bunun vacibliyini vurğulayır. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə deyib: "Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə, haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda "Multikulturalizm İli" elan olunur". Dövlətimizin başçısının 2016-cı ili Azərbaycanda "Multikulturalizm İli" elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır. Təsadüfi deyil ki, dövlət başçısının qərarı ilə 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliğinə böyük töhfələr bəxş edir. Parisdə keçirilən "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda çıxış edən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini bildirib. Mehriban xanım Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini vurğulayıb. Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür: “Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. “Multikulturalizm” sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik”. İl ərzində ölkəmizdə yaşayan milli azlıqların hüquq və azadlıqlarının dövlət təminatı, dövlət-din münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməsi, Azərbaycan multikulturalizminin dövlət siyasəti kimi ölkə daxilində və xaricdə təbliği, multikultural ənənələrin qorunması və müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı üçün dövlətimiz ardıcıl olaraq ideoloji-siyasi, həmçinin praktik fəaliyyət göstərdi.

Yusif Quliyev
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər Kadrların Yenidən Hazırlanması fakültəsinin Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə I kurs magistri




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info