Akademik Möhsün Nağısoy: “Dilimizin daxili imkanları hesabına yeni sözlər yaratmalıyıq ”
Tarix: 21.11.2017 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Nağısoylu Möhsün Zellabdin oğlu 1 sentyabr 1946-cı ildə Şərur rayonunun Xok kəndində anadan olub. Orta təhsilini həmin kənddə aldıqdan sonra 1963-cü ildə indiki BDU-nun Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsinə daxil olub və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. M.Z.Nağısoylu 1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə əsəri “Şühədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik və 1994-cü ildə “XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Onun “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti”(Bakı, 2000), “M.Füzulinin “Hədiqətüs-süəda”əsəri”(Bakı, 2002), “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (Bakı, 2003), “Şirazinin “Gülşəni-raz” tərcüməsi” (Bakı, 2004), “Əhmədinin “Əsrarnamə” tərcüməsi” (Bakı, 2005), “Həzininin “Hədisi-ərbəin” tərcüməsi” (Bakı, 2008) kitabları milli Azərbaycan humanitar elminin inkşafında mühüm rol oynayıb, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Bir sıra Beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış edib və məqalələri Tehran, Kabil, Sankt-Peterburq, İrəvan, Ankara, Konya şəhərlərində nəşr olunan elmi toplularda çapdan çıxıb. Tərtibçisi olduğu “Nizami. İncilər” kitabı Türkiyədə, “Farsca əlyazmalar kataloqu” kitabı isə İranda nəşr olunub. Abituriyentlər üçün “Azərbaycan dili” (1999), “Ədəbiyyat” (2000), “Azərbaycan dili və ədəbiyyat” (2003) dərs vəsaitlərinin də müəllifi, M.Füzulinin “Hədiqətüs-süəda” (1993), M.Nəsirinin “Lisanüt-teyr” (2000), “Şeyx Səfi təzkirəsi” (2006) əsərlərini tərtib və çap edənlərdən biridir. 2015-ci ildən Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışır.

- Əvvəlcə Azərbaycan dilçiliyinin müasir vəziyyəti haqqında danışardız.
- Azərbaycan dilçiliyi Sovetlər zamanı böyük bir inkişaf dövrü keçərək uğur və nailiyyətlər qazanıb. Ötən əsrdə Azərbaycan dilinin 3 cildlik elmi qrammatikası nəşr olunub. Həmçinin Azərbaycan dilinin izahlı lüğəti və bir sıra lüğətlər hazırlanıb. Bu gün də həmin ənənə davam edir. Hal-hazırda qarşımızda duran mühüm vəzifələrdən biri də Azərbaycan dilinin izahlı lüğətinin təkmilləşdirilmiş nəşrini hazırlamaqdır. Bununla yanaşı, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Azərbaycan dilinin orfoqrafiya lüğəti yenidən hazırlanacaq. Bu dəfə orfoqrafiya lüğəti geniş müzakirələrdən sonra nəşr olunacaq. Orfoqrafiya lüğətinin daha təkmil olması üçün Orfoqrafiya Komissiyası da yaranır. Bu komissiyaya akademik Akif Əlizadə rəhbərlik edəcək və buraya AYB, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və başqa qurumlar cəlb olunacaq. Məqsəd əsərin çapdan sonrakı dövründə nöqsanların olmamasıdır.
Bizim institutda 12 şöbə var. Müasir Azərbaycan dili, Azərbaycan dilinin tarixi, Azərbaycan dilinin dialektologiyası, Tətbiqi dilçilik, Hind-Avropa dilləri, Qədim dillər və mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Monitorinq, Kompüter dilçiliyi, Terminologiya, Nəzəri dilçilik və Türk dilləri şöbələri institutumuzda fəaliyyət göstərir. Bu şöbələrin hər birində müasir elmin nailiyyətləri əsasında elmi-tədqiqat işləri aparılır.
