“Əsərlərimdə vətənpərvərlik mövzuları aydın şəkildə əks olunur”
Tarix: 15.05.2013 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Qafar Sarıvəlli: “Möhtəşəm Bakını kətan üzərində yaratsaydım,
əsərin adını “Mənim Bakım” qoyardım”

Qafar Sarıvəlli 1956-cı ildə Azərbaycanın Qazax bölgəsində anadan olub. Orta təhsilini 1963-1973-cü illərdə alıb. Q. Sarıvəlli 1980-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-2005-ci illərdə fərdi sərgiləri keçirilib. Rəssamın əsərləri muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.
Aprel ayının 30-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Qazax şəhərinin Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Qafar Sarıvəllinin fərdi sərgisi keçirildi. Sərgi rəssamın üçüncü fərdi sərgisidir. Sərgidə Qazax RİH-nin başçısı Ayaz Əsgərov, ombudsman Elmira Süleymanova, incəsənət xadimləri, şairlər Barat Vüsal, Bilal Qoca, Tofiq Saleh, Şöhrət Cəlal, şair-dramaturq Fuad Babanlı, rəssamlar Məmməd Dəmirçioğlu, Nəcməddin Hüseynov, Səyyad Məmmədov, heykəltəraş Ramiz Qaya və başqaları iştirak edirdilər.
Sərginin açılışını Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova edib. Sərgidə ön söz söyləyən Münəvvər xanım rəssam Qafar Sarıvəllinin yaradıcılığına, rəssamın əsərlərinin mahiyyətinə olan fikirlərini gələn qonaqlarla bölüşüb. Sonra qalereyanın direktoru Münəvvər xanım Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun sərgiyə göndərdiyi təbrik məktubunu sərgi iştirakçılarına çatdırdı. Sonra rəssamın rəsm əsərlərinin sərgisi izlənilib.
Rəssamın “Səhər”, “Natürmort”, “Günəş Şərqdən doğur”, “Nar müqəddəsliyi”, “Sevgi”, “Mübarizə”, “Ayrılıq”, “Göyəzən dağı”, “Sıldırım”, “Qobustan”, “İncə Dərəsi”, “Meşə”, “Kür qırağı”, “Payız”, “Mənzərə”, “Dalğalar”, “Azadlıq işığı”, “Soyqırım”, “Muğam aləmi”, “Qaçaq Kərəm”, “Yurda bağlı ömür”, “Siluet”, “Zurnaçı”, “Aktrisa” və başqa düşündürücü əsərləri sərgidə göz oxşayıb.
Rəssamın sərgilənən əsərlərində sanki rənglərin ahəngliyi insan daxilindəki əzəməti bildirirdi. Rəssamlıq incəsənət aləmində bir başqa anlam ifadə edir. Çünki bir varlığı kətan üzərinə köçürmək və möhtəşəm rənglərlə onu ifadə etmək, şübhəsiz ki, Tanrının biz insanlara bəxş etdiyi ülvi bir nemətdir. Rəssamın sərgisi bir aydan çox davam edəcək.
Yaradıcılığı ilə əlaqədar Qafar müəllimlə həmsöhbət olduq. Müsahibəmizi oxuculara təqdim edirik.
- Qafar müəllim, bu yaxınlarda sizin üçüncü fərdi sərginiz keçirildi. Həmin rəsm əsərləri hansı hisslərinizin əksidir?
