“İnternetdə şəxsi təhqir və böhtan atmağa görə cəza tətbiqi müsbət nəticə verəcək”
Tarix: 15.05.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Milli Məclisin iclasında Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, internetdə, xəbər portallarında da şəxsi təhqir və böhtan atmağa görə cəzalar tətbiq ediləcək. Məlum olduğu kimi, bu gün ənənəvi yazılı mətbuat artıq öz yerini yeni mediaya, internet portallarına verməkdədir. Bundan başqa, insanların virtual aləmdə kütləvi şəkildə toplaşdığı sosial şəbəkələr də yeni media və informasiya vasitəsi kimi qəbul edilir və getdikcə daha kütləvi şəkildə istifadə edilməkdədir. Bütün bunlar isə təbii ki, yazılı medianın qeyd edilən yeni media vasitələrinə daşınması deməkdir. Bu baxımdan indiyə qədər ənənəvi yazılı medianın, mətbuatın təhqir və böhtana, şərəf və ləyaqətin alçaldılmasına görə daşıdığı məsuliyyətin eyni zamanda da yeni mediaya aid olması və bunun qanunla tənzimlənməsi məntiqdən və zərurətdən irəli gələn məsələdir. Bu baxımdan Azərbaycanda da internetdə təhqir və böhtanlara görə cəzaların tətbiq edilməsinin qanuni əsaslarla tənzimlənməsi birinci növbədə, hüquqi dövlətçilik baxımından müsbət qəbul edilməlidir. Eyni zamanda da, qanunvericilikdə bu məsələ ilə bağlı dəyişikliklərin edilməsi internetdə sözügedən sahədə vəziyyətin müsbət məcrada tənzimlənməsinə səbəb olacaq.
Mövzu ilə bağlı suallarımıza Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət cavab verir.
- İnternetdə böhtan və təhqirə görə cəzalar tətbiq ediləcək. Bununla bağlı qanunvericiliyə dəyişiklik edildi. Bu məsələni necə qiymətləndirirsiniz?
- Mən bu məsələ ilə bağlı xüsusi narahatlıq keçirmirəm. Rahatsız olduğum tək şey odur ki, insanların təhqir edilməsi, böhtanlara məruz qalması internet üzərində o qədər geniş yayılıb ki, dövlətimiz, sadəcə məcbur olub qanuna belə bir dəyişiklik edir. Tərbiyəsi, əxlaqı yerində olan heç bir insanımız bundan rahatsız olmamalıdır. Çünki dəyişikliklər yalnız o şəxsləri rahatsız edə bilər ki, onlar virtual aləmdə kimi gəldi, açıq şəkildə təhqir etməkdən, ünvanına böhtanlar yağdırmaqdan çəkinmirlər. Şəxsən mən bu dəyişikliklə bağlı heç bir narahatlıq keçirmirəm.
- Bu məsələ ilə bağlı dünya praktikası barədə fikirlərinizi bilmək istərdik.
- Dünya praktikasında, əslində, bu məsələlər ümumi qanunvericilik qaydasında tənzimlənir. Əsasən aparıcı ölkələrdə durum belədir. Ancaq məsələ ondadır ki, təhqir və böhtana görə ağır cəzalar hər bir ölkədə var və həmin cəzalar tətbiq edildiyi zaman heç kim hay-küy salmır. ABŞ kimi demokratiyanın beşiyi olduğunu iddia edən bir dövlətdə belə, bəzən ən varlı iş adamları başqaları haqqında dedikləri böhtana, təhqirə görə ümumiyyətlə, müflis olur, yüksək sosial statusuna baxmayaraq cəza olaraq küçə süpürəcək qədər ictimai işlərə belə cəlb edilir. Və buna görə kimsə ABŞ-ı qeyri-demokratik ölkə adlandırmır.
- Qanuna edilmiş bu dəyişiklikdən sonra sözügedən sahədə vəziyyətin necə olacağını düşünürsünüz?
- Bir qayda olaraq hər bir toplumda insanlar iki kateqoriyaya ayrılır: qanunlarla idarə olunmağa alışanlar və qanunlar olmasa belə, əxlaq və qəbul edilmiş normalar çərçivəsində yaşayanlar. Şəxsən mən ikinci kateqoriyaya aidəm və insanlarımız mənim kimi olsa, əslində, bu cür qanunlara da ehtiyac olmaz. Ancaq təəssüflər olsun ki, bizim cəmiyyətdə, xüsusən də sovetlərin inzibati-amirlik rejimindən çıxıb azadlıq əldə etmiş bir xalq olaraq, hər şeyin yolverilən olduğunu düşünməyə meyilli insanlar çoxdur. Ona görə də bəzən tənqidlərə məruz qalsaq da bu cür qanunlar qəbul etməli oluruq. Bu baxımdan deyə bilərəm ki, dəyişikliklər müsbət nəticə verəcək. Bənzər hal yol hərəkəti pozuntuları ilə bağlı da olmuşdu. Yadınızdadırsa, cərimələrin məbləği az olduğu zaman qayda pozuntularına meyil daha çox idi. Amma indiki müşahidələr göstərir ki, sürücülərin əksəriyyəti yol hərəkəti qaydalarını pozmamağa çalışır. Bu baxımdan internetdən istifadə edənlər də cəzanın ağır ola biləcəyini göz önünə gətirərək daha məsuliyyətli davranacaqlar. Hər halda, mənim qənaətim belədir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info