Bilirsiz ki, qədim zamanlar dilimizdə, xüsusilə də şair və yazıçıların əsərlərində çoxlu qədim türk sözləri işlədilib. Siz Nəsiminin əsərlərinə müraciət etsəniz, orada müasir dilimiz üçün arxaikləşmiş sözlərin olduğunu görərsiz. Rəhbərlik elədiyim Ədəbi dil tarixi şöbəsində “Arxaikləşmiş əski Azərbayacan sözlər lüğəti” kitabı çapa hazırlanır. Bizim “Kitabi-Dədə Qorqud”da, Nəsiminin, Füzulinin dilində çoxlu arxaikləşmiş söz var.
Bu gün dilin zənginləşdirilməsi haqqında danışırlar. Dilin zənginləşdirilməsi başqa türk dillərindən söz almaq, klassik ədəbiyyatımızda işlədilən sözləri diriltmək və arxaikləşmiş sözləri canladırmaq deməkdir. Bizdə bu sahədə geniş təcrübə var. Məsələn, hərbi sahədə işlədilən gizir, taqım, çavuş sözləri.
Dilimizin daxili imkanları hesabına yeni sözlər yaratmalıyıq. Bizdə ayrıca Terminologiya Komissiyası var və sədr müavini professor Sayalı Sadıqovadır. Bu yaxınlarda layihə kimi bir neçə söz ictimaiyyətin müzakirəsinə verilib. Bu addım təqdirəlayiqdir. Biz milli sözlərimizə üstünlük verməliyik.
Ulu öndərimiz Heydər Əliyev hər zaman deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Ulu öndərimiz hər zaman dilimizə qayğı göstərib. Prezident İlham Əliyev də Azərbaycan dilinin saflığının qorunması istiqamətində mühüm işlərə imza atır. Dilimizin saflığının qorunmasında, ədəbi dilin təkmilləşdirilməsində Dövlət Proqramının mühüm rolu var.
- Telekanallarda aparıcıların məişət dilində danışmaları zamanı dil normaları pozulur. Buna münasibətinizi bilmək istərdik.
- Ədəbi dil hamının ünsiyyətinə xidmət edən dildir. Hərə öz dialektində, məişət üslubunda danışsa, heç kəs bir-birini başa düşməz. Bu zaman həm də dilimizə hörmətsizlik olar. Telekanallarda bu problemlərə tez-tez rast gəlirik. Biz artıq istəyirik ki, dilin normalarının pozulmasının qarşısını almaq üçün başqa ölkələrdə olduğu kimi, inzibati cəza tədbirləri görək və bunun faydası da olacaq. Dil xalqın sərvəti, varlığıdır. Dil, hətta vətənlə eyni məna yükünü daşıyan sözdür. Buna görə də insan vətənini sevdiyi, qoruduğu kimi, dilini də qorumalı və sevməlidir. Buna görə də dilə qarşı məsuliyyətsizlik göstərənlərə, normaları pozanlara, ədəbi dildə danışmayanlara qarşı inzibati cəza tədbirləri görülməlidir. Baxın, mağazaların adlarının bir çoxu xarici adlardır. Buna yol vermək olmaz. Çox zaman əcnəbipərəstliyə yol veririk.
Dilimizə beynəlmiləl sözlər də daxil olur. Biz bunu hazır şəkildə qəbul edirik. Məsələn, metro, televizor, multikulturalizm və s. sözləri olduğu kimi qəbul edirik. Bunları dəyişdirməyə lüzum yoxdur. Amma yeni bir söz daxil olursa və onun qarşılığını yaratmaq mümkündürsə, niyə də yaratmayaq. Dilini, vətənini sevən şəxs özünə hörmət edir. Özünə hörmət edən şəxs bunlara sahib çıxmalıdır.
- Bu gün Azərbaycan dilinə xarici ədəbiyyatın tərcüməsi prosesi gedir. Bu tərcümə prosesi sizi qane edirmi?