- Bir şeyi dəqiqliklə açıqlamaq istəyirəm. Azərbaycan Rəssamlar İttifaqının üzvü olduğuma görə onların xətti ilə olan sərgiləri öz fərdi sərgimiz adlandırırıq. Amma əslində mənim ilk fərdi sərgim 1973-cü ildə Qazax şəhər Mədəniyyət Evinin foyesində olub. Hətta mənə oradan fəxri fərman da verilib. O dövrdə fəxri fərman böyük mükafat sayılırdı. Orta təhsili başa vurduqdan sonra Bakıya gəldim və Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil oldum. İki illik hərbi müddətdən sonra təhsilimi davam etdirdim. İnsan bu dünyaya gəldiyi gündən arzularla yaşayır. Mənim də uşaqlıqdan arzum rəssam olmaq idi. Orta məktəbdə “Mən kim olmaq istəyirəm?” mövzusunda inşa yazanda, mən birmənalı şəkildə rəssam olmaq istədiyimi yazırdım. Hətta Azərbaycanın və dünyanın tanınmış rəssamlarına bənzəmək istəyirdim. Beləliklə, arzum çin oldu. Həm rəssamlıq məktəbini bitirdim, həm də Rəssamlar İttifaqının üzvü oldum. Ümumittifaq məkanında, Moskvada, Ukraynada, Zaqafqaziyada, Bakının bir sıra müəssisələrində-Bakı Dövlət Universitetində, Bakı Slavyan Universitetində mənim fərdi sərgim keçirilib. Amma Azərbaycan Rəssamlar İttifaqının xətti ilə bu, mənim Qazax rayon Dövlət Rəsm Qalereyasında keçirilən üçüncü fərdi sərgimdir. Sərgidə təxminən əlliyə yaxın rəngkarlıq əsərləri nümayiş olundu. Bu qırx il əvvəl Qazax şəhərində sərgisi keçirilən balaca Qafarın arzusu idi. Qırx ildən sonra Bakı kimi paytaxtda formalaşan, rəssamlarla çiyin-çiyinə çalışan, ümumittifaq miqyasında müsabiqələrdə diplomlar alan Qafar Sarıvəlli doğulduğu Qazax torpağına tanınmış bir rəssam kimi geri qayıtdı. Təbii ki, sərgi keçirmək ilk baxışdan heç də asan iş deyil. Bu işdə mənə dəstək olan Milli Məclisin üzvü, dostum, professor Əhməd Vəliyevə xüsusi təşəkkürümü bildirirəm. Bununla bərabər, Qazax rayon rəhbərliyinə, Qazax Rəsm Qalereyasının direktoruna və qalereyanın bütün kollektivinə minnətdarlığımı bildirirəm. Çünki sərgi gözlədiyimdən də artıq səviyyədə keçdi. Hazırda da sərgi davam edir.
- Sərgidə nümayiş olunan əsərlərinizdə hansı fikirlərinizi qeyd etmisiniz?
- Burada əsərlər rəngarəngdir, məsələn, natürmortlar, mənzərələr, siyasi plakatlar, vətənpərvərlik mövzuları var. Əsasən məndə romantizm cərəyanıdır. Bu haqda sənətşünaslar daha dəqiq fikir bildirə bilərlər. Bu bəlkə də məndən asılı deyil, amma bütün əsərlərimdə vətənpərvərlik mövzuları aydın şəkildə əks olunur. Hər hansı bir mövzuda işləyəndə istər natürmort, istər mənzərə, istər siyasi plakat olsun, qismən də olsa, vətənpərvərlik mövzusuna toxunuram.
- Əsərlərinizin arasında dahi Məhəmmədhüseyn Şəhriyarın portreti diqqətimdən yayınmadı. Çünki bəzi rəssamlar qrafika ilə işləyirlər, amma üz cizgilərini çəkə bilmirlər. Lakin siz Şəhriyarı olduğu kimi yaratmısınız... Səbəb?
- Əslində mən rəssamlığa qrafika ilə gəlmişəm. Mən deyərdim onlarla deyil, yüzlərlə qrafik əsərlərim olub. Hətta hansısa xarici ölkəyə, məsələn, Ukraynaya, Belarusa, Gürcüstana, Özbəkistana səfər etdiyim zaman özümlə kağız, qələm, tuş, pero aparırdım və naturadan rəsm çəkməyi çox xoşlayırdım. Neçə-neçə şairlərin, dramaturqların kitablarına illüstrasiyalar çəkmişəm. Yüzdən çox kitaba tərtibat vermişəm. Təbii ki, hər bir azərbaycanlı kimi, mən də Vətənimi sevirəm və Vətənimə bağlıyam. Amma Azərbaycandan da başqa sevdiyim bir məkan varsa, o da Ukraynada yerləşən Lvov şəhəridir. Düzü bilmirəm, bəlkə də küçələri İçərişəhəri xatırladır ona görə. Mən dəfələrlə Lvov şəhərində olmuşam və şəhərin rəsmini qrafika əsasında işləmişəm. Əsərlərimdə iyirmiyə yaxın naturadan qrafik lövhələr işləmişəm. Onlar da sərgilərimdə həmişə nümayiş olunub və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
- Bakı şəhərimiz çox dəyişib, müasirləşib. 70-ci, 80-ci illərin Bakısından iz qalmayıb. Əsərlərinizin arasında da “Qədim Bakı” xüsusiilə seçilir. Bəs bu gün necə, müasir Bakını da kətan üzərinə köçürmək gözəl əsər kimi alınmazmı?