- Tərcümə çətin bir prosesdir. Tərcüməyə ədəbiyyatın ayrıca bir qolu kimi baxıblar. Tərcüməçi, gərək hər iki dili mükəmməl bilsin. Bilməsə, ciddi nöqsanlar olacaq. Məsələn, Səməd Vurğun iki ilə Puşkinin “Yevgeni Onegin” əsərini tərcümə edib. Şair bu tərcüməyə canını qoyub. Həmin əsəri oxuyarkən Səməd Vurğunun ruhu duyulur. Baxmayaraq ki, əsər Puşkinindir. Tərcüməçi sənəti yaradıcı olmağı tələb edir. Tərcümə əsərlərini ən məşhur savadlı şəxslər aparmalıdırlar. Düşünürəm ki, tərcümə birbaşa orijinaldan aparılmalıdır. Bu baxımdan ölkəmizdə, həqiqətən, böyük işlər görülür.
- Bildiyimiz kimi, Azərbaycan coğrafiyası uzun müddət İran coğrafiyasının tərkibində olub. Maraqlıdır ki, həmin dövrdə fars dilində yazan ədəbiyyatçılarımızın əsərləri öz dilimizə çevrilibmi?
- M.Şəhriyarın ədəbi yaradıcılığının böyük hissəsi fars dilindədir. Bunun əksəriyyəti də tərcümə olunub. Şəhriyarın 4 cildik kitabı var. Bunun 3 cildi fars, 1 cildi Azərbaycan dilindədir. Yəni həmin şəxsləri qınamaq olmaz. Çünki onların ana dilində təhsilləri olmayıb. Bunu, həmçinin orta əsrlər üçün də demək olar. Məsələn, Füzuli, Xətai, Nəsimi üç dildə yazıb. Hətta bizim Zülfiqar Şirvani adlı şairimiz də olub. Özünün yazdığına görə 5 dildə şeir yazıb. Həmin dövrdə fars, ərəb, türk dillərində şeirlər çox yazılırdı. Şairlər dövrün tələbinə görə həmin dillərdə yazıblar. Müasir dövrdə də bu proses gedir. Çingiz Aytmatov və Çingiz Abdullayev də rus dilində əsərlər yazırlar. Bu baxımdan, həmin dövr ziyalılarını qınamaq olmaz. Həm də fars dili həmin dövrdə şeir, poeziya dili sayılıb, ərəb dili isə elm dili hesab edilib.
- Şah Xətai hakimiyyətə gəldikdən sonra Azərbaycan dili dövlət dili oldu. Bu hadisədən sonra Azərbaycan dilinin (yəni türk dilinin) inkişafı üçün tədqiqat yönümlü əsərlər yazıldımı?
- Təəssüf ki, həmin dövr üçün tədqiqat yönümlü əsərlər yazılmayıb. Ancaq lüğətlərimiz yaranırdı.
- Texnikanın inkişaf etdiyi bir dövrdəyik. Hal-hazırda sosial şəbəkələrdən geniş istifadə olunur. Müasir gənclik isə daha qısa danışmağa üstünlük verir və bu da onların gələcək inkişafına mənfi təsir göstərir...
- Bəli, yaşadığımız dövr internet dövrüdür. İndiki gənclər məktub yazmaq əvəzinə, bir-birlərinə ismarıclar göndərirlər. Böyük bir bəla da onların kitab oxumamalarıdır. Düşünürəm ki, bu istiqamətdə də maarifçilik işini gücləndirmək lazımdır.
- Müasir türk dillərinin bir-birinə yaxınlaşması prosesi hansı səviyyədədir?
- Hələlik bu prosesi qənaətbəxş saymaq olmaz. Amma bu sahədə müəyyən işlər görülür. Məsələn, bizim türk və qazax həmkarlarımızla bu barədə danışıqlarımız olub, müqavilələrimiz, birgə layihələrimiz var. İnşallah, yaxın gələcəkdə bunlar öz səmərəsini verəcək.

Söhbəti qələmə aldı:
Mahmud Əyyub




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info