- Hər halda keçmiş dövrü nostalji deyilən hisslərlə yaşayırıq. 70-ci illərin, 80-ci illərin Bakısında yaşayan sakin hesab edirəm özümü, artıq 40 ildir ki, Bakı şəhərində yaşayıram. Nə qədər müasirlik olsa belə, yenilik naminə, müasirlik naminə heç vaxt keçmişimi unutmamışam. Müasir Bakını çəksəm də, yenə də sintez edərdim Köhnə Bakıyla. Belə bir əsər yaradardım. Təkcə bugünkü Bakını çəkməzdim, 60-cı illərdə, 70-ci illərdə gördüyüm Bakı ilə hökmən əlaqələndirərək sintez edərdim.
- Möhtəşəm Bakını kətan üzərində yaratsaydınız, əsərinizə hansı adı verərdiniz?
-Yəqin ki, “Mənim Bakım” deyərdim. Açıqlaması da mənə aid olan Bakı anlamını ifadə edərdi. Başqa ikinci adı düşünmürəm.
- Rəng çalarları insanı özünə xüsusi cəlb edir. Bəs siz çalışdığınız zaman hansı rəng çalarlarına üstünlük verirsiniz?
- Az öncə qeyd etdiyim kimi rəssamlığa qrafika ilə gəlmişəm. Qrafikada da ən çox ağ və qara rənglərdən istifadə olunur. Amma rəssam yaşadıqca, dünyanı dərk etdikcə görür ki, dünyanın rəngləri ağ və qara rənglərdən ibarət deyil. Ağ və qara rənglər arasında milyonlarla rəng çaları var. Son illərdə mən artıq sırf rəngkarlıqla məşğul oluram. Mən demirəm ki, yaratdığım rəsm əsərlərindən tam razıyam. Allah hər kəsə ömür versin, ola bilsin, 5 il keçsin, 10 il keçsin, mən yaratdığım əsərlərə bir daha baxdığım zaman düşünərdim ki, mən onu belə çəkərdim. Mən indi anlayıram ki, Azərbaycanın bayrağında olan rənglər əsərlərimdə daha çox üstünlük təşkil edir. Bəzən bunu bilərəkdən edirəm, bəzən də bilməyərəkdən.
- Gənc rəssamların düşüncə tərzi sizi qane edirmi?
- Bəli. Mən tez-tez sərgilərə gedirəm. Ümumiyyətlə, sərgilərə getməyi sevirəm. İstər Bakıda, istərsə də ölkəmizdən kənarda hökmən muzeylərə və qalereyalara gedirəm. Azərbaycan gəncləri isə məni çox qane edir. Çünki Azərbaycanda çox istedadlı gənclər yetişir.
- Deyirlər ki, əsgərin gücü silahıdır. Bəs siz gözəl mənzərə görsəniz və yanınızda rəssamlıq silahınız olmasa, o gözəlliyi hara və necə köçürərdiniz?
- Belə hallar bütün yaradıcı insanların həyatında olur. O cümlədən mənim həyatımda da çox olub. Azərbaycanımın çox bölgələrini gəzmişəm. Gədəbəy, Siyəzən, Xızı dağları, Lənkəran bölgəsi, yadıma düşənləri deyirəm. Söyləyirsiniz ki, hara köçürərdim. Palitra yox, kətan yox. Amma belə hal yaradıcı insanlar üçün çox asandır. Gördüyün gözəlliyi ürəyinin bir parçasına köçürürsən və emalatxanana qayıdana qədər o fikirlə yaşayırsan. Sonra gördüyün gözəlliyi kətan üzərinə köçürürsən. Belə rəsm əsərlərim çoxluq təşkil edir. Məsələn, Gədəbəy rayonunda daha çox oluram. Elə vaxt olub ki, məndə nə kağız, nə karandaş olub. Nə də ki, fotoaparat. Amma mən hər zaman gördüyüm gözəllikləri ürəyimə çəkirəm.
Bizim Azərbaycanımızın yaralı yeri var. Bu, yara, əlbəttə ki, Qarabağdır. Mən hər məclisdə bir nüansı qeyd edirəm ki, gün o gün olsun ki, mən Azərbaycanı bütöv çəkim. Poeziyanı çox sevirəm. Yüzlərlə şeiri əzbər bilirəm. Ona görə bu mövzuya həmişə qayıdanda xüsusi olaraq vurğulayıram:
Nəyim var xalqımın xidmətindədir,
Ürəyim qələbə həsrətindədir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info